Ana Sayfa > Yazar1 > Köç

Köç


3-05-2021, 09:24. Yazar: sevinc1
Köç


(hekayə)

Köç yaylağa hazırlaşırdı. Çobanlar və sağıcılar bütün hazırlıq işlərini görmüşdülər. Onlar sabah səhər dan yeri ağaranda yola çıxacaqdılar. Mehdinin atası yaylağa gedənlərə rəhbərlik edəcəkdi. Mehdi ondan xahiş etdi ki, onu da özü ilə yaylağa aparsın. Ata razılaşmadı. Mehdiyə dedi ki, sən hələ balacasan, əgər anan da getsəydi aparardım. Yaylaqda mənim başım qarışıq olacaq, sənə diqqət yetirə bilməyəcəyəm. Bir az da böyü, sonra mütləq səni yaylağa apararam, mənə də kömək edərsən.

Mehdi gecə səhərə kimi yatmadı. Çox istəyirdi ki, atası ilə birgə o da yaylağa getsin. Səhər açıldı, ana hazırladığı bağlamanı ataya verdi. Ata da bağlamanı heybəyə yığdı. Sonra ailə üzvləri ilə sağollaşıb, ayağını üzəngiyə qoyub atın belinə sıçradı. Ata bir qamçı vurub köçə qoşuldu. Mehdi göz yaşlarını saxlaya bilmirdi. Elə bil ürəyi atası ilə birgə yaylağa getdi . Dama çıxıb köçün dalınca xeyli baxdı, gözlərinin yaşını sildi, qarşısına məqsəd qoydu ki, mütləq yaylağa gedəcək.

Köç yavaş – yavaş yaylağa doğru irəliləyirdi. Ata atın üstündə qabaqda gedirdi. Çünki yolu hamıdan yaxşı o tanıyırdı. Qarşıda sıldırımlı yollar və dərin dərələr vardı. Yola bələd olmasan hamını məhv etmək olardı. Hava dumanlı olduğundan yolu azmamaq üçün kərək yolu – izi tanıyasan. Bir neçə metr qabağı görmək olmurdu. Çox gecikmək də olmazdı. Gərək axşama kimi yaylağa çatıb yerləşəsən. Mehdinin atasının bütün diqqəti köçdə idi. Təki sağ – salamat gedib yurda çatsınlar.

Ata Mehdini gətirmədiyinə görə ürəyində peşmançılıq keçirirdi. Bilirdi ki, Mehdi bir şeyi ürəkdən istəyəndə gərək onu yerinə yetirəsən. Yoxsa Mehdi öz istəyini necə olsa da özü yerinə yetirməyə çalışacaq. Oğlu çox qoçaq və cəsarətli bir uşaq idi. Yaşının az olmasına baxmayaraq, dostları arasında boyuna görə də fərqlənirdi.

Mehdi bir az gözlədi. Köç təpəni aşıb gözdən itdi. Evə girdi. Gizlincə torbaya bir az pendir, bir az da çörək , bir bardaq da su qoyub evin yan tərəfinə açılan pəncərədən çölə atıldı. Anası görməsin deyə dərəyə endi. Dərəyuxarı bir xeyli gedib, sonra atasının getdiyi yola çıxdı.
Mehdiyə belə gəlirdi ki, tezliklə atasıgilə çatacaq. Atası da onun xətrinə dəyməyəcək, onu özü ilə dağa aparacaq. Mehdi yolun ucundan tutub tələsik gedirdi ki, köçə çata bilsin. O, yalın başına qalxdı. Buradan sonra dərəyə doğru uzun bir yol enirdi. Dərəyə düşəndən sonra dağa doğru qalxan çığırla getmək lazım idi.

Mehdi yaylaqda bir dəfə də olmamışdı. Elə atasının danışdıqlarına görə yolu təxmin edirdi. Atası yaylaqdan o qədər maraqlı şeylər danışmışdı ki, Mehdinin o məkanları görmək istəyi günü – gündən güclənmişdi. İndi isə arzusuna çatmağa az qalıb. Axşama yaylağa çatacaq.

