Ana Sayfa > Manşet / Siyasət > Səfa Ağayev: “Dövlət xidmətlərinin əlçatanlığı şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin operativ həllinə xidmət edir”

Səfa Ağayev: “Dövlət xidmətlərinin əlçatanlığı şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin operativ həllinə xidmət edir”


13-04-2021, 17:07. Yazar: sevinc1
Səfa Ağayev: “Dövlət xidmətlərinin əlçatanlığı şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin operativ  həllinə xidmət edir”

“Postmüharibə dövründə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının sosial problemlərinin operativ həlli istiqamətində dövlətimiz tərəfindən atılmış ən mühüm addımlardan biri də bu məsələlər üzrə dövlət təşəbbüslərinin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsidir. Sosial siyasətin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, vətəndaşların dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev deyib. Həmçinin təşkilat sədri vurğulayıb ki, institusional təşəbbüslər sayəsində dövlət siyasətinin sosialyönümlülüyü qorunur: “Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə hər zaman diqqət və qayğı göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Bununla yanaşı Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli Qərarına əsasən, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi komissiya yaradılaraq fəaliyyətə başlayıb. Bütün bunlara əsaslanaraq əminliklə demək olar ki, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının qayğıları hər zaman olduğu kimi, bundan sonra da diqqət mərkəzində saxlanılacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir.”

Öz açıqlamasında Səfa Ağayev dövlətin institusional təşəbbüslərinin milli birlik və həmrəylik mühitinin qorunub saxlanması və daha da genişləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb etdiyini qeyd edib: “Dövlətin institusional təşəbbüslərindən biri kimi Qarabağ Dirçəliş Fondunun yaradılması ilə ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti özünü daha qabarıq şəkildə ifadə edir. Fond işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edir, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirir. Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Fondun yaradılması dövlətin Qarabağ siyasətinin bir təzahürüdür. Əminliklə demək olar ki, məhz bu siyasətin məntiqi nəticəsi olaraq, ən qısa zamanda ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər salınacaq, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək.”

Daha sonra Səfa Ağayev dövlət qayğısının digər təzahürlərindən bəhs edərək bildirib ki, Vətən müharibəsinin heç bir iştirakçısı dövlətin diqqət və qayğısından kənarda qalmayacaq: “Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə xüsusi Komissiya yaradılmışdır. Hazırda hərbçilərin tibbi sosial ekspertiza ilə təmin olunmaları istiqamətində iş aparılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir. Bundan başqa döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım göstərilməsi istiqamətində zəruri tədbirlər görülür. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Vətən müharibəsinin heç bir iştirakçısı dövlətin diqqət və qayğısından kənarda qalmayacaq.”

Ayxan Babayev
Orxan Musayev
aia.az

Geri dön