Ana Sayfa > Media > Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün dünyaya nümunədir

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün dünyaya nümunədir


6-04-2021, 17:52. Yazar: sevinc1
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün dünyaya nümunədir

Son vaxtlar Azərbaycanda baş vermiş siyasi-hərbi hadisələr ölkəmizə beynəlxalq birliyin, dünya dövlətlərinin xüsusi ilə Türkiyənin geniş miqyasda dəstəyinin ifadə olunması, dövlətlərarası qardaşlıq və dostluq münasibətləri baxımından çox əhəmiyyətlidir.

Bu gün yüksək səviyyəli əməkdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə yüksəlmişdir. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin davamlı inkişafına şərait yaradır. Ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuş ikitərəfli münasibətlərimiz bütün istiqamətlər üzrə genişlənir. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr genişlənir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb.

Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə - 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri uğurlu olmuş, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf etmişdir. Ulu Öndərimiz deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.

Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz, əbədi qardaşlıq münasibətləridir. Qarşılıqlı bağlar ölkələrimizi həmişə bir-birinə doğma edib. Qardaş Türkiyənin həm 30 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı, həm də 44 günlük Vətən Müharibəsi dövründə ortaya qoyduğu qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir.

Soy-kök, milli və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə əlaqələri böyük perspektivə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir... Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir".

44 günlük Vətən Müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyə mediyasının 44 günlük Vətən Müharibəsində həm haqq işimizi dünyaya çatdırması, həm də cəbhə bölgəsində və Gəncədə olan hadisələri hadisə yerindən birbaşa canlı yayımlar verərək bütün dünyaya işığlandırması doğma qardaşlığını sübut etdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.Biz bilirik ki, bu münasibətlər bizim aramızda əbədidir. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə şanlı Zəfər Paradında da bizi tək qoymadı. Cənab Rəcəb Tayyip Ərdoğanın səfəri Azərbaycanda hər kəsi sevindirdi, qürurlandırdı . “ Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək.Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.” deyən Rəcəb Tayyib Ərdoğanın bu sözləri hər bir Azərbaycanlının qələbə sevincini daha da artırdı. Keçirilən Zəfər Paradında 2783 Türk əsgərinin iştirak etməsi mənəvi dəstək mənası daşıyırdı. Çünki Zəfər Paradı dönəmində Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində Şəhid əsgər sayı 2783 olub.

Qalib Ordunun Ali Baş Komandanının Zəfər Paradında çıxışı zamanı dediyi

“Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.” sözləri bir daha sübut etdi ki, Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” fikirlərinə əsaslanan ikitərəfli münasibətlərimiz bu gün ölkə Prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir.

Azərbaycan-Türkiyə Prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı – dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin , inkişafın və həmrəyliyin qarantıdır. İki qardaş ölkənin həmrəyliyi dostlarımız üçün qürur mənbəyi, düşmənlərimizə göz dağıdır.


Aydın Şixəliyev
YAP Saatlı rayon təşkilatının məsul işçisi
aia.az

Geri dön