Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-7 > Şəmsəddin Xanbabayev: “Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidməti İlham Heydər oğlu Əliyev kimi bir şəxsiyyəti yetişdirməsidir”

Şəmsəddin Xanbabayev: “Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidməti İlham Heydər oğlu Əliyev kimi bir şəxsiyyəti yetişdirməsidir”


22-04-2021, 09:09. Yazar: sevinc1
Şəmsəddin Xanbabayev: “Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidməti İlham Heydər oğlu Əliyev kimi bir şəxsiyyəti yetişdirməsidir”

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1976-2000-ci illərdə Naxçıvan MR kommunal təsərrüfatı nazirinin müavini, Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, Naxçıvan MR baş nazirinin birinci müavini və nəhayət Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifələrində çalışmışdır. 1991-1993-cü illərdə isə ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyətini yaxından izləmiş, ulu öndərin birbaşa şəxsən özünün tapşırıqları əsasında işləyən insanlardan biri olmuşdur. Bu səbəbdən Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ərəfəsində Şəmsəddin müəllimlə görüşərək, onun tariximiz üçün xüsusi əhəmiyyəti olan xatirələrini bizimlə bölüməsini xahiş etmək qərarına gəldik. Beləliklə, müsahibimiz Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri, “Şöhrət” ordenli, “Şərəf” ordenli, “1-ci dərəcəli əmək” ordenli Şəmsəddin Xanbabayevdir.


- Şəmsəddin müəllim, bilirik ki, Sizin Ulu Öndərlə bağlı xatirələriniz o qədər çox, o qədər rəngarəngdir ki, onları bizim verə biləcəyimiz suallarla əhatə etmək qeyri-mümkündür. Odur ki, söhbəti Sizin seçdiyiniz istiqamətdə aparsaq daha yaxşı olar. Buyurun, Sizi dinləyirik.




Ulu öndər Naxçıvan şəhərində gəzinti zamanı

- Mən həmişə demişəm və bu gün də deyirəm, Heydər Əliyev haqqında danışarkən nəyisə azaltmaq və ya nəyisə artırmaq günahdır. Allah mənə qismət elədi, o uzaq illərdə Heydər Əliyev məni öz yanına gətirdi. Buna görə də mən özümü dünyanın ən xoşbəxt adamı hesab edirəm. Ulu Öndərlə ilk dəfə üz-üzə görüşdüyüm gün isə mənim yaddaşıma həyatımın ən gözəl, ən şərəfli günü kimi əbədi həkk olunub. Heydər Əliyev kimi dahi şəxiyyətlə şəxsən tanış olmaq, onu yaxından görmək və dinləmək milyonlarla insanın arzusu olub. Lakin bu milyonların arasından mən deyərdim ki, yalnız Allahın qismətinə yazdığı insanlara bu arzuya qovuşmaq nəsib olub. Xoşbəxtəm ki, bu seçilmişlərdən biri də mən olmuşam. Ulu Öndər Heydər Əliyevlə mənim ilk dəfə yaxından görüşüm 1976-cı ildə baş verib. O zaman Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Birinci katibi vəzifəsində işləyirdi. Başqa sözlə desək, respublikaya rəhbərlik edirdi. İyul ayının 25-də Ulu Öndər məni və daha bir neçə nəfər yoldaşı qəbul etdi və hərəmizi bir rayona Rayon İcrayə Komitəsinin sədri vəzifəsinə təyin etdi. Mən də Ordubad rayonuna bu vəzifəyə təyin edildim. Bu təyinatla bağlı Heydər Əliyev hamımıza öz tövsiyələrini bildirdi, müəyyən tapşırıqlar verdi. O cümlədən Ulu Öndər mənə də xüsusi bir tapşırıq verdi. İndiki kimi xatırlayıram, Heydər Əliyev mənə belə dedi: “Şəmsəddin, bilmirəm sən bilirsən ya yox, Ordubad öz meyvələri ilə tanınan rayondur. Buna görə də orada meyvəçiliyi inkişaf etdirmək lazımdır. Ordubadda müəyyən məşhur meyvə növləri olub ki, indi onlar itiblər, yox olmaq üzrədirlər. Onları bərpa edə biləcək insanlar isə bu barədə düşünmürlər. Buna görə də mən sənə belə bir göstəriş verirəm. Ordubada gedən kimi, orada bir hektar torpaq sahəsi ayır və həmin sahədə itirilmiş və itmək üzrə olan meyvə növlərinin bərpasını təmin elə. Meyvəçilik çox mühüm sahədir və onu dirçəltmək, inkişaf etdirmək lazımdır.” Sonra Ulu Öndər mənə daha bir neçə tapşırıqlarını verdi və mənə yaxşı yol arzuladı.

