Ana Sayfa > Gündəm > Həsən Qasımov: “Şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı dövlətin sosial siyasətinin əsas istiqamətidir”

Həsən Qasımov: “Şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı dövlətin sosial siyasətinin əsas istiqamətidir”


22-04-2021, 09:00. Yazar: sevinc1
Həsən Qasımov: “Şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı dövlətin sosial siyasətinin əsas istiqamətidir”

“Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı göstərilməsi hər zaman Azərbaycanda yürüdülən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ölkə Prezidenti cənab İlham Əliyev şəxsən bu sahəni hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. Bu gün, Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdikdən sonra daxil olduğu postmüharibə dövründə dövlətin yeni institusional təşəbbüsləri sosial siyasətin daha şəffaf şəkildə həyata keçirilməsində müstəsna rol oynayacaqlar.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Ucar Meliorasiya İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı İdarə Heyətinin üzvü Həsən Qasımov deyib.

Həsən Qasımov ilk növbədə Ölkə Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyəti barədə fikirlərini ifadə edərək şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində qurumun rolunu vurğulamışdır: “Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Birmənalı olaraq demək azımdır ki, hal-hazırda Fond öz funksiyalarını yüksək səviyyədə həyata keçirir. Fondun vəsaitləri hesabına şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi sosialyönümlü layihələr həyata keçirilir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, təsis olunduğu gündən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Əlbəttə ki, bu hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.”

Daha sonra Həsən Qasımov şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsindən danışıb. İdarə rəisi bildirib ki, sosial siyasətinin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirməklə yanaşı, eyni zamanda da Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir: “Bildiyiniz kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulub. Heç şübhəsiz bu, ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan son dərəcə önəmli bir addımdır. Bu şöbələrin yaradılması dövlətin müvafiq xidmətlərindən vətəndaşların faydalanmaq imkanlarını artırır. Dövlət xidmətlərinin əlçatanlığı isə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir. Həmçinin dövlətin mühüm institusional təşəbbüslərindən daha biri kimi müraciətlərə baxılmasında obyektivliyin təmin edilməsi üzrə xüsusi qurumların yaradılmasını qeyd etmək olar. Bilirik ki, Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçin müraciətinə dövlət həssaslıqla yanaşır. Buna görə də Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.”

Həmçinin Həsən Qasımov Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş mülki əhalinin də dövlətimizin qayğısı ilə maksimum əhatə olunduğunu vurğulayaraq bildirib ki, vətəndaşlara dəymiş ziyanın ödənilməsi prosesi ölkə rəhbərliyinin tam nəzarətindədir: “Məlum olduğu kimi, Ermənistanın silahlı qüvvələri hərbi əməliyyatların davam etdiyi dövrdə Azərbaycan ərazisində mülki obyektləri, yaşayış binalarını hədəfə alırdılar. Bu hərbi cinayət əməllərinin nəticəsində hətta cəbhə bölgəsindən çox uzaqda yerləşən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə dinc insanlarımız öz həyatlarını itirmiş, əhaliyə böyük məbləğlərdə maddi ziyan dəymişdir. Bu gün Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi Azərbaycan dövlətinin tam nəzarətindədir. Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılıb. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Göründüyü kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətləri yenə də insanlarımızın rifah halının daha da yüksəldilməsinə yönəlib.”

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az
Geri dön