Ana Sayfa > Ölkə > Bayram Hacıyev: Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasəti bu gün Azərbaycanda uğurla davam etdirilir
Bayram Hacıyev: Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasəti bu gün Azərbaycanda uğurla davam etdirilir3-05-2021, 12:00. Yazar: sevinc1 |
![]() Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və həssaslıqla yanaşmış, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaratmışdır. Məhz ulu öndər Heydər Əliyevin respublikamızın təhsil sisteminə olan xüsusi diqqət və qayğısının nəticəsi olaraq, 1969-1982-ci illərdə Azərbaycanda o dövr üçün rekord sayda məktəb binaları tikilərək istifadəyə verilib. Müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk gündən ölkədə sürətli iqtisadi inkişafın təmin edilməsini, respublikamızın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi qarşısına qoyan ulu öndər Heydər Əliyev ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil sisteminin daim təkmilləşməsinə yönəldilmiş diqqət və qayğısı Sovetlər İttifaqı dönəmində də özünü bariz şəkildə göstərirdi. Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə də bu məsələni hər zaman diqqət mərkəzində saxlamış, və təhsil sahəsində ciddi islahatların keçirilməsinə nail olmuşdur. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Həmçinin ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır. Ulu öndər Heydər Əliyevin istər Azərbaycan KP MK-nın birinci katibi olduğu 1969-1982-ci illərdə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli təhsilimizin inkişafı yönümündə həyata keçirdiyi əhatəli tədbirlər, bu sahədə atdığı məqsədyönlü addımlar ölkənin müasir təhsil sisteminin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir Azərbaycan təhsilinin ən mühüm inkişaf mərhələləri birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət və qayğı göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz paylanıb. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu, təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Ulu öndər 1999-cu il iyunun 15-də – Milli Qurtuluş Günündə Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi və islahatların əsas məqsədini müəyyən etdi. Bu məqsəd Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmasından ibarət idi. Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq üçün isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu gün Azərbaycanda bütün sahələrdə ulu öndərimizin daxili və xarici siyasəti, iqtisadi və sosial sahələr üçün müəyyən etdiyi strateji istiqamətlər möhtərəm Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inamlı şəkildə davam etdirilir. Məhz bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, son illərdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də elm və təhsil sahəsində möhtəşəm nailiyyətlər əldə edə bilib. Əminliklə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti bu gün Azərbaycanda uğurla davam etdirilir. Bayram Hacıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Geri dön |