Ana Sayfa > Gündəm > Araz Babayev: “Əbədiyaşar Liderin ideyaları Azərbaycanı hər gün yeni zəfərlərə doğru aparır”
Araz Babayev: “Əbədiyaşar Liderin ideyaları Azərbaycanı hər gün yeni zəfərlərə doğru aparır”4-05-2021, 12:30. Yazar: sevinc1 |
![]() Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Bu əlamətdar gün Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən xüsusi əhəmiyyətli tarixi bir hadisədir. Ümummilli lider Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən Azərbaycanı miras qoymuşdur. Bu gün Ulu öndər aramızda olmasa da, Azərbaycanın xilaskar oğlunun yaratdığı dövlətçilik və azərbaycançılıq fəlsəfəsi hər gün bizim gələcəyə gedən yolumuzu işıqlandırır. XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı təzahürüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur. Heydər Əliyev bütün daxili, regional və beynəlxalq faktorları nəzərə alaraq Azərbaycanın təkrarsız milli inkişaf modelini yaratmış və məhz bu milli inkişaf modeli əsasında ölkəmiz dönməz inkişaf yoluna qədəm qoymuşdur. Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycanın milli inkişaf modeli Heydər Əliyev irsinin ən qiymətli elementlərindəndir. Üç fərqli tarixi mərhələ - bir mükəmməl idarəçilik Ulu öndər Heydər Əliyev fenomeninin unikal cəhətlərindən biri də budur ki, bu dahi şəxsiyyət bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə: sovet rejimi dönəmində, təlatümlü keçid dövründə və müstəqillik illərində eyni siyasi qətiyyətlə ölkəyə rəhbərlik etmiş və hər üç mərhələdə möhtəşəm siyasi uğurlara imza atmışdır. Ulu öndər hələ sovet dönəmində Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmışdı. Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişmiş, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işlərinə start verilmişdi. Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar tikilmiş, nəhəng yaşayış massivləri salınmış, bir çox sosial layihələr həyata keçirilmişdi. Ulu öndər Heydər Əliyevin çoşqun fəaliyyəti sayəsində Azərbaycan istər sosial-iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında öncül mövqelərə çıxmışdı. Bu tarixi faktın özü bizim hazırkı müstəqilliyimizin 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılan iqtisadi və mənəvi potensialdan qaynaqlandığını göstərir. Təsadüfi deyil ki, birmənalı olaraq bütün tarixçilər bu illəri Azərbaycan Respublikasının dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər. Həmin dövrdə ulu öndərin keçmiş ittifaq və dünya miqyasında qazandığı hörmət və nüfuz Azərbaycan xalqı üçün misilsiz iftixar mənbəyi idi. 1982-ci ildə Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilir, bir qədər sonra isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunur. Ulu öndərin SSRİ-nin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün böyük fürsət idi. Belə ki, Heydər Əliyev İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Bir çox çətin məsələlər məhz həmin illərdə həll olundu. Lakin ulu öndərin milli dirçəliş fəlsəfi konsepsiyası tam həcmdə əlbəttə ki, yalnız müstəqil Azərbaycanda həyata keçə bilərdi. Möhtəşəm qayıdış Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Ulu öndər bu qayıdışı ilə dövlətimizi və xalqımızı parçalanmaqdan və müstəmləkəyə çevrilməkdən xilas etdi. Bununla da ulu öndər Heydər Əliyev həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı etibarlı şəkildə alındı. Ölkə sülh, stabillik, dirçəliş və dinamik inkişaf fazasına daxil oldu. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması sayəsində Azərbaycanın müstəqilliyini möhkəmləndirən əsaslar yaradıldı. Ölkədə çevik, mütərəqqi və demokratik elementlərlə zəngin idarəetmənin əsasını qoymaqla, ümummilli lider Heydər Əliyev hərtərəfli inkişafa, mökəm dövlətçiliyə sarsılmaz zəmin hazırlamış oldu. Məhz ulu öndərin hazırladığı bu zəmin əsasında Azərbaycan bu gün də öz inkişafının ən uca məqamlarını davamlı olaraq fəth edir, regional güc və təhlükəsizlik mərkəzinə çevrilir. Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin qorunub saxlanılması, ona istinad edilməsi qlobal müstəvidə Azərbaycan Respublikasının nüfuzunun, şöhrətinin və etibarının durmadan artmasını şərtləndirir. Azərbaycanda ordu quruculuğu Heydər Əliyevin adı ilə sıx bağlıdır Məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini daim diqqət mərkəzində saxladı. Hələ sovet dönəmində ulu öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər. Ordu faktoru hər bir dövlətin daxili və xarici siyasətinin effektivliyini özündə əks etdirir. Dövlətin və cəmiyyətin orduya münasibəti həmin dövlətin öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. Ordu faktorunun rolu isə bilavasitə onun döyüş qabiliyyətindən asılıdır. Bu gün Azərbaycan Ordusu döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, sözün əsl mənasında, fəxr edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Qələbə Azərbaycanda Heydər Əliyev ideyalarının bu gün də yaşadığının, Heydər Əliyev siyasətinin bu gün də uğurla davam etdirildiynin ən bariz göstərisidir. Azərbaycan xalqı öz xilaskar oğlunun əziz xatirəsini əbədi olaraq qəlbində yaşadacaq! Araz Babayev, 4 saylı Maliyyə Hesablaşma Mərkəzini rəisi Geri dön |