Ana Sayfa > Gündəm > Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir

Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir


27-04-2021, 12:27. Yazar: sevinc1
Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir



Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu 1970-1980-ci illərdə orta məktəblər şəbəkəsinin genişləndirilməsi, yüksək ixtisaslı müəllimlərin sayının artırılması, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə “Ümumi icbari təhsilə keçidin başa çatdırılması haqqında” xüsusi qərar qəbul olunmuşdur. Gənclərin orta təhsillə tam əhatə olunması üçün məktəblərin şəbəkəsi genişləndirildi, maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəb binalarının tikintisi və təmiri işləri ciddi nəzarətdə saxlanılmışdır.

Eyni zamanda həmin illər ali məktəblərin həyatında da əsil dönüş mərhələsi olmuşdur. 1970-1980-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsil alanların sayı isə 70 mindən 100 min nəfərə qədər yüksəlmişdir. Bütün bu uğurlar Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın milli kadr potensialının gücləndirilməsinə yüksək vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur. 1980-ci il mayın 28-də ali məktəb işçilərinin respublika müşavirəsində çıxış edən ulu öndər Heydər Əliyev 70-ci illərdə ali məktəb həyatının sağlamlaşdırılması sahəsində görülən işlərin nəticələrindən danışarkən deyirdi: “Ən vacib məsələ budur ki, adamlarda ədalətə, həqiqətə inam, respublikamızın bütün işlərində, o cümlədən ali məktəblərdə bərqərar olan obyektivliyə inam yaranmışdır. Bu illər ərzində təlim-tərbiyə işinin səviyyəsi, tədrisin keyfiyyəti, buraxılan mütəxəssislərin, bütövlükdə ali məktəblərin fəaliyyətinin keyfiyyəti xeyli yüksəlmişdir.”

Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı respublikamızın mövqelərini və müstəqilliyini daha da möhkəmləndirdi. 1993-cü ilin iyunundan başlayaraq bütün sahələrdə tənəzzülün, təhlükəli dağıdıcı meyillərin qarşısı alındı. Azərbaycanda elmin, təhsilin gələcək inkişaf yollarına dair dövlət siyasətinin əsasları işlənilməyə, bu sahədə inkişaf strategiyasını müəyyən edən islahatlar proqramının hazırlanmasına başlanıldı. Bununla da islahat sahəsində yeni tarixi mərhələnin əsası qoyuldu. Təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsində, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yarandı. İslahatın həyata keçirilməsinin birinci və ikinci mərhələlərində proqramda göstərilən vəzifələrin reallaşdırılması istiqamətində müəyyən işlər görüldü. İslahat proqramının həyata keçməsi nəticəsində təhsilin məzmunu yeniləşdirildi, yeni nəsil proqramlar və dərsliklər hazırlandı, bazis tədris planı əsasında işlənmiş işçi tədris planları tətbiq edilməyə başlandı.

Ulu öndər Heydər Əliyev 2002-ci il avqustun 30-da ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşdə orta təhsilin keyfiyyətinin yüksəldilməsinin ölkə üçün strateji əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır və bu sahədə müvafiq orqanlar və təhsil müəssisələri qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Ulu Öndər demişdir: “Məni narahat edən ümumi təhsil, yəni bizim gənclərin ilkin təhsili, orta məktəblərdəki vəziyyət, orta məktəbin verdiyi təhsil və bu məktəbləri qurtaran uşaqların bilik səviyyəsidir. Məni narahat edən budur. Bu ümumiyyətlə, bizim xalqın bilik səviyyəsini göstərir. Çünki çox yüksək nəticələr əldə edən ayrı-ayrı insanlar, yaxud da ki, tələbələr, elmi işlə məşğul olanlar hələ xalqın, millətin ümumi bilik səviyyəsini göstərə bilməz. Onun göstəricisi ola bilməz. Bu göstərici orta məktəblərdədir.”

Ulu öndər Heydər Əliyev bütün görüşlərində, etdiyi çıxış və nitqlərində gələcəyin vətəndaşının əsl şəxsiyyət kimi formalaşması probleminə xüsusi diqqət yetirirdi. Gənclərin daim yeniləşən biliklərə və dünyagörüşə yiyələnmək təlabatının ödənilməsini və dinamik inkişafını, intellektual və praktik kompetensiyalara, yeni informasiya və kommunikasiya texnologiyalarına yiyələnməsini tövsiyə edirdi. O, millətin dili, tarixi, mədəniyyəti, əxlaqi kökləri, adət və ənənələri, inam və etiqadı, hansı dildə təhsil verilməsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını xalqımızın qədim köklərə malik milli ənənələrini mənimsəmyə doğru istiqamətləndirirdi. Ölkəmizdə təhsilə qayğı və diqqət, onun inkişafının dəstəklənməsi dövlət quruculuğunun mühüm sahəsi olduğunu xüsusi vurğulayırdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Ümidvaram ki, bizim gənclərimiz keçmiş dövrlərdə olan gənclərdən daha da yüksək təhsil ala biləcəklər və gələcək üçün daha da bilikli, daha da yüksək səviyyəli olacaqlar.”

Prezident İlham Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu strategiyasında belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin vətəndaş cəmiyyətinin demokratik inkişafının magistral və hamar yolu mütləq və mütləq milli təhsildən keçir. Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir. Buna görə də o, prioritet sahə olan təhsilə, elmə, mədəniyyətə qayğını dövlətin əsas strateji xətti kimi ön plana çəkdi. Təhsilə, elmə belə bir münasibət Heydər Əliyev siyasətinin aparıcı istiqaməti, onun daxili ziyalılığının, maarifpərvərliyinin mühüm təzahürü olub, xalqını, millətini sivil dünyanın inkişaf etmiş xalqlarından biri kimi görmək istəyinin parlaq ifadəsidir.


Lütvəli Şıxəliyev
YAP Saatlı rayon təşkilatının sədri
aia.az




Geri dön