Ana Sayfa > Karusel > Əli Hüseynov: “Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin müəllifi olduğu strategiya üzrə davam edir”

Əli Hüseynov: “Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin müəllifi olduğu strategiya üzrə davam edir”


4-05-2021, 14:36. Yazar: sevinc1
Əli Hüseynov: “Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin müəllifi olduğu strategiya üzrə davam edir”

Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ilk dəfə respublikanın rəhbərliyinə gəlişi ilə Azərbaycan gerilikdən və tənəzzüldən xilas oldu. Kənd təsərrüfatının, sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi. Təbii ki, həmin dövr Azərbaycanın səhiyyə sistemi üçün də intibah dövrü oldu. Məhz 60-cı illərininin sonu - 70-ci illərin əvvəllərində, ulu öndərin hakimiyyətə gəldiyi dövrdən Azərbaycan səhiyyəsində ciddi inkişaf dövrü başlandı.

1969-cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyuldu və respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü dərhal və aydın şəkildə göstərdi. 1969-cu ilin dekabrında Heydər Əliyevin təşəbbüsü ilə Ali Sovet gələcək nailiyyətlərin bünövrəsində duran “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.

Bundan sonra köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir cihaz və avadanlıqlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatından keçirilməsi və digər mühüm istiqamətlərdə tədbirlərə kütləvi start verildi. 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri, müasir səhiyyə obyektləri inşa olundu. Təkcə uşaq poliklinikalarının sayı 1970-1975-ci illərdə 150-dən 185-ə çatdırıldı. Həmin dövrdə nəzərə çarpan problemlərdən biri də yüksək ixtisaslı, peşəkar tibbi kadrların defisiti ilə bağlı idi. Müasir səhiyyə müəssisələri isə müvafiq yüksək səviyyəli kadr potensialının olmasını tələb edirdi. Həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı.

Əlbəttə ki, tibbi kadrların kəmiyyət artımı ilə yanaşı, onların keyfiyyəti də böyük əhəmiyyət daşıyırdı. Səhiyyənin inkişafında əsas amillərdən biri olan kadrların təkmilləşməsi sahəsində bir-biri ilə qarşılıqlı surətdə bağlı olan iki məsələ, səhiyyə müəssisələrində çalışacaq yüksək ixtisaslı tibb personalının və təbabət sahəsində elmi tədqiqatlar aparacaq gənc alimlərin hazırlığı qarşıda vəzifə kimi dururdu. Bu məqsədlə həm Bakıda ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm SSRİ-nin qabaqcıl tibb təhsili müəssisələrində həkim kadrlarının hazırlığına, həm də tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə böyük əhəmiyyət verilirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edən həmin insanlar sonralar tibb elmimizin fəxri kimi, səhiyyəmizin inkişafına dəyərli töhfələr verdilər.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində tibbin demək olar bütün sahələr üzrə aparıcı mütəxəssislərinin Bakıda keçirilən qurultay və konfransları yüksək hazırlıqlı tibbi kadrların imkanlarını və qabiliyyətlərini səfərbər etmək məqsədi daşıyırdı. Ümumittifaq tədbirlərin respublikamızın paytaxtında keçirilməsinin elmi-praktik əhəmiyyəti ilə yanaşı, həm də siyasi mənası var idi. Bakı İttifaq miqyaslı elmi mərkəzə, tibb alimlərinin ənənəvi görüş yerinə çevrilmişdi.

Müstəqilliyimizin ilk illəri məlum hadisələr səbəbindən əlbəttə ki, səhiyyə sahəsinin də geriləməsi ilə səciyyələnmiş oldu. Xalqımızın 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində müstəqillik uğrunda apardığı mübarizə, SSRİ-nin dağılması və bununla bağlı iqtisadi tənəzzül səhiyyəmiz üçün də izsiz ötüşməmişdi. Bir tərəfdən də müharibə, Ermənistanın etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkün ordusunun olması yenicə müstəqillik qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş bir ölkədə səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzaladığı bir sıra fərman və sərəncamlar, bu sahədə həyata keçirdiyi islahatlar səhiyyənin qısa müddət ərzində yenidən dirçəlməsi və dinamik inkişaf mərhələsinə qədəm qoyması üçün əsaslı baza yaratdı. Belə ki, ümummilli liderin 1998-ci il tarixli Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Bütün bunlarla yanaşı, səhiyyə sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət ayrıldı. 1994-cü ildən başlayaraq, Respublika Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi şöbələr yaradıldı. 1993-2003-cü illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.

Ulu öndərin siyasi kursu bu gün bütün sahələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Möhtərəm Prezidentimizin rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir. Dövlət başçısının ölkənin səhiyyə sisteminə göstərdiyi diqqət və qayğı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı önəmli addımlar da ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin ən bariz və parlaq təzahürüdür.

Əli Hüseynov
Ağsu rayon Mərkəzi Xəstaxanasının baş həkimi,
YAP Ağsu rayon təşkilatının sədri

Geri dön