Ana Sayfa > Manşet / Siyasət > Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ətrafında yaradılmışdır

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ətrafında yaradılmışdır


16-03-2021, 11:36. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ətrafında yaradılmışdır



Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır. Onun siyasi təcrübəsi, bilikləri xalq qarşısında göstərdiyi xidmətlər Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik, Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-cı illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı.

Müstəqilliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyət yox idi. Ölkədə idarəolunmaz bir vəziyyət yaranmışdı. Cəmiyyətin daxilində qarşıdurmalar geniş vüsət almışdı. Azərbaycan dövlətinin mövcudluğunu şübhə altına alan ictiami-siyasi situasiya xalqda gələcəyə böyük inamsızlıq yaratmışdı. Azərbaycan yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən ölkəmizə olan xarici təzyiqlər və təhdidlərin miqyası günü-gündən kifayət qədər böyüyür, digər tərəfdən ölkəyə rəhbərlik edənlər müstəqilliyin nə qədər qiymətli bir nemət olduğunu sözün tam mənasında dərk edə bilmir və bütün proseslərə yalnız fərdi siyasi maraqlar kontekstindən yanaşırdılar. Azərbaycan xalqı isə əliyalın, heç bir kənar dəstək hiss etmədən tarixi haqlarının bərpası uğrunda mübarizəyə girişmişdi, cəbhədə ermənilərin silahlanmış dəstələrinə qarşı hərbi sursatın köməyi olmadan, nizamsız şəkildə müqavimət göstərirdi. Xalqın önündə getmək və yaranmış ağrılı situasiyadan optimal çıxış yolları tapmaq üçün Azərbaycana rəhbərlik etdiyi dövrdə öz xalqının həqiqi və layiqli Lideri olduğunu sübut edə bilmiş Heydər Əliyevə ehtiyac duyulurdu. Hamı düşünürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev qurtara bilər və bu, cəmiyyətin ümumi qəti qənaətinə çevrilmişdi.

Heydər Əliyevin yenidən hakimiyyətə gəlişini doğuran bəzi məqamlara diqqət yetirərkən hər şeydən əvvəl bir mühüm faktı nəzərə almaq lazımdır ki, Heydər Əliyev hələ Sovetlər İttifaqının dövründə Azərbaycanda kifayət qədər böyük işlər görmüşdü. O, qısa vaxt ərzində İttifaqın çoxsaylı problemlər içərisində qalmış respublikalardan biri olan Azərbaycanı ön sıralara çıxarmış, iqtisadiyyatda ciddi nailiyyətlərə imza atmış, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görmüşdür. Onun respublikamıza rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatında əsaslı inkişafa nail olunmuş, sənayenin dirçəldilməsi təmin edilmiş və ictimai-mədəni həyatın bütün sferalarında uğurlar qazanmışdır. Azərbaycanda sənayedə istehsal 3 dəfə yüksəlmiş, kənd təsərrüfatı məhsullarının istehsalı 6 dəfə artmışdır. 1969-cu ildə orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-cı ildə 4-cü yerə yüksəlmişdir. Milli mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına da böyük diqqət göstərmişdi. Heydər Əliyev çox böyük təzyiqlərə, maneələrə baxmayaraq 1978-ci ildə Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etməyə də müvəffəq olmuşdu. Heydər Əliyev Siyasi Büronun tarixində ilk və yeganə azərbaycanlı deyildi, O, həm də ilk və yeganə müsəlman, türk idi. Bu Heydər Əliyevin şəxsiyyətinin əzəmətini bütün çalarları ilə özündə ehtiva etməyə qadir bir faktdır.

Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur.

1992-ci ilin iyun ayından etibarən “Əlincə” cəmiyyətində Heydər Əliyevin Liderliyi ilə yeni bir partiyanın təsis olunması və siyasi mübarizənin partiya müstəvisinə keçirilməsi haqqında ideya meydana çıxdı. 1992-ci ilin iyul ayının 11-də bir qrup ziyalı Naxçıvana Heydər Əliyevlə görüşə getdi. Məqsədləri o idi ki, Heydər Əliyev hökmən siyasi hakimiyyətə qayıtmalıdır və xalqı bu ağır vəziyyətdən qurtarmalıdır. Bunu üçün isə onun rəhbərliyi altında partiyanın yaranması lazımdır. Bu təklifə Heydər Əliyevə “hə” deməyir, amma etiraz da etməyir.

1992-ci ilin 24 oktyabrında AXC-Musavat hakimiyyəti Naxçıvanda dövlət çevrilişi həyata keçirməyə cəhd etdi. Məhz bu hadisə xalqın Heydər Əlyevə etimadının nə qədər dərin köklərə malik olduğunu göstərdi, Naxçıvan camahatı Heydər Əliyevi öz bağrına basaraq, hakimiyyətin hücumlarından müdafiə etdi. Həmin hadisənin səhərisi, yəni oktyabrın 25-də Heydər Əliyev “91-lər”in müraciətinə müsbət cavab verir və onun ideyaları əsasında qurulacaq partiyanın yaranması ilə razılaşır.

Bundan sonra partiyanın yaradılması və qeydə alınması istiqamətində zəruri olan tədbirlərin həyata keçirilməsi başlayır və 1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilir. Təsis konfransını Naxçıvanda keçirilməyinə səbəb Bakıda buna ciddi maneələrin göstərilməsi və Heydər Əliyevin Bakıya gəlməsinin təhlükəli olması ilə bağlı idi. Buna görə də Azərbaycanın bütün regionlarını təmsil edən 45 nəfər ziyalı Bakıdan partiyanın təsis konfransını keçirmək üçün Naxçıvana gedib. Bu ziyalıların içərisində tanınmış siyasətçilər, deputatlar, hətta qadınlar da var idi. Elə həmin ilin dekabrında partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçir və Azərbaycanın həyatında müstəsna rol oynayan, gəlcəkdə də bu tarixi missiyanı şərəflə davam etdirməyə qadir, Heydər Əliyev şəxsiyyətinin əzəmətinə güvənən insanların cəmləşdiyi möhtəşəm bir siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası yaranır.

Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Ölkədə iqtisadi və siyasi böhranın daha da dərinləşməsi, cəbhə xəttində yaşanan uğursuzluqlar, cəmiyyətdə mənəvi deqredasiyanın güclənməsi Heydər Əliyevin hakimiyyətə gəlişinin mövcud reallıqların diqtəsi ilə ortaya çıxan tarixi zərurət olduğunu bir daha təsdiqlədi. Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edən bir qərara imza ataraq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyunundan müstəqil Azərbaycan dövlətinin tarixində yeni və uğurlu bir mərhələ start götürür.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərini təmin edən, keçmişin inkar siyasətindən fərqli olaraq təkamül yolunu üstün tutan, idarəetmə sisteminin formalaşmasında müstəsna rol oynamış tarixi şəxsiyyətdir. Onun həyat yolu Azərbaycan dövlətçiliyinin yüksəlişi, xalqın milli tərəqqi yoludur. Siyasi fəaliyyətinin hər bir məqamı öz xalqının mədəni intibahına, iqtisadı və siyasi yüksəlişinə xidmət edən uğurlarla zəngindir. Xalqımızın son beş yüz illik tarixində milli dövlətçiliyimizin formalaşmasında Heydər Əliyev qədər böyük rol oynamış ikinci bir şəxsiyyət tapmaq mümkün deyildir və bu həqiqət tarixin istənilən mərhələsində öz aktallığını qoruyub saxlayacaqdır.



Lütvəli Şıxəliyev
YAP Saatlı rayon təşkilatının sədri
aia.az

Geri dön