Ana Sayfa > Siyasət > Rüfət Hacıyev: “Azərbaycanın iqtisadi potensialı daim artmaqdadır”
Rüfət Hacıyev: “Azərbaycanın iqtisadi potensialı daim artmaqdadır”10-03-2021, 10:35. Yazar: sevinc1 |
![]() “Həqiqətən də müstəqilliyimizin əldə olunduğu ilk illərdə ölkədə hökm sürən ağır, böhranlı vəziyyəti və ən əsası da həmin vəziyyətdən Azərbaycanı çıxaran dahi şəxsiyyətin ulu öndər Heydər Əliyev olduğunu unutmağa bizim qətiyyən haqqımız yoxdur. Əks halda tarix özü bunu bizlərə bağışlamaz.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev demişdir. Əməkdaşımızın suallarını cavablandıran müsahibimiz deyib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının özəyini təşkil edən vətənpərvər insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşməklə o zaman Azərbaycanın xilas olmasına və inkişaf yoluna qədəm qoymasına zəmin yaradıblar: “Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan faktiki olaraq məhv olmaq təhlükəsilə üz-üzə idi. Həmin vaxt ölkədə gedən proseslər idarəolunmaz xarakter almış, ardıcıl hərbi məğlubiyyələr dərin daxili böhrana yol açmışdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. Respublikada ümidsizlik, cəmiyyətdə total apatiya, depressiya hökm sürürdü və ən pisi də bu idi ki, heç bir siyasi qüvvəyə inam yox idi. Torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü. Hətta uzaq perspektivdə belə bu vəziyyətin düzələcəyinə heç bir ümid yox idi. Məhz belə bir ağır məqamda xalqını düşünən, millətinə təəssübkeşlik edən vətənpərvər insanlar ulu öndər Heydər Əliyevə müraciət etdilər. Məhz bundan sonra Azərbaycanın tarixində yeni bir mərhələyə yol açıldı. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmiz tədricən böhran vəziyyətindən çıxaraq inkişaf yoluna qədəm qoydu. Beləliklə də Yeni Azərbaycan Partiyasının özəyini təşkil edən həmin insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşməklə o zaman Azərbaycanın xilas olmasına və inkişaf yoluna qədəm qoymasına möhkəm zəmin yaratmış oldular.” Daha sonra Rüfət Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır: “Son dərəcə qürurverici haldır ki, ölkəmizin beynəlxalq nüfuzu getdikcə artmaqdadır. Bunun əsas səbəbi isə əlbəttə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inamla həyata keçirdiyi uğurlu siyəsətdir. Məhz bu siyasət sayəsində ölkəmiz son illər ərzində Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir və getdikcə öz mövqyini daha da möhkəmləndirməkdədir. O cümlədən Azərbaycanın təşəbbüskarı olduğu regional və transmilli layihələrin də əhəmiyyəti getdikcə artmaqdadır. Xüsusilə qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin inşasının başa çatması Azərbaycanın eyni zamanda həm öz torpaqlarını işğaldan qurtarmaq uğrunda müharibə aparmaq, həm də mühüm beynəlxalq layihənin icrasından irəli gələn vəzifələrini uğurla yerinə yetirmək gücünə sahib olan bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Etiraf olunmalıdır ki, bu çox ciddi bir nailiyyətdir və onun əldə olunması Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin növbəti təntənəsi kimi dəyərləndirilməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, layihə vaxtında tamamlandı və büdcəyə də qənaət edildi. Nə bütün dünyanı iflic vəziyyətinə gətirmiş pandemiya, nə də Cənubi Qafqazı hər an dünyanın növbəti “qaynar nöqtəsinə” çevirə biləcək müharibə Azərbaycana əngəl ola bilmədi. Ümumiyyətlə ölkəmizdə keçən il heç bir layihənin icrası dayandırılmadı, təxirə salınmadı. Bu isə əlbəttə ki, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə daha yüksəlməsini şərtləndirən əsas amillərdən biridir.” Sonda müsahibimiz Azərbaycanın iqtisadi potensialının daim artdığını və məhz bu amilin Vətən müharibəsində əldə olunmuş qələbəni təmin edən əsas faktorlardan biri kimi çıxış etdiyini qetd edib: “İqtisadi güc olmadan müharibədə nəinki qalib gəlmək, ümumiyyətlə hərbi əməliyyatlar aparmaq mümkün deyil. Əsas hazırlıq dövrü kimi xarakterizə olunan son 17 ildə ölkəmizə Ermənistandan fərqli olaraq, heç kim kömək etmirdi. Əslində biz bunu istəməmişik də. Çünki Prezident İlham Əliyev hər zaman deyirdi ki, iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm də siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan buna da nail oldu. Bu gün ölkəmiz istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyil və iqtisadi sahədə ən qabaqcıl yerlərdə qərarlaşıb. Məhz bu faktor da bizim Vətən müharibəsində qələbəmizi təmin edən əsas amillərdən biri oldu.” Abbad Abbasov AİA.Az Geri dön |