Ana Sayfa > Gündəm > Mirəlif Əzizov: “Türk dünyası daha da güclü olacaq”

Mirəlif Əzizov: “Türk dünyası daha da güclü olacaq”


5-04-2021, 10:30. Yazar: sevinc1
Mirəlif Əzizov: “Türk dünyası daha da güclü olacaq”


“Zəngəzurdan keçən nəqliyyat dəhlizi bütün türk dünyasını birləşdirəcək. Buradan həyata keçiriləcək beynəlxalq kommunikasiya layihələri region ölkələri və bütün Avrasiya məkanı üçün əlavə imkanlar yaradacaq.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Sabirabad Mexaniki Suvarma İdarəsinin rəisi, YAP Sabirabad rayon təşkilatının üzvü Mirəlif Əzizov deyib.

İlk növbədə Mirəlif Əzizov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarının Vətən müharibəsində əldə olunmuş Qələbə münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbriklərində bütün Türk dünyasının yaşadığı böyük qürur hissinin əks olunduğunu vurğulayaraq bunları deyib: “Heç şübhəsiz Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Türk Şurasının Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarının Ölkə Prezidenti cənab İlham Əliyevə ünvanladıqları təbriklər də bunu bir daha aşkar nümayiş etdirdi. Xüsusi olaraq qeyd olundu ki, 2020-ci il türk dünyası üçün həqiqətən də Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bu məqamı vurğulayaraq bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: “Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Daha sonra dövlətimizin başçsı yaranmış yeni reallıqlar fonunda açılan iqtisadi imkanlardan ən vacibi olaraq da məhz Zəngəzur dəhlizini qeyd edərək belə dedi: “Münaqişənin həlli nəticəsində yaradılan yeni imkanlar arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq.” Beləliklə Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiyanı Avropa ilə birləşdirməklə bütün Türk dünyasını daha da güclü edəcək.”

Daha sonra Mirəlif Əzizov xüsusilə son iki ildə rəsmi İrəvanın işğalçı siyasəti və ardıcıl törədilən provokasiyalar səbəbilə münaqişənin sülh yolu ilə həllini mümkünsüz olduğunu qeyd edərək bildirib ki, Azərbaycana öz torpaqlarını yalnız müharibə yolu ilə azad etməkdən başqa heç bir seçim buraxmadılar: “Bu günün reallıqlarından dönüb yaxın keçmişə nəzər saldıqda görürük ki, ermənilərin və onlara havadarlıq edən qüvvələrin səyləri nəticəsində Qarabağ münaqişəsi az qala artıq həmişəlik dondurulmuş vəziyyətə gətirilmək üzrə idi. Möhtərəm Prezidentimizin də öz çıxışında qeyd etdiyi kimi, əgər əvvəlki illərdə Ermənistan danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç ildə faktiki olaraq danışıqlardan imtina edir, hətta nümayişkaranə şəkildə bildirirdi ki, işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmayacaq. Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Dünyanın ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının bu münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmurdu. Halbuki, Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr tərəfindən Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və müvafiq sanksiyalar tətbiq edilsəydi, məsələ sülh yolu ilə öz həllini tapa bilərdi. Lakin bu baş vermədi. Əksinə, cəzasızlıq mühiti ermənilərin əl-qolunu bir qədər də açdı. Ard-arda təxribatlar törədilməyə başandı. Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasimi keçirildi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti Şuşa şəhərinə köçürüldü və bu qədim Azərbaycan şəhərində həmin qondarma parlament üçün binan inşa edildi. Bütün bunlar əlbəttə ki, ölkəmizə və xalqımıza qarşı böyük təhqir idi. Həmçinin Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəşə tutuldu. Ermənistanın belə təxribatlarının və xalqımıza qarşı törətdiyi qanlı cinayətlərin sayı-hesabı yoxdur. Bu səbəbdən də Azərbaycan hərbi yolla öz torpaqlarını qaytarmağa məcbur oldu.”

Həmçinin Mirəlif Əzizov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində zəfər qazanmasında qardaş Türkiyənin bizə verdiyi mənəvi-siyasi dəstəyin böyük rolu olmuşdur: “Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldı. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bəyanatda deyilirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, Azərbaycana imkan verdi ki, əks-hücum əməliyyatlarını hər hansı bir kənar qüvvənin müdaxiləsi olmadan həyata keçirsin. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu.”

Orxan Əsədov
Murad Məmmədov
aia.az

Geri dön