Ana Sayfa > İqtisadiyyat > Kərim Babayevin bazarları bağlandı, minlərlə ticarətçi etiraza qalxdı

Kərim Babayevin bazarları bağlandı, minlərlə ticarətçi etiraza qalxdı


1-05-2021, 15:00. Yazar: admen
Kərim Babayevin bazarları bağlandı, minlərlə ticarətçi etiraza qalxdı

Rusiyanın Rostov vilayətinin Aksay rayonunda aprelin 27-də güc strukturlarının minlərlə hərbçi cəlb etməklə keçirdiyi xüsusi əməliyyatdan sonra azərbaycanlı biznesmen Kərim Babayevin bazarları hələ də bağlıdır. Bazarların fəaliyyətinin dayandırılmasına etiraz edən minlərlə ticarətçi isə etiraz aksiyaları keçirir.

AİA.Az virtualaz.org-a istinadən bildirir ki, güc strukturları bazarların fəaliyyətinin dayandırılmasını onların yerləşdiyi torpaq sahələrinin qanunsuz özəlləşdirilməsi və Kərim Babayevə satılması ilə əsaslandırırlar. Bir-birlərinə yaxın yerləşən nəhəng "Almaz", "Klassik", "Atlant" və "Ovoşnoy" ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması orada işləyən minlərlə yerli sakini, eləcə də Azərbaycandan olan çoxsaylı miqrantları işsiz qoyub.

Xəbər verildiyi kimi, aprelin 12-də Federal Təhlükəsizlik Xidməti Aksay rayonunun başçısı, 27 ildir bu vəzifəni tutan Vitali Borzenkonu, Kərim Babayevin oğlu Eduard və Vadimi, habelə Babayevin bazarlarının icraçı direktorunu saxlayıb. Daha sonra Vadim sərbəst buraxılıb, Kərim Babayevin isə əvvəlcə Türkiyədəki qohumlarının yanına, oradan isə Azərbaycana qaçdığı bildirilir. İstintaq bildirir ki, Borzenko və Babayevin daxil olduğu mütəşəkkil qruplaşma torpaq sahələrinin qanunsuz özəlləşdirilməsi, vergidən yayınma və digər əməllər törədiblər. Borzenko və ailə üzvlərinin Rostovda 200-ə yaxın obyekti var. Eləcə də Kərim Babayev vilayət üzrə ən iri iş adamlarından biri hesab edilirdi və "Rotovun Berezovskisi" kimi tanınırdı.

Güc strukurları bazarlarda aprelin 27-də keçirilmiş xüsusi əməliyyat zamanı 500-ə yaxın adamı saxlayıb, sonradan onların əksəriyyəti sərbəst buraxılıb. 120 nəfər barədə inzibati protokol tərtib edilib. Xüsusi əməliyyatın miqyası misli görünməmiş idi və orada 3.5 mindən 5 minə qədər polis, "Rosqvardiya" döyüşçüləri və FTX əməkdaşları iştirak edirdi.

KİV-lər yazır ki, güc strukturları bazarlarda fahişəxanalar, qumarxanalar, saxta alkaqol satışı məntəqələri və qanunsuz tütün satışı yerləri axtarırdı. Habelə qeyri-leqal miqrantları toplayırdı. Həmin gün ticarətçilərə xəbərdarlıq edilib ki, bazarların məsələsi aydınlaşdırılana qədər heç kimə icarə haqqı ödəməsinlər. Çünki icarə müqavilələri ləğv edilir. Bazarlardan təkcə "Klassik" işini bərpa edib və qalan üçü hələ də bağlıdır.

Hazırda Kərim Babayevin bazarlarının bütün giriş-çıxışı beton bloklarla bağlıdır, OMON, "Rosqvardiya" və polis patrulları növbə çəkir. Ötən gün bazarın ərazisində içərisində hərbçilər olan yük maşınları da görünüb. Xüsusi əməliyyatın bu cür iri miqyas alması göstərişin birbaşa Moskvadan verildiyini ehtimal etməyə əsas verir.

Kərim Babayevin bazarları nəinki Rostovda, eləcə də Rusiyanın bütün cənbunda ən iri ticarət meydançaları hesab edilir. Onlar bilavasitə Rostov şəhərinin çıxışında, M4 federal şossesinin kənarında yerləşir, logistika baxımından sərfəlidir və hər gün böyük sayda alıcılar qəbul edirdi. "Ovoşnoy" isə Rostovda ən iri meyvə-tərəvəz topdansatış bazası hesab olunur, ora bütün Cənub federal dairəsindən meyvə-tərəvəz daşınırdı. Babayevin bazarlarının ümumi sahəsi 100 hektardan çoxdur. Təkcə "Atlant"da 2 mindən çox ticarətçi çalışırdı.

"Mən "Atlant"da artıq bir neçə ildir alver edirdim. Dükanı aldım, təmir elədim-hamısı öz puluma. Bu gün mənim pavilyonumda 3 milyon rubl dəyərində mal qalıb, hamısı kreditlə alınıb. Tək anayam, himayəmdə yaşlı anam var. Kirayə yaşayıram, hamısını bu bazardan qazandıqlarımla ödəyirəm. İndi isə işləməyə imkan vermirlər. Bu, bespredeldir!",-İlona Paatova adlı ticarətçi qadın deyir.

Bazarların bağlanmasının ertəsi günündən başlayaraq minlərlə ticarətçi "Atlant"ın mərkəzindəki meydana toplaşır, onlar federal şosseni bağlamaqla hədələyirlər. Ticarətçilər deyirlər ki, hamı borcun içindədir və bazarların bağlanması onları müflis edəcək.

"Ovoşnoy"da isə vəziyyət daha qəlizdir, çünki orada yüzlərlə sahibkarın malları xarab olur, çiyələk, pomidor, xiyar TIR-larda qalıb çürüyür. "Biz 20 ildir burada alver edirdik. Heç vaxt belə şey olmamışdı. İindi bütün mal xarab olur. Hamımız ziyandayıq",-Leyla Əhmədova adlı azərbaycanlı sahibkar bildirir.


Ticarətçilər deyirlər ki, bazarlarda narkotik, silah və qeyri-leqal miqrant axtarmaq hamısı bəhanədir. Görünür kimlərsə bazarların yerləşdiyi əraziyə göz dikib və baş verənlər reyder hücumunu xatırladır.

"Bütün bu baş verənlər indiki Rusiya reallıqlarına tam uyğundur. Sadəcə olaraq hakimiyyətin yenidən bölgüsü, torpaq sahəsini ələ keçirmək məqsədi daşıyır. İndi neftdən və qazdan sonra ən dəyərli nədir? Torpaq. Görünür Babayev xoşluqla bölüşməyə razı olmayıb və ona qarşı təzyiq rıçaqları işə salınıb",-Stepan adlı ticarətçi deyir.

"Onlar Babayevə və Borzenkoya yox, bizə divan tuturlar, çünki işsiz qalan, müflis olan bizik",-bunu isə başqa ticarətçi deyir. Hakimiyyət orqanları isə bazarların fəaliyyətinin dayandırılması üçün heç bir rəsmi səbəb, sənəd və s. göstərmirlər.
Geri dön