Ana Sayfa > Təhsil > Fuad Bədəlov: “Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər təqdim olunub”
Fuad Bədəlov: “Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər təqdim olunub”16-04-2021, 17:11. Yazar: sevinc1 |
“Aprelin 13-də ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda etdiyi çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin toxunduğu vacib məsələlərdən biri də tarixin təhrif olunmasının yolverilməzliyi barədədir. Bizim ərazilərimiz 30 il işğal altında qalıb. Bütün bu illər ərzində ermənilər həmin torpaqların tarixini saxtalaşdırmağa çalışıblar. Lakin artıq buna son qoyuldu. Möhtərəm Prezidentimizin də dediyi kimi, münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının İdarə Heyətinin üzvü Fuad Bədəlov deyib. RTŞ müdiri qeyd edib ki, xüsusilə gənc nəslin tarixi həqiqətləri olduğu kimi bilmələri son dərəcə vacibdir: “Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir. Əlbəttə ki, Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaq. Dövlət başçımızın da dediyi kimi, əgər Ermənistanda kimlərsə yenə də revanşist şüarlar səsləndirməyə qalxarlarsa, bu, erməni xalqına daha böyük bədbəxtliklərdən başqa heç nə gətirməz.” Daha sonra Fuad Bədəlov qeyd edib ki, beynəlxalq konfransın iştirakçılarına Azərbaycanın işğaldan azad edilmiş ərazilərinəə ezam olunaraq, ermənilərin orada törətdikləri bütün vəhşiliklərin nəticələrini, eyni zamanda da ərazilərin həmişəlik işğalda saxlanmasına hesablanmış hərbi-mühəndis qurğularını öz gözləri ilə görmək imkanlarının verilməsi də çox düşünülmüş diplomatik gedişdir: “İlk növbədə konfrans iştirakçıları Ermənistan ordusu tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və artıq heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz. Həmçinin konfrans iştirakçıları işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun orada yaratdığı nəhəng istehkamları, müdafiə xətlərini görmüşlər. Artıq hər kəs etiraf etmək məcburiyyətindədir ki, rəsmi İrəvanın niyyəti münaqişənin dondurulması olub. Ermənistan münaqişənin həllini istəməyib. Onlar müdafiə qurğularının tikintisinə milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər. Həmçinin konfrans iştirakçıları Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev konfransda etdiyi çıxışında son dərəcə dəqiq vurğuladı ki, Ermənistan Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə bildilər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Həmçinin bizim bir çox şəhər, qəsəbə və kəndlərimiz erməni vəhşiliyinin qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Təbii ki, bu hücumlar nəticəsiz qalmayıb və bu gün beynəlxalq konfransın iştirakçıları erməni vəhşiliyinin buraxdığı bu izləri açıq-aşkar görmək, baş verənləri araşdırmaq və müvafiq nəticəyə gəlmək imkanları əldə etdilər.” Sonda Fuad Bədəlov belə bir məqamı da vurğulayıb ki, Azərbaycan öz qələbəsini Prezidentimizin polad iradəsi, dövlətimizin iqtisadi gücü, ordumuzun qüdrəti və xalqın birliyi sayəsində əldə etmişdir: “2003-2020-ci illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə biz bunu həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Əlbəttə ki, güclü ordunun yaradılması güclü iqtisadiyyat tələb edir. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. İşğalçı Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər quruldu. Həmçinin digər ölkələrlə də qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında əsasında münasibətlər quruldu. Lakin rəsmi İrəvan bütün bu illər ərzində Azərbaycanın dəyişildiyini və gücləndiyini dərk edə bilmədi. Buna görə də indi Ermənistan məğlub və misgin bir ölkəyə çevrilmişdir. Azərbaycanın Qələbəsi isə həm ölkəmizin, həm də regionun inkişafında yeni bir mərhələ açıb. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda artıq bütün dünya gücləri Azərbaycana yeni və tam fərqli bir yanaşma tərzi formalaşdırmaq məcburiyyətində olduqlarını qəbul etdilər. ” Abbas Abbasov Elbrus Bağırov aia.az Geri dön |