Ana Sayfa > Təhsil > “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 180 minə çatıb

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 180 minə çatıb


9-03-2021, 17:45. Yazar: admen
“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 180 minə çatıb

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 179 mini keçib.

Bunu AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O vurğulayıb ki, “Vikipediya”da keyfiyyət və kəmiyyət dəyişikliyində Azərbaycan könüllülərinin fədakar əməyi danılmazdır. Bu gün onlar tərəfindən keyfiyyətli, məzmunlu, habelə etibarlı mənbələrə əsaslanan məqalələr yaradılır. “Vikipediya”da dəyişikliklərə nail olmaq üçün sistemli şəkildə iş aparılır. Ancaq bu sahədə boşluqlar da var. Bunlar zamanla aradan qalxacaq. Sevindirici haldır ki, bu gün “viki” könüllülərin sayı artır. Təlimlərə qoşulan çoxdur. Gənclər arasında “Vikipediya”ya böyük maraq var. Xarici ölkələrdə yaşayan gənclərimiz və ziyalılarımız da təlimlərə qoşulur, bu işə öz töhfələrini verirlər. Nəticədə ölkədə “Vikipediya” hərəkatı genişlənəcək.

E.Eltürk Vətən müharibəsi dövründə “viki” könüllülərin fəaliyyətindən də danışıb:

“İnformasiya müharibəsində “viki” könüllülərimiz böyük fədakarlıqlar göstərdilər. Onlar düşmənin həqiqətə uyğun olmayan, birtərəfli istinadlara söykənən məlumatlarının qarşısının alınması üçün əllərindən gələni etdilər, həmçinin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər gördülər. Belə ki, Qarabağ həqiqətləri, erməni vəhşilikləri ilə bağlı məqalələr yaradılaraq “Vikipediya”nın xarici dil bölmələrində yerləşdirildi”.

AİA.Az
Geri dön