Meşə yoluna girəndə hiss etdi ki, çox yorulub. Yolun kənarındakı qoz ağacının altında oturub kürəyini onun gövdəsinə söykədi. Torbasını açıb bir az pendir – çörək yedi. Sonra ağzını bardağa dirəyib su içdi. Mehdini yuxu necə apardısa heç özünün də xəbəri olmadı. Gözlərini açanda axşamın düşməyinə az qalmışdı. Canına üşütmə düşdü, bir an özünü itirdi. Müəllimi deyirdi ki, heç vaxt təslim olmaq olmaz. Əgər oturub ağılla düşünsən, hər çətinlikdən çıxış yolu var. Bu sözləri xatırlayanda təskinlik tapdı. Onsuz da olan olmuşdu. O, geri qayıtmağı heç ağlına da gətirmirdi. Duman olmasaydı yolu tutub getmək asan olardı.

Atası danışmışdı ki, onların düşdüyü yaylaqda qayalığın başında bir mağara var. Mağara o qədər böyükdür ki, hətta uzaqdan belə görünür. Mağaraya dolanbac yollarla dırmaşmalısan. Ürəyində niyyət tutan adamlar bura gəlir. İnanclara görə kim mağaraya gedib çata bilmirsə, qayadan yıxılıb ölürsə, deməli günah sahibidir. Əgər mağaraya dırmaşa bilsən, bu hələ hər şey demək deyil. Onun içərisindəki damcılayan yeri tapıb damcıların altında dayanmalısan. Əgər bura gəlib çıxa bilmisənsə də, damcılar sənin başına düşməsə , deməli niyyətin təmiz deyil, baş tutmayacaq.

Mehdi ətrafı nəzərdən keçirdi. Yaxınlıqda hündür bir ulas ağacı vardı. Tez ağaca dırmaşıb dağa tərəf boylandı. Həqiqətən də dağın zirvəsində qara bir nöqtəyə bənzər dairə görünürdü. Deməli atası bu istiqamətdə gedib. O, yolun ucundan tutub bacardığı qədər sürətlə dərəyə doğru enməyə başladı.
Ata anaya tapşırmışdı ki, Mehdiyə göz olsun. Uşaqdır, qanmaz, onun arxasınca getməyə çalışar. Mehdi dostları arasında kəndin məharətli futbolçusu sayılırdı. İdmanın karate növü ilə də məşğul olurdu. Həm də tez – tez uşaqlarla kəndin qarşısındakı düzənlikdə futbol oynayırdılar. Ananın başı yır – yığışa qarışmışdı. Uzaqdan da futbol oynayan uşaqların səsi gəlirdi. Ana zənn edirdi ki, Mehdi də dostları ilə birlikdədir.
Futbol oynayan uşaqların səsi kəsildi. Mehdidən isə xəbər yox idi. Birdən elə bil ananın ürəyi qırılıb yerə düşdü. Tez qonşuya qaçıb, uşaqlardan Mehdini soruşdu. Heç kim onu gördüyünü demədi. Ana başıalovlu bütün kəndi ələk – fələk elədi. “ Mehdini gördüm”- deyən olmadı. Kənd camaatı da narahat olmağa başladı. Adamlar düşündü ki, Mehdinin atası yaylağa gedibsə, deməli uşaq da onun dalınca getmiş olacaq.

Kəndin yaylağı tanıyan adamlarından iki kişi ata minib Mehdinin dalınca onu axtarmağa getdi. “Uşaq yolu azıb qurda – quşa yem olar”- deyə onu guman gələn yerlərdə axtarmaq lazım idi.

Mehdi dərəyə doğru cığırla xeyli endi. Bura dik eniş idi. Mehdi yıxılmasın deyə kollardan tuta – tuta aşağı enirdi. Birdən şürüşüb iki daşın arasına düşdü. Bağlaması da əlindən çıxıb dəyəyə diyirləndi. Mehdi həyəcan içində idi. Səhv etdiyini anlayırdı. İndi əsas məsələ buradan çıxmaq idi. Qışqırsın, kim eşidəcək ki, səsini? Deməli gümanı özünə qalmışdı.