İşlədiyimiz dövrlərdə Heydər Əliyevi tez-tez partiya fəallarının iclaslarında, plenumlarda görmək və dinləmək imkanımız olurdu. Ulu öndərin çıxışlarına qulaq asıb ondan doymaq qeyri-mümkün idi. Xüsusilə Heydər Əliyevin plenumlarda etdiyi yekun nitqlərinə hamı çox böyük diqqətlə qulaq asardı. Çünki Ulu Öndər hər bir katibin, hər bir nazirin səhvlərini birbaşa həmin şəxsin üzünə deyən bir rəhbər idi. 1980-ci ilin yanvar ayının 12-də Heydər Əliyev məni Ordubad Rayon Partiya Komitəsinin I katibi vəzifəsinə təyin etdi. Deyim ki, bu rayon miqyasında ən yüksək səlahiyyətlərə malik olan və eyni zamanda da ən çox məsuliyyət tələb edən bir vəzifə idi. Mən də bu məsuliyyəti kifayət qədər başa düşür və qiymətləndirirdim. Buna görə də işimdə çox böyük dönüşlər yaratdım.



Naxçıvan şəhəri Hüseyn Cavidin abidəsinin açılışına həsr olunmuş sonra yubiley tədbirində

- Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövr də respublikanın intibah dövrü sayılır. Bu barədə nə deyə bilərsiz?

- Təsəvvür edin ki, Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində respublikamız hər il İttifaq səviyyəsində ali mükafatlardan biri sayılan SSRİ-nin keçici Qırmızı bayrağına layiq görülürdü. Allahın qismətilə 1977-ci ildən bu bayrağın təqdimolunma mərasimlərində iştirak etmək şərəfi mənə də nəsib olub.

Heydər Əliyev Naxçıvanda çox işləyərdi. Bütün gecəni, hətta səhər saat üçə, dördə qədər çalışardı. Ondan sonra çıxıb bir qədər açıq havada gəzərdik. Belə gəzintilər zamanı Ulu Öndər çox maraqlı söhbətlər edərdi. Bir gün yenə də növbəti gəzintilərdən birində mənə dedi: “Şəmsəddin, 70-ci ilə qədər Moskvadan yüksək vəzifəli şəxslər Azərbaycana gəlmək istəmirdilər. Çünki Azərbaycan çox pis bir vəziyyətdə idi. Amma 70-ci ildən sonra həmin vəzifəli şəxslər özləri artıq Baş katibin yanına gedir və xahiş edirdilər ki, onları ya keçici bayraq təqdim etməyə, ya da hansısa başqa bir tədbirdə iştirak etməyə Azərbaycana göndərsinlər.” Heydər Əliyev Azərbaycanı bu qədər yüksəyə qaldırmışdı. İnsanların rifah səviyyəsini qaldırmışdı. İnsanlar özlərinə ev tikməyə başlamışdılar. Halbuki 1970-ilə qədər buna imkan yox idi. Məhz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdə respublikada məktəblər tikildi, yollar salındı, xəstəxanalar inşa olundu, unikal sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatı, o cümlədən tütünçülük, üzümçülük və pambıqçılıq görünməmiş inkişaf səviyyəsinə çatdı. Biz bütün bunların canlı şahidi olmuşuq. Bütün bu xidmətlərinə görə də Heydər Əliyev iki dəfə SSRİ-nin əməkdə fərqlənməyə görə verilən ən ali fəxri adına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

