Ana Sayfa > Seçki 2024 > Heydər Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasının banisidir

Heydər Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasının banisidir


28-04-2021, 15:03. Yazar: sevinc1
Heydər Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasının banisidir

Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün mövcud olan təbii imkanlardan yalnız ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Respublikasının rəhbərliyinə gəldikdən sonra düzgün və səmərəli istifadə edilməyə başlanmışdır. 1969-1982-ci illərdə Azərbaycan hökumətinin diqqət mərkəzində duran ən ümdə vəzifələrdən biri də məhz kənd təsərrüfatının inkişafına qayğının artırılması olmuşdur.


Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etmiş, bu sahədə, sözün əsl mənasında, dönüş yaratmağa nail olmuşdu. Həmin dövrdə ulu öndər çox böyük məharət və bacarıqla keçmiş İttifaq rəhbərlərinin diqqətini Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsinə yönəltmiş, respublikaya texnika, yanacaq, ehtiyat hissələri, tikinti materialları, mineral gübrə, kimyəvi preparatların gətirilməsini təmin edə bilmişdi. Qısa müddət sonra Azərbaycanda aqrar sahənin inkişafında yeni dönüş mərhələsi başlanmış, kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişi təmin edilmişdi. Ulu öndər tərəfindən kənd təsərrüfatının inkişafının konkret yolları müəyyənləşdirilmiş və bu inkişafın dinamikliyi üçün gərəkən addımlar atılmışdı. Məhz həmin dövrdə yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görüldü və beləliklə də kənd təsərrüfatının intensiv inkişafı təmin edildi. Muğan-Salyan zonası rayonlarında meliorasiya qurğuları tikilməsinin miqyası genişləndirildi. Respublikanın qərb zonasında 60 min hektar sahəni əkin suyu ilə təmin edən Ağstafaçay dəryaçasının inşası başa çatdırıldı. Arazboyu zonada suvarma işlərinin inkişafına səmərəli təsir göstərəcək dəryaça-sugötürmə qurğusunun tikintisinə başlanıldı. Lənkəranda Xanbulançay su təsərrüfatı kompleksinin tikintisi onuncu beşilliyin birinci ilində müvəffəqiyyətlə başa çatdırıldı. Ümumi uzunluğu 40 kilometrə çatan kanallarla Lənkəran rayonunun 6 sovxozunun, Astara rayonunun 3 sovxozunun və digər təsərrüfatların torpaqları suvarıldı. Kompleksin tikintisinə 50 milyon manat vəsait sərf edilmiş, burada 10 milyon kubmetr torpaq-çınqıl işi görülmüş, 315 min kubmetrdən çox beton işlənmişdi. Xanbulançay dəryaçası 22 min hektar, yəni 1975-ci ildəkindən təqribən 5 dəfə çox münbit torpağı suvarmağa, Lənkəranda faraş tərəvəz istehsalını az bir müddət ərzində 200-250 min tona çatdırmağa, çay və subtropik bitkilər əkinini xeyli genişləndirməyə imkan vermişdi.

Bu arada bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda subtropik bitkiçiliyin, o cümlədən çayçılığın sənaye miqyaslı inkişafı da birbaşa ulu öndərimizin adı ilə bağlıdır. Belə ki, respublikamızda subtropik təsərrüfatların sürətli inkişafı məhz ümümmilli lider Heydər Əliyevin qayğısı nəticəsində 1970-1980-ci illərdə baş vermişdir. Həmin dövrlərdə ulu öndərin təşəbbüsü ilə çayçılıq sahəsi ilə əlaqədar geniş müzakirələr aparılmış və mühüm qərarlar qəbul edilmişdi. Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə Azərbaycanda çayçılığın genişləndirilməsi hesabına çay becərilməsi və çayçılıq sənayesi kənd təsərrüfatının gəlirli sahəsinə çevrilmişdir. Bir neçə il ərzində çay plantasiyalarının 8 min hektardan 12 min hektara, çay yarpağı istehsalının ildə 26 min tona çatdırılması və bundan da 8,5 min ton keyfiyyətli Azərbaycan çayı əldə edilməsi mümkün olmuşdur. Respublikada 14 çay yarpağı emal edən və 2 çay çəkib-bükən fabrik istismara verilmiş və bununla da ildə 45 min ton yaşıl çay yarpağının emal olunması üçün imkan yaradılmışdı.

1976-cı ilin son günlərində Tərtər, Bərdə, Goranboy rayonlarının əkin sahələrinin suvarılmasını xeyli yaxşılaşdırmağa imkan verən Tərtərçay enerji və su təsərrüfatı kompleksi istifadəyə verildi. Suvarılan əkinçilik respublikası olan Azərbaycanda 1971-1980-ci illər ərzində dəryaçaların ümumi su tutumu təqribən 20 milyard kubmetrə, suvarma şəbəkələrinin uzunluğu 50 min kilometrə, kollektor-drenaj şəbəkəsinin uzunluğu 18 min kilometrə, nasos stansiyalarının sayı 700-ə çatdırılmışdı. Torpaqların irriqasiya və meliorasiyasının ənənəvi suvarma regionu olan Kür-Araz ovalığından başqa, dağətəyi və dağlıq zonalarda aparılması üçün 1976-1980-ci illər ərzində xeyli iş görüldü. Bu dövrdə Quba, İsmayıllı, Qubadlı, Zəngilan rayonlarında, Naxçıvan MR-də və o zamankı Dağlıq Qarabağ MV-də böyük həcmdə meliorasiya işləri aparıldı. Bir çox bölgələrdə iri hidrotexniki qurğular tikildi, 83 min hektar yeni suvarılan torpaq istifadəyə verildi, 452 min hektar otlağa su çıxarıldı, 700 min hektar sahədə suvarma şəbəkəsi yenidən quruldu. Əgər yaxın keçmişdə kənddə əsaslı tikinti miqyasına və əhəmiyyətinə görə kiçik obyektlərin tikilməsi ilə məhdudlaşdırılırdısa və primitiv səviyyədə aparılırdısa, artıq ulu öndərin məqsədyönlü fəaliyyəti sayəsində bu sahə də xalq təsərrüfatının iri, müstəqil sahəsinə çevrilmişdi.

Ulu öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Ümummilli lider aqrar sahədə də vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. “Müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur” – deyən ulu öndər 1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun-uzadı mübahisələrə və müzakirələrə son qoydu, sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda, islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı. Bununla da Heydər Əliyev respublikada aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu.

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, regionlarda yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlmişdir. Dövlətimizin başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin ölkənin ərzaq tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkmişdir. Qeyd etmək lazımdır ki, son illər ərzində bir çox xarici ölkələrdə Azərbaycan Respublikasının Ticarət evlərinin açılması Azərbaycanın brend məhsullarının xarici ölkələrdə tanıdılması üçün çox böyük əhəmiyyət kəsb edir və respublikamız özünün rəqabət qabiliyyətli aqrar məhsulları ilə xarici ticarəti genişləndirməkdədir. Əminliklə demək olar ki, Ölkə Prezidenti cənab İlham Əliyevin aqrar sahədə formalaşdırdığı siyasət öz bəhrəsini verir və ölkəmiz əhalinin yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrə ixracın səviyyəsinin artırılması yönümündə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir.

İlham Qurbanov,
Meyvəçilik və Çayçılıq
Elmi-Tədqiqat İnstitutunun direktoru

Geri dön