-Sən bacaracaqsan Mehdi, təslim olmayacaqsan, sakit ol, düşün!

Diqqətlə ətrafı müşahidə etdi. Gördü ki, sağ tərəfdən ona tərəf böyürtkən kolları sallanıb. Ehtiyatla əlini uzadıb bir təhər koldan tudu. Bir əli ilə koldan tutub, bir əli ilə dırnaqlarını daşa dirədi. Yoxladı, kol deyəsən möhkəm idi. Asta – asta yuxarı dırmaşdı. Birtəhər yarıqdan çıxa bildi. Sağ əli qan içində idi. Dərəyə düşüb, əllərini və üzünü yudu, ovuclarını buz kimi su ilə doldurub doyunca içdi. Su çəffaf olduğundan təxminən 150 – 200 qram ağırlığında olan kiçik, qırmızı, xallı alabalıqları onun içərisində aydınca görünürdü. Mehdi nə qədər çalışdısa balıqlardan tuta bilmədi. Ayaqqabılarını çıxarıb, şalvarının balaqlarını qatladı. Suya girdi, ayaqqabısının tayı ilə bir neçə balığı kənara tulladı. Sonra sudan çıxıb ayaqqabısını üzü aşağı koldan asdı. Balıqları çiy yeyə bilmirdi. Çarə axtarmağa başladı. Eşitmişdi ki, şaxmaq daşlarını bir – birinə sürtəndə qığılcım verir. Ətrafı axtardı, deyəsən bəxti gətirmişdi. Kol - kosun quru yerlərini qoparıb, çır – çırpıdan da üstünə yığdı. Sonra daşları bir – birinə sürtdü. Daşdan qopan qığılcımlar oçağı alovlandırdı. Əllərini ocağa tərəf utub isindi. İki iri daş götürüb ocağın ətrafına söykədi. Balıqları çubuğa taxıb daşların üstünə qoydu. Ləzzətli şam yeməyi alınmışdı. Mehdidə özünə inam bir az da artdı. Artıq hava qaralmışdı. Deməli burada gecələməli olacaq. İndi əsas məsələ yatmağa yer tapmaq idi. Kösövü götürüb dərəni gəzməyə başladı.

Yenə bir anlıq peşmançılıq hissi onu bürüdü. “Yox, Mehdi, təslim olmaq olmaz, axı kənddə hamı səni cəsarətli oğlan bilir”- düşüncələri ona güc verdi. Baxıb gördü ki, dərənin döşündə dağdağan ağacıı var. Eşitmişdi ki, dağdağan ağacı möhkəm gövdəli olur. Sağa tərəf gedib, dərənin döşündəki dağdağan ağacına çıxdı. Budaqların arasında yerini rahatladı. Nazik budaqları özünə tərəf əyib birtəhər belinə sarıdı ki, yıxılmasın. Gecə keçdikcə hava daha da soyuyurdu. Ayaqqabısı yaxşı qurumamıdı deyə bir az da çox üşüyürdü. Birdən meşənin dərinliyindən bağırtı səsləri eşidildi. Mehdi bu səslərin ayının, yoxsa maralların səs olduğunu ayırd etmək üçün diqqətlə dinlədi. Səslər getdikcə yaxınlaşırdı. Deyəsən ayı idi, maralı qovurdu. Mehdinin canına üşütmə düşdü. Sonra boğuq və xırıltılı səs gəldi. Bu səslər yavaş – yavaş iniltiyə çerilib kəsildi. Bir azdan çaqqalların ulartısı eşidildi. Deyəsən ayı maral ovlamışdı. Görünür qan iyi duyan çaqqallar ayının ətrafına toplaşıb ovu onun əlindən almağa çalışırdılar. Mehdi sevindi. Deməli o, sağ – salamat səhərə çıxa biləcək. Sonra bayquşların vahiməli səsi meşəni başına götürdü. Mehdi qocalardan eşitmişdi ki, bayquşların ulaması pis tərəfə yozulur. Yenə də özünə təskinlik verdi. Bir qədər keçdikdən sonra ətrafa sakitlik çökdü. Mehdi ağacın budaqlarına sığınaraq mürgüləməyə başladı.