1982-ci ilin payızında Heydər Əliyevi Moskvaya dəvət etdilər. Ulu Öndərin parlaq zəkasına artıq ümumittifaq səviyyəsində ehtiyac var idi. Noyabr ayının axırlarında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bilirsiniz, Heydər Əliyev çox savadlı, çox işgüzar, çox möhkəm və çox tələbkar bir şəxsiyyət idi. Lakin eyni zamanda da Ulu Öndər son dərəcə qəlbi təmiz, ürəyi saf və zərif bir insan idi. Heydər Əliyevin işgüzarlıq qabiliyyətindən ikinci bir kimsədə ola bilməzdi. Əgər rəsmi subordinasiya baxımından Heydər Əliyevin tutduğu vəzifə SSRİ hökumətində dördüncü post sayılırdısa, həqiqətdə Ulu Öndər bu hökumətin birinci şəxsi idi. O cümlədən xarici ölkələrin hökumət başçıları da məhz Heydər Əliyevi sovet hökumətinin birinci şəxsi kimi qəbul edirdilər. Çünki Ulu Öndər çox bacarıqlı, çox işgüzar insan idi. Heydər Əliyev çox böyük siyasətçi idi və özünü də bütün dünyaya məhz bu cür tanıtmışdı. Bunu hamı bilirdi və buna görə də bir çoxları, o cümlədən Qorbaçov kimi insanlar Ulu Öndərə qarşı paxıllıq hissi keçirirdilər. Heydər Əliyevin təkcə SSRİ-də deyil, həmçinin İttifaq hüdudlarından kənarda qazandığı hörmətə, malik olduğu nüfuza görə onu qısqanırdılar. Bunu biz hamımız görürdük və bilirdik. Təbii ki, bütün bunlar ilk növbədə ermənilərin və onlara havadarlıq edən qüvvələrin son dərəcə böyük qısqanclığına və paxıllığına səbəb olurdu.



Ulu öndər Ordubad rayonunda təsərrüfat işləri ilə maraqlanan zaman

- Şəmsəddin müəllim, bu erməni paxıllığının mütləq şəkildə hansıs təxribatlarda təzahür etməsi qaçınılmazdır. Belə hallardan xatirinizdə qalanları varmı?

- Əlbəttə var. 1984-1985-ci illərdə Sov.İKP MK-nın Baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri vəzifəsində Konstantin Çernenko idi. Heydər Əliyev isə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı. Həmin dövrdə mən də Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi idim. Tikinti materialları almaq üçün tez-tez İrəvana gedərdim. Orda bir küçə var, şəhərin mərkəzi küçəsidir – Komitas prospekti, həmin küçədə bir inşaat malları mağazası yerləşirdi Mən də bir çox materialları ordan alardım. Bir gün də həmin mağazaya gələndə diqqətimi Sov.İKP MK Siyasi Büro üzvlərinin yaxınlıqda sıra ilə asılmış şəkilləri cəlb etdi. Sovet dönəmində ciddi qaydalar var idi. Siyasi Büro üzvlərinin şəkilləri yalnız bir sıralamada sərgilənə bilərdi. Birinci Baş katibin şəkli gəlməli idi. Ondan sonra sırf soyadlarının baş hərfləri ilə əlifba sırasına uyğun ardıcıllıq gözlənilməli idi. Yəni Ulu Öndərin soyadı rusca Aliyev yazıldığı üçün bu ardıcıllıqda onun şəkli ikinci, yəni Çernenkonun şəklindən sonra gəlməli idi. Moskvada da, Bakıda da, Kiyevdə də, Daşkənddə də – bütün SSRİ ərazisində bu sıralama belə idi. Amma İrəvanda mənim gördüyüm tam fərqli sıralama idi. Burada Ulu Öndərin şəklini ən sonda yerləşdirmşdilər. Mən ordan çıxıb başqa bir yerə getdim. Həmin yerdə də eyni vəziyyət idi. Bundan sonra mən Naxçıvana qayıtdım və sabahı günü Moskvaya, Ulu Öndərə telefonla zəng etdim. Səhər saat on idi, Moskva vaxtı ilə doqquz. Dəstəyi köməkçisi götürdü və dedi ki, axşam saat 6-da zəng vurum. Axşam təkrar zəng vurdum. Ulu Öndər doğma Vətəndən gələn zəngə çox sevinmişdi. Məni xeyli sorğu-sual etdi, Naxçıvanda vəziyyətlə, işlərimizlə maraqlandı. Sonra mən şəkil məsələsini danışdım. Ulu Öndər bu haqda mənə bircə sual belə olsun vermədi. Yeganə bunu dedi ki, sən niyə belə tez-tez gedirsən ora? Mən də cavab verdim ki, tikinti materialları almağa gedirəm. Sonra mənimlə sağollaşdı. Bir də növbəti dəfə, təxminən bir həftə sonra İrəvana yolum düşəndə mən gördüm ki, şəkillərin sıralamasını düzəldiblər. Artıq Ulu Öndər bu məsələni kimə tapşırmışdı, İrəvana kim getmişdi bundan mənim xəbərim olmadı.

