Ana Sayfa > Manşet / Seçki 2024 > Sahib Şükürov: “Qalib Azərbaycan Türk dünyasının gücünə güc qatdı”

Sahib Şükürov: “Qalib Azərbaycan Türk dünyasının gücünə güc qatdı”


2-04-2021, 18:12. Yazar: sevinc1
Sahib Şükürov: “Qalib Azərbaycan Türk dünyasının gücünə güc qatdı”

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşü ölkəmiz üçün xüsusilə əlamətdar oldu. Bu tədbirə ərazi bütövlüyünü təmin etmiş Qalib ölkə kimi qatılan Azərbaycan, öz tarixi qələbəsi ilə bütün Türk dünyasının gücünə güc qatmış oldu.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deyib.

Bu gün türk dövlətlərinin birliyi üçün çox ciddi əsasların olduğunu deyən təşkilat sədri bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xüsusilə son illər bu istiqamətdə fəaliyyəti yüksək effektivliyi ilə diqqəti cəlb edir: “Bildiyiniz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi əsasında yaradılıb. Bununla da konkret olaraq türkdilli dövlətlərin birliyini koordinasiya edən işlək bir mexanizm, struktur yaradıldı. Qurumun ən üst qatı dövlət başçılarının zirvə görüşləridir. Demək lazımdır ki, ötən illər ərzində Türk Şurası son dərəcə səmərəli fəaliyyət göstərib və böyük nailiyyətlər qazanıb. Türk dövlətlərinin bir birinə siyasi, strateji yaxınlaşmaları və türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması, eləcə də türk dövlətləri arasında hər hansı bir kiçik münaqişəyə imkan verməyəcək qədər bir vəhdətin təmin olunması baxımından ciddi uğurlar əldə olunub. 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra Azərbaycan bu təşkilata sədrlik edir. Qeyd etmək lazımdır ki, ötən ilin aprel ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən COVID-19-a həsr edilmiş Zirvə görüşü də qlobal pandemiya ilə mübarizə baxımından böyük önəm kəsb etmiş oldu. Qürurverici haldır ki, bu mövzuda beynəlxalq səviyyədə ən vacib və əhəmiyyətli tədbirlər məhz möhtərəm dövlət başçımızın təşəbbüsü ilə keçirilmişdir və Azərbaycan qlobal pandemiya ilə mübarizədə hər zaman aktiv mövqelərə sahib olmuşdur.”

Daha sonra Sahib Şükürov Türk Şurasının Zirvə görüşündə Vətən müharibəsində əldə olunmuş Qələbə münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbriklərdə bütün Türk dünyasının yaşadığı böyük sevinc və sonsuz fərəh hisslərinin əks olunduğunu qeyd edərək bunları deyib: “Zirvə görüşündə söylənən fikirlər və xüsusilə də Ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlanan təbriklər bir daha aşkar nümayiş etdirdi ki, Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Təşkilata üzv dövlətlərin başçıları da öz çıxışlarında xüsusi olaraq qeyd etdilər ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Prezident İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı vurğulayaraq bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: “Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Beləliklə də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə əslində bütün Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən bir Zəfərdir. Azərbaycan öz tarixi qələbəsi ilə bütün Türk dünyasının gücünə güc qatmış oldu.”

Sahib Şükürov həmçinin Türk Şurasının Zirvə görüşündə Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda istər region ölkələri qarşısında, istərsə də ümumilkdə Avrasiya məkanında açılan böyük iqtisadi inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyini vurğulayıb: “Azərbaycanın tarixi qələbəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Öz növbəsində bu reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açmış oldu. Bu imkanlar Türk Şurasının Zirvə görüşündə də çox yüksək qiymətləndirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladı. Öz çıxışında dövlətimizin başçısı dedi ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. O cümlədən Ermənistan da bu imkanlardan yararlanmaq şansı alacaq. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir.”

Sonda Sahib Şükürov bir çox Avropa dövlətlərinin də Türk Şurasının fəaliyyətini yaxından izləmələrini bu təşkilatın getdikcə artan nüfuzun daha bir göstəricisi olduğunu qeyd etdi: “Xüsusilə son illər Türk Şurasının dünyada nüfuzu durmadan artmaqdadır. Bu gün artıq 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olması da bu yüksək nüfuzun bir göstəricisidir. Halbuki, yeni yaradıldığı zaman Türk Şurasında müşahidəçi qismində çıxış edən yeganə dövlət Macarıstan idi. Qeyd etmək lazımdır ki, Avropa Birliyinin tamhüquqlu üzvü olan Macarıstan özünü türk dünyasının tərkib hissəsi hesab edir. Bu isə Türk dünyasının daxili coğrafiyasının genişlənməsinin daha bir göstəricisidir.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az

Geri dön