Ana Sayfa > Siyasət > Rauf Əliyev: Fransanın dövlət rəsmilərinin Ermənistana dəstək ifadə edən bəyanatları qəbuledilməzdir

Rauf Əliyev: Fransanın dövlət rəsmilərinin Ermənistana dəstək ifadə edən bəyanatları qəbuledilməzdir


3-05-2021, 14:27. Yazar: sevinc1
Rauf Əliyev: Fransanın dövlət rəsmilərinin Ermənistana dəstək ifadə edən bəyanatları qəbuledilməzdir

“Fransanın bir dövlət kimi tarix boyu erməniləri, Ermənistanı dəstəkləməsi hamıya məlumdur. ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətlərindən biri olan Fransa həmişə Ermənistanı dəstəkləmişdir. Fransa bu ədalətsiz mövqeyini 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə daha açıq-aşkar nümayiş etdirir. Fransanın dövlət rəsmiləri tərəfindən Azzərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana dəstək verən bəyanat və açıqlamalar verilmiş, parlament səviyyəsində qərarlar qəbul edilmişdir. Həmsədr ölkə kimi Fransanın bu ədalətsiz, qeyri-obyektiv mövqeyi haqlı olaraq, Azərbaycan cəmiyyətində onun həmsədr dövlət kimi tərəfsizliyinə inamsızlıq yaratmışdır. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Fransa dövlətinin işğalşı və təcavüzkar bir ölkə olan Ermənistanı dəstəkləməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə srtategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi müvafiq sənədlər üzrə Fransanın üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, Azərbaycan ictimayyətinin və dövlətinin ciddi etirazlarına baxmayaraq, 25 noyabr 2020-ci il tarixdə Fransa Senatı “ Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” qətnamə qəbul etmişdir. Bundan bir neçə gün sonra 3 dekabr 2020-ci il tarixdə Fransa Milli Assambleyası “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni təsdiq etmişdir. 2020-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatında Dağlıq Qarabağın tanınmasını təklif edən qətnamə qəbul edilməsinə etiraz olaraq bəyənat qəbul etmişdir. Fransanın qərəzli, qeyri-obyektiv mövqeyi ilə əlaqədar Azərbaycan cəmiyyətində etiraz doğuran bu məsələlər müxtəlif vaitələrlə Fransanın müvafiq rəsmi qurumlarına çatdırılmışdır.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın münasibətləri normallaşdırmaq təşəbbüsünə baxmayaraq, Fransanın dövlət rəsmiləri ölkəmizlə münasibətlərə ciddi zərbə vuran bəyanatlar verməkdə davam edirlər. Belə ki, aprelin 24-də Ermənistanda səfərdə olan Fransa Senatının sədri Jerar Larşe Senatın “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını” təklif edən qətnaməni xatırlayaraq Azərbaycanda saxlanılan “hərbi əsirlər”in dərhal, qeyri-şərtsiz qaytarılmasını və azad olunmuş ərazilərdə “erməni tarixi-mədəni irsinin məhv edilməsi”nə son qoyulmasını tələb etdiklərini bildirmişdir. Fransa rəsmi dairələrinin və rəsmilərinin qərəzli, qeyri obyektiv , həmsədr dövlət kimi tərəfsizlik prinsipinə məhəl qoymadan bu cür bəyanatlar, sənədlər qəbul etmələri qəbuledilməzdir və bir daha göstərir ki Fransa artıq bundan sonra həmsədr misiyasını yerinə yetirə bilməz.

AİA.Az
Geri dön