İkinci hadisə isə artıq Qorbaçovun hakimiyyəti dövründə baş vermişdi. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin belə bir qərarı var idi ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı və yaxud iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alan şəxslərə onların öz doğma vətənlərində abidə ucaldılırdı. Bu abidə postament üzərində qoyulmuş büstdən ibarət olurdu. Heydər Əliyev də az öncə qeyd etdiyim kimi, iki dəfə – 1979 və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işlədiyim dövrdə, 1986-cı ilin iyun ayında Ulu Öndərin büstünü qoymaq mənə qismət oldu. 1989-cu ilin noyabr ayının axırlarında isə haqqında danışdığım hadisə baş verdi. Mənə xəbər verdilər ki, Roşin Vladimir İvanoviç adlı bir şəxs, yanında da 3 nəfər Moskvadan gəliblər və Vilayət Partiya Komitəsindədirlər. Gedib onlarla görüşdüm və gətirdim öz iş otağıma. Maraqlandım ki, nə əcəb gəlmisiniz? Roşin çantadan bir məktub çıxarıb masanın üzərinə qoydu. Həmin məktub 38 nəfər tərəfindən imzalanmışdı və ünvanlanmışdı Qorbaçova. Məktubu imzalayanlar da guya Naxçıvan camaatı idi. Yazmışdılar ki, Heydər Əliyevin büstü düzgün qoyulmayıb. Yəni Ulu Öndərin büstü həmin məkanda qoyulmuş Siyasi Büronun digər üzvlərinin büstlərindən həm postamenti, həm də özü bir qədər hündürdür. Mən məktubu oxudum və cavab verdim ki, məktubda yazılanlar düz deyil və ümumiyyətlə bu məktubu azərbaycanlılar yazmaz. Sonra məlum oldu ki, həqiqətən də bu məktub növbəti erməni provakasiyası idi. Belə ki, məktubu hazırlayanlar onu çatdırmışdılar Aqanbekyana. Aqanbekyan həmin dövrdə Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri idi və bu imkanından istifadə edib, məktubu birbaşa vermişdi Qorbaçova. Qorbaçov da məktubun üstünə dərkənar qoymuşdu ki, yerində araşdırılsın və məruzə edilsin. Əlbəttə ki, bu, ermənilərin və Qorbaçovun Heydər Əliyevə qarşı etdikləri çoxsaylı provakasiyalardan biri idi. Məktubun altındakı imzalara gəlincə isə, məsələ belə olmuşdu. O vaxtlar Naxçıvanda Hərtun Mkrtıçyan adlı bir erməni vardı. Naxçıvanda anadan olmuşdu, Bakıda dərc olunan erməni dilində “Kommunist” qəzetinin Naxçıvan üzrə xüsusi müxbiri idi. Ermənistandan azərbaycanlılar Naxçıvana köçüb gələn zaman, biz də, şəxsən mən özüm də erməniləri yola saldıq Ermənistana. Hərtun da onların arasında idi. Moskvaya gedən məktubdakı 38 nəfərin imzasını da həmin bu Hərtun Mkrtıçyan saxtalaşdırmışdı. Məsələ bundadır ki, bu Hərtun həmin insanları yaxşı tanıyırdı. Amma görünür onun hafizəsi artıq korlanmışdı. Çünki biz imzaları araşdırmağa başlayanda məlum oldu ki, bu 38 nəfərdən 8-i hələ 20 il əvvəl dünyalarını dəyişiblər. Qalan 30 imzadan əksəriyyəti ümumiyyətlə adları keçən şəxslərin həqiqi imzalarına uyğun deyildi. Hərtunun oxşada bildiyi az bir qisim imzaların sahibləri də qəti şəkildə bildirdilər ki, biz ölümə gedərik, amma Heydər Əliyevin büstünün oradan götürülməsinə yol vermərik.



