Ana Sayfa > Gündəm > Məhəmməd Qasımov: “Möhtəşəm qayıdışımızın qarantı Prezident İlham Əliyevdir”
Məhəmməd Qasımov: “Möhtəşəm qayıdışımızın qarantı Prezident İlham Əliyevdir”23-04-2021, 12:10. Yazar: sevinc1 |
![]() “Azərbaycan igid oğullarının canı-qanı bahasına işğaldan azad etdiyi ərazilərdə bərpa və quruculuq işlərinə başlayıb. Bu işlər birbaşa möhtərəm Prezidentimizin rəhbərliyi ilə və ciddi nəzarəti altında həyata keçirilir. Artıq heç bir erməni təxribatı, heç bir xarici təsir Azərbaycan xalqının əzəli və tarixi torpaqlarına möhtəşəm qayıdışının qarşısını ala bilməz. Çünki bu qayıdışın qarantı Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Əyriçay Su Anbarının Istismarı Idarəsinin rəisi, YAP Şəki rayon təşkilatının üzvü Məhəmməd Qasımov deyib. Öz müsahibəsində idarə rəisi işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işlərini ləngitmək cəhdlərinin Ermənistanın növbəti təxribatı olduğunu vurğulayıb. Müsahibimiz bildirib ki, Ermənistan tərəfi həmin ərazilərin mina xəritələrini Azərbaycana təqdim etməməklə əslində iki məqsəd güdürlər: “İlk növbədə əlbəttə ki, ermənilər mina xəritələrini Azərbaycana verməməklə işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işlərinin tempini aşağı salmaq, bu yolla da həmin torpaqların əzəli sakinlərinin öz dədə-baba yurdlarına qayıdışını mümkün qədər ləngitmək istəyirlər. Heç şübhəsiz bu təxribat və hətta cinayət xarakterli əməllər Ermənistanda hələ də revanşist əhval-ruhiyyəsinin güclü olduğundan xəbər verir. Ermənistanın ikinci məqsədi də həm hərbçilərimiz, həm də dinc sakinlər arasında itkilərin mümkün qədər çox olmasına nail olmaqdır. Onlar düşünürlər ki, bu yolla xalqımızın Möhtəşəm qayıdışının vaxtını uzada bilərlər. Lakin ermənilər başa düşmürlər ki, Azərbaycan xalqı güclü və qətiyyətli olduğu qədər də səbirli və təmkinli xalqdır. Biz otuz il gözləmişik. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 17 il bu savaşa hazırlaşıb və nəhayət 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünü təmin edib. Əlbəttə ki, biz həmin əraziləri minalardan da səbir və təmkinlə təmizləyəcəyik. Dövlət başçımızın dediyi kimi, həmin torpaqlara həyat yenidən qayıdacaq. Lakin Ermənistan sözügedən mina xəritələrini verməməklə növbəti hərbi cinayət törətmiş olur. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün Azərbaycan tərəfdən 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Buna görə də Ermənistan törətdiyi bütün hərbi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.” Daha sonra Məhəmməd Qasımov ölkəmizdə gedən iqtisadi inkişafın hətta pandemiya dövründə belə yüksək templərlə davam etdiyini vurğulayaraq, bunun Azərbaycanda həyata keçirilən dövlət siyasətinin daha bir uğurlu nəticəsi olduğunu qeyd edib. Müsahibimiz Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri çərçivəsində bir sıra kənd təsərrüfatı və sənaye müəssisələrinin açılışında şəxsən iştirak etməsini də bu sahəyə göstərilən dövlət qayğısının bir təzahürü olduğunu deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə öz effektivliyini təsdiqləmişdir və artıq bu islahatlar real müsbət nəticələrini verirlər. O cümlədən kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsi kimi, artıq neçə müddətdir ki, respublikamızın müxtəlif bölgələrində böyük aqroparkların yaradılması təcrübəsi geniş tətbiq olunur. Bu layihələr sözsüz ki, ölkənin ərzaq təhlükəsizliyini təmin olunması baxımından əhəmiyyətli rol oynayırlar. Çünki müasir standartlara uyğun yaradılan böyük aqroparklarda ən son texnologiyalar tətbiq olunur. Bu isə öz növbəsində məhsuldarlığın bəzi hallarda 2 dəfə artmasına şərait yaradır. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 20-də Hacıqabul rayonuna etdiyi səfər çərçivəsində “Azərsun Şamaxı Aqropark”ın açılışında, eləcə də “Agro Dairy” MMC-nin aqroparkının təqdimatında şəxsən iştirak etməsi kənd təsərrüfatının inkişafına ayrılan diqqətin və göstərilən dövlət qayğısının ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, dövlət başçısı artıq işğaldan azad olunmuş torpaqlarda, Qarabağda oxşar təsərrüfatların yaradılması ilə bağlı da öz tapşırıq və göstərişlərini vermişdir.” Müsahibimiz həmçinin qeyd etmişdir ki, rayon və bölgələrimizdə kənd təsərrüfatı ilə yanaşı sənaye müəssisələrinin də yaradılması xüsusi əhəmiyyət kəsb edir. Məhəmməd Qasımovun sözlərinə görə sənayenin inkişaf etdirilməsi bölgələrə müasirliyin daha tez sirayət etməsinə də öz təsirini göstərəcək: “Ölkə Prezidenti Hacıqabul rayonunda olarkən, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər də vermişdir. Təqdim olunan məlumata görə orada əlavə olaraq daha beş müəssisə yaradılacaq. Heç şübhəsiz dövlətimiz tərəfindən irəli sürülmüş belə təşəbbüslərin əhəmiyyəti çox böyükdür. Dövlət bütün infrastruktur və kommunikasiyaları hazırlamaqla sahibkarlara fəaliyyətə başlamaq üçün son dərəcə əlverişli şərait yaradır. Eyni zamanda da deməliyəm ki, rayon və bölgələrimizdə kənd təsərrüfatı ilə yanaşı sənaye sahəsinin də inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məsələ bundadır ki, bu gün müasir texnologiyaların tətbiq olunduğu müəssisələrin rayon yerlərində açılması həmin bölgələrə müasirliyin daha tez sirayət etməsini də şərtləndirəcək. Hazırda Hacıqabul Sənaye Məhəlləsində yaradılmış müəssisələrin arasında ən böyüyü avtomobil zavodudur. Məlumdur ki, avtomobil sənayesi bütün dünyada sənayenin ən qabaqcıl sahələrindən biri sayılır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğının sayəsində avtomobil sənayesi Azərbaycanda da inkişaf edir və bu inkişaf getdikcə sürətlənir. Aydındır ki, avtomobil istehsalı müəssisələrində çalışan insanların müasir texnologiyalarla tanışlığı onların gündəlik həyatlarına da təsirsiz ötüşməyəcək. Bütün bu məqamlar da yaxın gələcəkdə ölkəmizdə həyata keçiriləcək ağıllı kənd konsepsiyalarının reallaşması zamanı insanlarımızın texnoloji yeniliklərə sahiblənmək baxımından daha hazırlıqlı olmalarına şərait yaradacaq. Bir sözlə, Azərbaycan öz ali məqsədlərinə doğru inamla gedir və artıq heç bir qüvvə bizi bu yoldan qaytara bilməz.” Abbas Abbasov Fidan Sadiqi AİA.Az Geri dön |