Bir gözü aşıq, bir gözü yumulu səhəri açdı. Artıq dan yeri ağarırdı. Yola çıxmaq olardı. O, ağacdan düşüb dağa doğru dırmaşmağa başladı. Yol dik idi və qayaların arasından keçməli olacaqdı. Yavaş – yavaş yaylağa doğru irəliləyirdi. Bir qədər getdikdən sonra yolayrıcına çıxdı. İndi əsas məsələ yolu düzgün seçmək idi. Əgər yolu səhv seçsə, dağlarda azıb qurda – quşa yem olacaqdı.

Mehdi sağdakı yolu tutdu. Bir az getdikdən sonra qayalığa çıxdı. Dar çığır düz qayalığın ortasından keçirdi. Sıldırım qayalığın lap aşağısından dağ çayı köpüklənə - köpüklənə, sürətlə axıb gedirdi. Çay çox dərin olmasa da bir uşağı aparacaq dərəcədə gücə malik idi. Mehdi diqqətlə çığırı nəzərdən keçirdi və belə qərara gəldi ki, gərək çığırdan geçərkən aşağı yox, ancaq önə baxsın.

Çığırı keçməmişdən öncə oturdu, yenə xəyalı onu məktəbə apardı:

-Əgər həyatının çətin anlarında, hətta bataqlığa batsan belə, bütün bu çətinliklərin sonunda, səni gözləyən Günəşi görməsən, onun işığını, istisini hiss etməsən batacaqsan, məhv olacaqsan – müəllimi deyirdi.

Mehdi ayağa qalxdı və inamla çığırı keçməyə başladı. Mehdi xeyli getdi. Cığırın sonuna lap az qalmışdı. Bir azdan nisbətən geniş yola çıxacaqdı. Kəkliyin qəflətən, pırıltı ilə yuvadan uçuşu onu çaşdırdı, büdrədi və sürüşkən qayaların üstü ilə, daşlara çırpıla – çırpıla aşağı – çaya doğru diyirləndi.
“Ana” - deyə deyə qışqırdı. Mehdinin səsi dağlarda əks -səda verdi. Birdən bərkdən nəyəsə toxunub dayandı. Bir xeyli keçəndən sonra birtəhər gözlərini açdı, kolların arasında daşa ilişib qalmışdı. Bədəni gizildəyir, başı ağrıyırdı. Üz – gözü cırılmışdı. Birtəhər dikəlib oturdu. Aşağıdan çayın gurultusu aydında eşidilirdi.

“Nə edəcək, necə çıxacaq buradan”?

“Ağlamaq acizlikdir, ağlamaqla heç nəyə nail ola bilmərsən, mübarizə aparmağı bacarmalısan. Həyat acizləri sevmir, məhv edir” – müəlliminin sözləri idi.

Deməli sən bacaracaqsan, Mehdi, yaxşı – yaxşı düşün. Bəlkə çaya tullanım?

Əslində Mehdi bacarıqsız uşaq deyildi. O, karate idmanı üzrə yarışmalarda qızıl medala layiq görülmüşdü. Məktəbin və rayon İcra hakimiyyətinin saytında onun uğurları haqqında yazılar yerləşdirilmişdi. Dərs əlaçısı idi. Baxmayaraq ki, yaşıdları arasında əla idmançı sayılırdı. Amma öz gücünü idman meydançalarından başqa bir yerdə belə göstərməzdi. Ona görə də dostlarının və müəllimlərinin sevimlisi idi.

-Hə, indi bacarığını göstərməlisən, Mehdi. Ətrafı diqqətlə müşahidə et, çıxış yolu tap.

- Bəlkə, ziq – zaq bir tərzdə hərəkət edib, sıldırım yamacla yuxarı qalxa bilərəm? Yox, qayalar çox sərtdir, tutmağa da yer yoxdur, bacarmaram, mütləq haradansa sürüşüb çaya düşəcəm- düşünürdü.