Ulu öndər Bakıya gəlişi zamanı təyyarədən düşdüyü zaman

- Yəqin ki, Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi illər sizin xatirələrinizdə xüsusi yer tutur...

- 1992-ci ildə mən heç gözləmirdim ki, Ulu Öndər məni Naxçıvana baş nazir vəzifəsinə təyin edər. Çünki həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin özünün 4 müavini var idi, Nazirlər Kabinetində də 4 nəfər müavin var idi, bundan başqa müəyyən tanıdığı insanlar da var idi. Amma Ulu Öndər bu vəzifəyə məni uyğun gördü. Həmin ərəfədə əvvəlcə məni qəbul etdi və tam səmimi şəraitdə keçən bu qəbul təxminən 45 dəqiqə çəkdi. Bir neçə gün sonra Heydər Əliyev məni sərəncamla Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsinə təyin etdi və Ali Məclisin binasında, 4-cü mərtəbədə yerləşən böyük iclas zalında bütün nazirləri, komitə sədrlərini, rayon rəhbərlərini yığaraq məni hamıya təqdim etdi. Bir gün də köməkçisi, hörmətli Vasif müəllim, hansı ki, indi Naxçıvanın Ali Məclisinin sədridir, mənə dedi ki, səni çağıracaq yanına. Ulu Öndərin qarşısında danışmaq çox çətin bir məsələ idi. Amma mən nəsə deməliydim və durdum, öz minnətdarlığımı bildirdim, dedim ki, mən Sizə vicdanla, namusla, qeyrətlə xidmət edəcəyəm, mən sizə sadiq olacağam. Dedim ki, hər şeyin ölçü vahidi var, bircə sədaqətin, səmimiliyin ölçü vahidi yoxdur. Onda Ulu Öndər iki barmağını masaya vurdu və dedi ki, Şəmsəddin onun da ölçü vahidi var. Sonra üç-beş saniyə fasilə verdi və yenidən iki barmağını masaya vurdu və bir də dedi: “Şəmsəddin, onun da ölçü vahidi var. Onun ölçü vahidi zamandır, vaxtdır. Vaxt-zaman göstərər ki, kim-kimə nə qədər səmimidir, vaxt-zaman göstərər ki, kim-kimə sadiqdir!”

