Ana Sayfa > İqtisadiyyat > Riskli vergiödəyiciləri barədə məlumatı necə əldə etmək olar?

Riskli vergiödəyiciləri barədə məlumatı necə əldə etmək olar?


2-04-2021, 16:03. Yazar: sevinc1
Riskli vergiödəyiciləri barədə məlumatı necə əldə etmək olar?

Dövlət Vergi Xidməti tərəfindən riskli vergiödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı yaradılıb və vergiödəyicisinin riskli vergiödəyicisi olub-olmaması haqqında məlumat kommersiya (vergi) sirri hesab edilmir.

AİA.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, riskli vergiödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergiödəyicisinin riskli vergiödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

Vergi Məcəlləsinə əsasən, riskli vergiödəyicilərinə münasibətdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergiödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxsdir.

Vergiödəyicisinin riskli vergiödəyicisi olması, habelə riskli vergiödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir.

Eyni zamanda, vergiödəyicisi digər bir vergiödəyicisinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, "Riskli vergiödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər.


Geri dön