Ana Sayfa > Manşet / Siyasət > İbrahim Cəfərov: “Türk dünyası Azərbaycanın tarixi Qələbəsilə qürur duyur”

İbrahim Cəfərov: “Türk dünyası Azərbaycanın tarixi Qələbəsilə qürur duyur”


6-04-2021, 10:19. Yazar: sevinc1
İbrahim Cəfərov: “Türk dünyası Azərbaycanın tarixi Qələbəsilə qürur duyur”

“Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqların bir təzahürü kimi, Zəngəzur dəhlizi bütün Türk dünyası üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə səslənən fikirlər də bunu bir daha təsdiq etdi.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov deyib.

İbrahim Cəfərov bildirib ki, Türk Şurasının Zirvə görüşü Azərbaycanın bu təşkilata sədrlik etdiyi dövrdə əldə olunan nailiyyətlərin böyük əhəmiyyətini nümayiş etdirdi: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşü ilk növbədə bütün dünyaya göstərdi ki, təşkilata üzv olan dövlətlərin həmrəylik və dostluq əlaqələri bu gün hər zaman olduğundan daha yüksək səviyyədədir. Dövlət başçıları Prezident İlham Əliyevə Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə öz səmimi təbriklərini çatdırmaqla ölkələrinin Azərbaycanla həmrəy olduqlarını bir daha təsdiq etdilər. Çıxışlarda xüsusi olaraq qeyd edildi ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə Türk Şurasının həm gücünü, həm də nüfuzunu daha çox artırmış oldu. Bütün Türk dünyası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı vurğulayaraq demişdir: “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.”

Daha sonra ADAU-nun rektoru qeyd edib ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı torpaqlarda xalqımıza qarşı törətdiyi qanlı cinayətlərin layiqli cavabını döyüş meydanında aldı: “30 il ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törədiblər. O cümlədən 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq olmaqla 600-dən çox günahsız, dinc insan vəhşicəsinə qətlə yetirilib. Həmçinin müxtəlif addımlarla Ermənistan hər zaman Azərbaycanı təxribata çəkməyə can atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəniyyət paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, əlbəttə ki, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də təxribat xarakterli addım idi. Ermənistan keçən ilin yayında Azərbaycana qarşı növbəti hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəşə tutuldu. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu.”

Həmçinin professor İbrahim Cəfərov keçirilən Zirvə görüşündə Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığının qeyd olunduğunu bildirib: “Azərbaycanın tarixi qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. O cümlədən bu imkanlar Türk Şurasının Zirvə görüşündə də çox yüksək qiymətləndirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladı. Dövlətimizin başçısı dedi ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. O cümlədən Ermənistan da bu imkanlardan yararlanmaq şansı alacaq. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir.”

Abbas Abbasov
aia.az

Geri dön