Bir neçə aydan sonra ermənilər Naxçıvanın bütün kommunikasiyaların kəsdilər. İşıq, qaz, dəmiryolu əlaqəsi tamamilə kəsildi. Anklav şəraitində olan və yanacağı, ərzaq məhsullarının çox hissəsini Bakıdan alan Naxçıvan son dərəcə çətin vəziyyətdə qalmışdı. Ermənistan ərazisindən keçən dəmir yolu işləmədiyi üçün həmin məhsulların Naxçıvana gətirilməsi qeyri-mümkün idi. Bakı ilə əlaqə yalnız hava yolu vasitəsilə saxlanılırdı. Naxçıvandan Bakıya “Yak” təyyarəsilə 28 nəfər insan daşına bilirdi. Və belə bir ağır zamanda yenə də Heydər Əliyevin şəxsi nüfuzu, onun bütün dünyada olan hörməti Naxçıvanı böyük bəlalardan qurtardı. Ulu Öndərin qardaş Türkiyəyə və İrana etdiyi səfərlərdən bəzilərində onu müşayiət etdiyim üçün mən Heydər Əliyevə göstərilən ən səmimi hörmət və dərin ehtiramın canlı şahidi olmuşam.


- Şəmsəddin müəllim, elə yaxşı olardı ki, bu səfərlər zamanı baş vermiş yaddaqalan təfərrüatlar barədə də bir qədər danışasınız.

- Məmnuniyyətlə Sizə şəxsən şahidi olduğum üç epizod barədə danışaram. 1992-ci il mart ayında Türkiyə Respublikasının ovaxtkı Baş naziri Süleyman Dəmirəl Heydər Əliyevi qardaş ölkəyə dəvət etdi. Cənab Dəmirəl Ulu Öndərin arxasınca öz təyyarəsini göndərmişdi. Həmin görüşdə Naxçıvanla bağlı bir çox məsələlər müzakirə olunmuşdu. Tale elə gətirdi ki, Ulu Öndər Türkiyəyə bir neçə ay sonra baş tutmuş növbəti səfərində məni də özü ilə apardı. Həmin səfərin marşrutu belə idi ki, biz əvvəlcə avtomobillə Ərzurum şəhərinə getdik. Ordan da artıq təyyarə ilə Ankaraya yola düşdük. Ərzurumun valisi Heydər Əliyevin gəlişi şərəfinə böyük bir ziyafət verdi. Sonra biz dediyim kimi, təyyarə ilə Ankaraya yollandıq. Ankarada bizi hava limanında Baş bakanlığın nümayəndə heyəti qarşıladı və biz Süleyman bəyin iqamətgahına yollandıq. Baş bakanlığa çatdıqda Süleyman Dəmirəl özü çıxaraq Ulu Öndəri iqamətgahın həyətində qarşıladı. Qalxdıq yuxarı. Otaqda bir divan və iki kreslo var idi. Divanın bir başında Süleyman Dəmirəl, bir başında isə Heydər Əliyev əyləşdilər. Əyləşən kimi Süleyman bəy öz əlini Ulu Öndərin əlinin üzərinə qoydu və bir neçə saat davam edən görüşün sonuna qədər əlini çəkmədi. Bu əlbəttə ki, Heydər Əliyevə qarşı olan sonsuz hörmətin, rəğbətin və sevginin göstəricisi idi. Süleyman Dəmirəl Ulu Öndər haqqında belə demişdi: “Heydər Əliyev kimi şəxsiyyətlər dünyaya üç yüz ildə bir dəfə gəlir.”



Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xaçmazda Ulu öndərin abidəsi önündə Şəmsəddin Xan-Babayevlə səmimi söhbət zamanı

