Ana Sayfa > Seçki 2024 > Akademik Zərifə Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılmışdır

Akademik Zərifə Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılmışdır


22-04-2021, 10:33. Yazar: sevinc1
Akademik Zərifə Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılmışdır


Zərifə xanım Əliyeva nəcib Azərbaycan qadını, gözəl ana, vəfalı ömür-gün yoldaşı, saf təmiz insan idi. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının keçirdiyi ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. Zərifə Əliyevanın ailəsində görüb götürdükləri yaxşı bir təcrübə kimi hər zaman köməyinə çatıb.

Akademik Zərifə Əliyeva Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin sədaqətli dostu və etibarlı silahdaşı olub. Bu böyük şəxsiyyət elə ilk andan onunla həmsöhbət olanların yaddaşında əvəzolunmaz bir insan kimi qalırdı. Onun insanlara sevgisi, qayğısı hədsiz dərəcədə idi.

Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinin həllinə dair töhvələr vermişdir. Zərifə Əliyevanı xatırlayanda mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi, mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

Gələcək ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

Zərifə xanımın arzusu həkim kimi gözlərə nur vermək, təbiətin rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq idi. Bu arzusunu həyata keçirmək üçün o Moskva şəhərinə yollanır və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Daha sonra vətənə qayıdır. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.


1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə oftalmologiyanın promblemləri ilə məşğul olmağa başladı. Zərifə xanım Əliyeva araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi. Elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

O, istedadı ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün son anlarına kimi gələcək planlarla yaşayırdı. Zərifə Əliyeva bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olub. Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Təəssüf ki,Zərifə Əliyeva az yaşadı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Zərifə xanımın xatirəsi daim anılır, xalqımızın qəlbində əbədi olaraq yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.


Sevinc Əhədova
YAP Saatlı rayon təşkilatının məsul işçisi
aia.az


Geri dön