Elə bu zaman Mehdi gördü ki, qayalığın başında bir bəbir ora – bura var – gəl edir. Mehdi bilirdi ki, bəbirin çox iti gözləri var. Yəqin onu görub. Ac heyvan indi onu parçalamaq barədə yollar axtarır. Hər şeyə hazır olmalı, eyni zamanda çalışıb özünü qorumalıdır.
-Qorxma, Mehdi, sən təslim olmamalısan. Elə bu vaxt ac vəhşi heyvan düz onun üstünə atıldı. Mehdi pişik cəldliyi ilə yerə sığındı. Vəhşi heyvan sürətə tab gətirə bilməyib, onun başı üzərindən, dərəyə yumalandı. Mehdi dikəlib, onun dalınca baxdı. Əsəbi vəhşi daşlara dəyib ölmüşdü. O, dərindən nəfəs aldı. - Bu xətadan da belə qurtardım.

Mehdi çayla öz arasında olan məsafəni gözü ilə təxmini hesabladıi. Gördü ki, elə qayalığın altında çayın qarşısını kəsən daşlar nəticəsində göləbənzər bir su hövzəsi də var. Mehdi özünü toparladı, çalışdı ki, düzgün istiqamət götürsün, var güçü ilə aşağı tullandı. Başıüstə suya düşdü. Çayın axarı ilə bir az üzdü. Münasib bir məqam tapıb kənara çıxdı. Xoşbəxtlikdən zədələnməmişdi. Dağ çayının buz kimi suyu onu bərk üşütmüşdü. Mehdi tir – tir əsirdi. Paltarlarını çıxarıb sıxdı, kolların üstünə sərdi. Ayaqqabılarını da ağacın budağından asdı. Açından qarnı belinə yapışmışdı. Yadına düşdü ki, kənddə bulaqların ətrafında su yarpızları bitir.

-Yəqin burada da olar. Mehdi çayın sahilini gəzməyə başladı, baldırğanları gördü, yığıb qabığını söydu. Ac olanda hər şey insana dadlı gəlir. Yeyib doydu, amma yenə də çox üşüyürdü.

- Birdən xəstələnsə necə olacaq, heç kəs onun yerini bilmir. Ümidlə bir də ətrafı gəzdi və gözünə kiçik bir çaxmaq daşı sataşdı. Onu vurub sındırdı. Çır – çırpı yığdı. Daşları bir – birinə sürtüb ocaq qaladı, oturub isindi, paltarlarını da qurutdu.

Elə təzəcə paltarlarını əyninə geyib daşın üzərində oturmuşdu ki, hiss etdi ki, elə bil oturduğu daş tərpənir, Kənara çəkildi, daşın altından sürüşüb çıxan gürzə, bir ilan cəldliyi ilə qıvrılıb onun üstünə atıldı.

Mehdi özünü itirmədi, arxaya sıçradı. Əlinə quru bir budaq götürüb, çəpəki, havadaca ilanın ortasından vurub çaya atdı. İndi tez bir zamanda yolu tapıb meşəni tərk etmək lazım idi. Mamır və şibyələrin ağacların, daşların şimal tərəfində bitdiyini, qarışqaların isə yuvalarını meşənin cənub hissəsində qurduğunu bilirdi. Mehdi ağacları və qarışqaları müşahidə etməli idi ki, qütbləri təyin edib, yola çıxa bilsin.
Qırmızı meşə qarışqaları çürümüş ağac qırıntılarını var gücləri ilə yuvalarına daşıyırdılar. Onların hərəkətini izləyib yuvalarını tapdı və hansı istiqamətə gedəcəyini dəqiqləşdirdi. Sonra ağacları da müşahidə edib yolun hansı tərəfdə olacağını müəyyən etdi.

