Ana Sayfa > Parlament > Ağdamda minaya düşənlərdən ikisi Bakıya gətirildi

Ağdamda minaya düşənlərdən ikisi Bakıya gətirildi


17-03-2021, 17:43. Yazar: sevinc1
Ağdamda minaya düşənlərdən ikisi Bakıya gətirildi


Martın 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən şəxslərdən ikisi Bakıya gətirilib.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının I müavini Allahverən Əliyev deyib.

O bildirib ki, hadisə nəticəsində xəsarət alan Hüseynov Akif Muxtar oğlu və Abdulov Bəhruz Nadir oğlu xəstəxanaya yerləşdirilsə də, vəziyyətləri ağır olduğundan onlar Bakıya gətirilib. A.Hüseynov Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, B.Abdulov isə əvvəlcə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, oradan Respublika 1 saylı Klinik Xəstəxanasına köçürülüb. Hazırda həmin şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə zamanı xəsarət alan Hüseynov Anar Akif oğlu isə Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir.

Xatırladaq ki, mayın 16-da saat 16 radələrində 6 mülki şəxs Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlu xəsarət alıb, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlu həlak olub, hadisə yerində olan azyaşlı Hüseynov Hüseyn Razi oğlu isə hər hansı bir xəsarət almayıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

aia.az
Geri dön