Bir müddət sonra biz İzmirdə keçiriən iqtisadi konqresdə iştirak etmək üçün oraya yollandıq. İzmirdə Ulu Öndər Turqut Özalla görüşdü. Həmin gün biz Azərbaycan dərnəyinə gedirdik Yolda avtomobilə zəng gəldi və dedilər ki, Turqut Özal Heydər Əliyevlə görüşmək istəyir. Əlbəttə ki, avtomobil geri döndü və biz qaldığımız “Şeraton” otelinə qayıtdıq. Onu da deyim ki, həmin oteldə olan və “kral dairəsi” adlanan üç ən yaxşı nömrənin biri Turqut Özal üçün, digəri Süleyman Dəmirəl üçün və üçüncüsü də Heydər Əliyev üçün ayrılmışdı. Turqut Özal Ulu Öndəri aşağıda qarşıladı və onlar səmimi görüşdükdən sonra təklikdə söhbət eləmək üçün yuxarı qalxdılar. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Konqres keçən zalda Türkiyənin dövlət və hökumət rəhbərləri üçün birinci sırada yer ayrılmışdı. Heydər Əliyev də məhz həmin yerə dəvət olundu. Sırada birinci Turqut Özal, sonra onun xanımı, daha sonra Heydər Əliyev və sonda Süleyman Dəmirəl əyləşdilər. Azərbaycandan gələn və tərkibində yüksək vəzifəli dövlət xadimləri olan nümayəndə heyəti isə hardasa 12-ci sırada yer almışdı. Həmin konqresdə ətraflı çıxış edən Ulu Öndər təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın dərdini danışdı və bu çıxış bitdikdən sonra ilk olaraq Turqut Özal ayağa qalxaraq Heydər Əliyevi ayaq üstə alqışladı.

Bir müddət sonra Ulu Öndər cənab Rəfsəncaninin dəvəti ilə İrana səfər etdi. Bu səfərin də Naxçıvan üçün böyük əhəmiyyəti oldu. İlk növbədə bu səfərin nəticəsində hələ sovet dönəmində Babək rayonu ərazisində, Araz çayı üzərində tikilmiş Su Elektrik Stansiyasının istehsal etdiyi elektrik enerjisi Naxçıvana yönəldildi. Heydər Əliyev İran ərazisi ilə Bakıya avtomobil yolunun açılmasına nail oldu. Şahtaxtıda ikinci körpü inşa olundu. Çox işlər görüldü... Amma mənim İran səfərini xatırlamaqda başqa məqsədim də var. İran Culfasında olarkən Ulu Öndər dedi ki, Xudafərin körpüsünü görmək istəyir. Mən zəng etdim, maşınımızı dəyişdilər və bir qədər sonra həmin maşınla biz gəlib çıxdıq İranın Ordubadla üzbəüz yerləşən bir Siyarı və yaxud da Siyaqut adlanan kəndinə. Maşından düşəndə yaşlı kənd əhalisi Heydər Əliyevi tanıdılar. O dəqiqə qurbanlar kəsilməyə başladı. İranın azərbaycanlılar yaşayan bu kiçik kəndində Ulu Öndərin ayaqları altında 21 ədəd qoç qurban kəsildi. Bax, budur bütün dünya azərbaycanlılarının ümummilli lideri olmağın əsl göstəricisi. Sonra biz yenidən maşına əyləşib əvvəlcə Aqaraka yollandıq. Bu qəsəbə artıq Ermənistanın Meqri rayonunun qəsəbəsidir. Burda biz gördük ki, Aqarak ərazisindən iranlılar Ermənistana böyük bir avtomobil körpüsü inşa ediblər. Nə qədər əngəl olmaq istəsəm də maşından düşdü. Mən də çalışıram mümkün qədər onun qarşısında durum. Körpünü nəzərdən keçirəndə gördük ki, körpünün yanı ilə Ermənistana 500 mm-lik qaz borusu da çəkilib. Əlbəttə ki, bütün bunlar Ulu Öndəri çox narahat edirdi. Burdan da çıxıb, bir müddət sonra Xudəfərinə çatdıq. Körpüdə 21-22 yaşlarında azərbaycanlı bir gənc əsgər avtomat silahla növbə çəkirdi. Nə qədər xahiş etsək də bizi körpüyə buraxmadı. Elə biz qayıtmaq barədə düşünürdük ki, birdən həmin gənc Ulu Öndərə müraciət edərək soruşdu: “Bağışlayın, Siz yoldaş Heydər Əliyev deyilsiniz?” “Bəli, bəs səni məni hardan tanıyırsan?” – deyə Ulu Öndər öz növbəsində sual verdi. Əsgərin də cavabı maraqlı oldu: “Mən Şəkidənəm. Rayonda evimizdə divardan xalça asılıb. Həmin xalçanın da üstündən atam Sizin şəklinizi asıb. Sizi ordan tanıdım. Xahiş edirəm, məni bağışlayın. Buyurub keçin, baxın.”