Meşə öz füsunkar gözəlliyi ilə Mehdini ağuşuna almışdı. May ayı Mehdinin ən çox sevdiyi aydır. Hər tərəf yaşıllıq, gül – çiçək, quşların nəğməsi insanı valeh edirdi. Əslində ən böyük rəssam da elə təbiətin özüdür. Böyük rus şairi Vladimir Mayakovskinin bir şeiri yadına düşdü. Müəllimi həmişə vaxt tapdıqca onlara şeir deyirdi. Həm də elə emosiya , jest, mimika ilə söyləyirdi ki, uşaqlar valeh olurdu. O, deyirdi:

-Uşaqlar, kiçik yaşlarınızda qazandığınız biliklər daşa həkk olunan abidə kimidir. Həmişə yaddaşınızda qalacaq. Ona görə çalışın dəyərli şeirləri əzbərləyin. Bu həm sizin intellektinizin inkişafına təsir edəcək, həm də siz gələcəkdə maraqlı insan olacaqsınız:

Mən və qəlbim
heç bir vaxt
May ayına yetmədik.
Yaşadığım illərdə
Ancaq ki, aprellər var.

-Görəsən nədən V. Mayakovski aprel ayında intihar edib? Bu düşüncələrlə Mehdi kötükdən şıxan lalə rəngli göbələyə tamaşa edirdi:

-Allahım, bu kötükdə belə rəng haradandır görəsən? Eh, Mehdi, bu dünya sirlər dünyası, baş aça bilmərsən.

-Yox, elə deyil, müəllimi demişdi ki, hər sirrin arxasında bir elmi izahı var. Ona görə də elmlərə gərək dərindən yiyələnəsən.

Ağacın arxasından balaca tülküyə bənzəyən , uzun sifət və qalın quyruqlu dələ dayanıb ona baxırdı. Bədəni təxminən 50 sm, quyruğu isə 25 sm olardı. Ağzında ovladığı kiçik bir quşu bərk -bərk tutmuşdu. Elə bil kimsə ovunu onun əlindən alacaqdı. Mehdi dələyə bir az da yaxınlaşmaq istədi. Amma heyvan bir andaca ağacın ortasındakı yuvasına dırmaşıb gözdən itdi.
Payızdan tökülüb qalmış xəzəllərin içərisindən rəngbərəng meşəgülləri boylanırdı. Mehdi kənd uşaqları ilə bu güllərdən çox dərib yemişdi. İndi də dayana bilmədi. Əlini uzadıb güllərin ləçəklərini topladı və ağzına doldurdu. Qəribə kəmşirin dadı vardı.

aia.az
Mehdi bir cığıra rast gəli. – Əgər cığır varsa, deməli yaxınlıqda yaşayış məskəni də olacaq. Cığırı tutub getdi, cığırın kənarlarındakı maralotlarından birini qopardı. Marallar bu otu çox sevir, elə adı da oradan yaranıb yəqin. Bu meşələrdə marallara, cüyürlərə çox rast gələrsən. Bəlkə də bu otun bir başqa elmi adı da vardı. Amma Mehdigilin kəndində hamı onu belə adlandırırdı. Maralotudan yığıb əlində dəstələdi, yol gedə -gedə soyub zoğlarını yedi.
Mehdi yanılmamışdı. Bir azdan dar çığır onu enli yola çıxardı. Baxdı ki, uzaqdan yol toz – dumana bürünüb. Oturub gözlədi, bu başqa bir koç idi, yaylağa gedirdi.

Köçə başçılıq edən kişi Mehdinin atasının dostu idi. Onu görən kimi tanıdı. Uşağın dağ yolunun ortasında tək – tənha durması, üz – gözünün bu halı işin nə yerdə olduğundan xəbər verirdi.

-Narahat olma, bala, mən səni atana çatdıraram – dedi və onu qaldırıb atın tərkinə mindirdi.

