Ana Sayfa > Manşet / Təhsil > İbrahim Cəfərov: “Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi prioritetlər milli maraqlara əsaslanır”
İbrahim Cəfərov: “Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi prioritetlər milli maraqlara əsaslanır”9-03-2021, 16:03. Yazar: sevinc1 |
“Dünyanın bir çox böyük güclərinin maraqlarının kəsişdiyi nöqtə olan Cənubi Qafqaz kimi strteji bir bölgədə geniş miqyaslı hərbi əməliyyatlara başlamaq haqqında qərar vermək üçün bir dövlət başçısından son dərəcə möhkəm iradə, qətiyyət, özünə və rəhbərlik etdiyi ölkəyə, xalqına sonsuz inam tələb olunur.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov deyib. Əməkdaşımızın suallarını cavablandıran müsahibimiz vurğulayıb ki, Vətən müharibəsində əldə olunmuş şanlı Qələbəmiz təkcə son illərin deyil, ümumilikdə Azərbaycan tarixinin ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Həmçinin İbrahim Cəfərov bu Qələbənin əldə olunmasında Prezident İlham Əliyevin siyasi iradəsinin müstəsna rol oynadığını da xüsusi olaraq qeyd etmişdir: “Azərbaycanın həyatında ötən il baş vermiş ən mühüm hadisə sözsüz ki, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Bu barədə bəzi fikirlərimi açıqlamadan öncə mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu tarixi Zəfər təkcə ötən ilin və ya son illərin deyil, deyərdim ki, Azərbaycan tarixinin ən əhəmiyyətli və ən fəxarətli hadisələrindən biridir və bu Qələbənin əsasında duran ən vacib amillərdən biri Ölkə Prezidenti cənab İlham Əliyevin yenilməz siyasi iradəsi olmuşdur. Əminəm ki, adi vətəndaşlar üçün televiziya ekranlarından və ya digər informasiya mənbələrindən alınan xəbərlər əsasında hər hansı əhəmiyyətli bir hadisə ətrafında gedən proseslərin gərginliyini, başqa sözlə desək pərdəarxası məqamların ciddiliyini və ağırlığını tam olaraq qiymətləndirmək demək olar ki, mümkün deyil. O cümlədən dünyanın bir çox böyük güclərinin maraqlarının kəsişdiyi nöqtə olan Cənubi Qafqaz kimi strteji bir bölgədə hərbi əməliyyatlara başlamaq haqqında qərar vermək üçün bir dövlət başçısından nə qədər möhkəm iradə, qətiyyət, özünə və rəhbərlik etdiyi ölkəyə, xalqına inam tələb olunduğunu təsəvvür etmək belə çətindir. Otuz il ərzində həmin dünya gücləri Azərbaycanın öz torpaqlarının itirilməsilə barışması üçün əllərindən gələni etdilər. Lakin bütün bu müddət ərzində Azərbaycan öz məqsədinə doğru getdi. Xüsusilə son 17 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev münaqişə ilə bağlı dünyanın ən mötəbər kürsülərindən etdiyi bütün çıxışlarında deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Az qala bütün dünyanın bir ağızdan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur dediyi vaxtlarda belə, Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə biz bunu həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, hərbi yol istisna edilsin. Lakin Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. Nəhayət Azərbaycan 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində öz ərazi bütövlüyünü tam bərpa etdi. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq.” Daha sonra professor İbrahim Cəfərov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, müəyyən etdiyi prioritetlər hər zaman milli maraqlara əsaslanıb və ölkənin, xalqın və dövlətin mənafelərinə xidmət edib: “Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan köklü surətdə bölgəmizdə vəziyyəti dəyişdirə bildi. Dövlətimizin başçısı xarici siyasətlə bağlı çıxışlarında hər zaman deyib ki, prioritetlər arasında qonşu ölkələrlə əməkdaşlıq xüsusi yerə malikdir. Amma bununla bərabər, Azərbaycan bütün başqa ölkələrlə də münasibətlər qurdu. O cümlədən ölkəmiz Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Diqqətəlayiq haldır ki, “Şərq tərəfdaşlığı” ölkələrindən heç biri indiyədək Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamayıb. Amma Azərbaycanın digər ölkələrlə xarici siyasəti çoxşaxəlidir. Qeyd olunmalıdır ki, məhz bütün bu illər ərzində Azərbaycan Prezidenti tərəfindən beynəlxalq təşkilatlarda aparılan işlər İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etmiş oldu. Məhz bu işlərin nəticəsi olaraq müharibə başlayanda artıq heç kim deyə bilməzdi ki, Azərbaycan haqsızdır. Mən xüsusi olaraq Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması ilə bağlı bir məqama toxunmaq istəyirəm. Həmin vaxt bəzi dırnaqarası siyasətçilər Azərbaycan Prezidentinin bu müdrik qərarını lazımınca qiymətləndirə bilməmiş, bu üzvlüyün əhəmiyyətini dərk etməmişdilər. Halbuki, Qoşulmama Hərəkatı üzvlərinin sayına görə dünyada ikinci təsisatdır. Lakin hadisələrin sonrakı gedişi yenə də məhz Prezident İlham Əliyevin haqlı olduğunu göstərdi. Belə ki, artıq müharibə dövründə Azərbaycana qarşı çirkin kampaniya aparan müəyyən qüvvələrin səylərilə BMT Təhlükəsizlik Şurasında əleyhimizə olan müvafiq qətnamə hazırlanırdı. Məhz həmin məqamda Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanı müdafiə etdilər. Çünki Azərbaycanın da bu təşkilata rəhbərlik etməyi formal xarakter daşımır. Azərbaycan bu təşkilat üzvlərini müdafiə edir, biz onlara köməklik göstərir. O cümlədən COVID-19-la bağlı həmin ölkələrə dövlətimiz tərəfindən yardım edilib. Azərbaycan heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edir. Onlar da bizi müdafiə etdilər. Əlbəttə ki, bu, Prezident cənab İlham Əliyev tərəfindən beynəlxalq müstəvidə həyata keçirilmiş genişmiqyaslı, çoxşaxəli hazırlıq işlərindən yalnız bir epizod idi. Lakin bu epizod bir daha sübut edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, müəyyən etdiyi prioritetlər hər zaman milli maraqlara əsaslanıb və ölkənin, xalqın və dövlətimizin mənafelərinə xidmət edir.” Orxan Musayev Həsən Əsədov aia.az Geri dön |