Sonra qayıtdıq Naxçıvana. Bu səfərdən üç gün sonra, gecə saat birdə Ulu Öndər mənə zəng etdi. Əvvəlcə soruşdu ki, işlər necədir? Dedim, hər şey qaydasındadır. Sonra heç gözləmədiyim halda mənə belə dedi: “Şəmsəddin, Aqarakdakı fədakarlığına görə çox sağ ol. Bəlkə sən elə bilirsən mən başa düşmürdüm niyə orda maşından düşəndə gəlib qarşımda dururdun? Guya məni vurmaq istəsələr güllə sənə dəysin?Amma yadında saxla, əgər məni vurmaq istəsəydilər, çoxdan vurmuşdular. Ən azı səndən bir metr hündürəm. Nə isə, məşğul ol...” Bu da Ulu Öndərin maraqlı bir tərzi idi. Telefon danışığını bitirəndən sonra sağ ol ifadəsi işlətməzdi. Deyərdi, məşğul ol.



Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Heydər Əliyev fondunun Prezidenti Mehriban Xanım Əliyeva Xaçmaz Heydər Əliyev parkında

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün etdiklərini nəinki olduğundan yüksək, hətta olduğu qədər, layiqincə qiymətləndirmək mümkün deyil. İlk olaraq Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə Muxtar Respublikanın əhalisini aclıqdan və səfalətdən, Naxçıvanın özünü isə birbaşa erməni işğalından qurtardı. Artıq 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra isə Heydər Əliyev ölkəni artıq başlamaq üzrə olan vətəndaş müharibəsindən qurtardı, xaosdan çıxardı və birmənalı olaraq dövlətçiliyimizin başı üzərindən qaçınılmaz məhv olmaq təhlükəsini sovuşdurdu. Ulu Öndər müasir, müstəqil Azərbaycan dövlətini qurdu. Bütün bunlarla yanaşı Heydər Əliyevin Azərbaycan üçün gördüyü ən vacib, ən əhəmiyyətli iş ondan ibarət oldu ki, Ulu Öndər İlham Heydər oğlu Əliyev kimi bir şəxsiyyəti yetişdirdi. Bu gün cənab İlham Əliyevin Azərbaycan Prezidenti olması Azərbaycan xalqının səadətidir, xoşbəxtliyidir. Bunu gündən-günə abadlaşan, gözəlləşən və müasirləşən şəhərlərimiz, qəsəbə və kəndlərimiz sübut edir, insanlarımızın getdikcə yüksələn rifahı sübut edir, artan pensiyalar və azalan işsizlik sübut edir. Bunu müstəqil dövlətimizin gündən-günə artan iqtisadi gücü, hərbi qüdrəti, beynəlxalq nüfuzu sübut edir. Və nəhayət ən əsası, bunu işğaldan azad edilmiş Vətən torpaqlarının hər qarışı sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın tarixində son üç əsrdə görünməmiş bir nailiyyətə imza atdı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovdu və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu tarixi Qələbə sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının tarixinə ən şərəfli səhifələrdən biri kimi yazıldı. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu taleyüklü məsələdə də öz sözünü tutdu və bununla həm Ulu Öndərin ruhunu şad etdi, həm də Azərbaycan xalqının qürurunu özünə qaytardı.



Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyinə qovuşdu, inkişaf və tərəqqi yoluna qədəm qoydu. Heydər Əliyev bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Bu gün bütün dünya azərbaycanlıları öz ümummilli liderləri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü böyük ehtiramla ilə qeyd edirlər. Heydər Əliyev dühası Allahın Azərbaycan xalqına bəxş etdiyi ən böyük sərvətidir! Nə qədər ki, Azərbaycan dövləti var olacaq, Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq!

aia.az
Geri dön