Qoyun – quzu mələşir, çobanlar heyvanlar qayalardan uçub tələf olmasınlar deyə əllərində gələni edirdilər. Çoban itləri çobanlrın arxasınca tənbəl- tənbəl gedirdilər, hərdən çobanlara yanaşıb əl – ayaqlarını yalamağa çalışır, çobanlar da onlara heybəsindən çörək çıxarıb atırdılar.
Qarşıda çılpaq dağlar, bir – birini kəsib keçən dərin dərələr görünürdü. Bu dağların ən uca zirvəsi Xustub(3202 m.) zirvəsi idi. Bu yerlərin hər tərəfində özünə məxsus gözəllik vardı. Dağətəyi çəmənliklər, meşəli yamaclar, güneyli – quzeyli otlaqlar, kolluqlar, göz oxşayan vadilər, vadilərdən qalxıb dikələn təpələr bu yerlərin gözəlliyini daha da əsrarəngiz edirdi. Bu yerlərin təkrarsız təbiəti, bitkilər aləmi vardı. Lap qədim zamanlardan səyyah və tədqiqatçılar bu yerləri öyrənməyə çalışmışlar. Burada dağ və meşə torpaqları və alp çəmənlikləri diqqət çəkirdi. Bu yaylaqlar Zəngəzurun ən “yaşıl” yerləri sayılır. Dağ keçisi, vəhşi qoyun, canavar, ayı, qaban, bəbir, vaşaq, müxtəlif quş növləri bu dağların faunasını daha da zənginləşdirirdi.
Köç deyəsən yaylağa yaxınlaşırdı. Uzaqdan sıra ilə düşülmüş alaçıqlar aydınca görünürdü. Mehdinin ürəyi həyəcanla döyünməyə başladı. Görəsən atası onun bu hərəkətini necə qarşılayacaq?

Nəhayət, yaylağa yetişdilər. Burada uşaqlar da vardı. Onların şən səsi yaylağa yayılmışdı. Yəqin dağın təmiz havasından, suyundan uşaqların yanağı alma yanağı kimi qıpqırmızı idi.

Dağların başına duman ələnmişdi. Mehdi atdan düşdü. Kərim kişi onu sağıcılara tapşırıb sürüsünü və adamları rahatlamağa getdi. Sağıcılar Mehdini alaçığa aparıb qabağına pendir – çörək qoydular.

İçəridə yorğan – döşək küncdə üst – üstə yığılmışdı. Görünür çobanlar gecələr çoldə, sürünün yanında, elə yapınçılarının üstündə, alaçıqda isə qadınlar yatırdılar. Süd qazanları yan – yana düzülmüşdü. Kənarda pendir doldurulmuş motallar görünürdü.

Mehdi alaçıqdan çölə çıxdı. Axşam tərəfi idi. Qoyun – quzunun mələrtisi yaylağı bürümüşdü. Heyvanları yırtıçılardan, həm də oğrulardan qorumaq üçün çobanlar itlərinə yaxşı yemək verirdilər. Bir şey də Mehdinin diqqətini çəkdi ki, görünür baytarlar yaylağa gəlməkdən imtina etmişdilər. Ona görə gərək sürüyə elə baxasan ki, xəstələnməsin. Əgər heyvanlar xəstələnərsə, onları arana endirib baytara göstərmək lazım gələcəkdi.
Bunları atası ona danışmışdı. İndi isə öz gözləri ilə görürdü.

Atası ilə görüşü düşündükcə həyəcanlanırdı. Onu danlayacaq, bəlkə də elə sabah geriyə - kəndə göndərəcək, o da dostlarının yanımda utanacaq. Gördüyü işin peşmançılığını çəkəcək.

Ata gəldi, Mehdini görən kimi qucaqlayıb bağrına basdı. Mehdiyə belə gəldi ki, atası onu qoxlayır, oğlunun iyini duymağa çalışır. Ata nəmli gözlərini gizlətməyə çalışsa da, bu, Mehdinin nəzərindən yayınmadı:

-Yaylağa xoş gəlmisən, oğul bala! İndi yat, dincəl, sabah səni bütün yaylaqla tanış edəcəm – ata dedi.
Sən demə kənddə Mehdinin itməsi xəbəri ataya təzəcə çatıbmış. Yəqin ki, oğlunu itirmək qorxusu onu çox üzübmüş. Oğlunu axtarmaq üçün yola çıxacaqmış.

Mehdi sevinirdi...

Şəcahan Gün



Geri dön