Ana Sayfa > Media > Qalib Xalqın Şanlı Ordusu

Qalib Xalqın Şanlı Ordusu


9-03-2021, 10:21. Yazar: sevinc1
Qalib Xalqın Şanlı Ordusu

Sentyabrın sonlarından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin bərpa olunması üçün müqəddəs tarixi savaşa başladı. Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə Ermənistan özü bu tarixi günü tezləşdirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günü, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində daim qürurla xatırlayacağımız qələbə qazandıq.

İllər öncə ermənilər topaqlarımızı işğal edərək, minlərlə soydaşımızı doğma ocaqlarından didərgin saldılar. Ancaq biz bununla heç vaxt barışmadıq, tarixi ədaləti bərpa etmək üçün mütəmadi olaraq hərbi bilik və vərdişlərimizi təkmilləşdirdik, gücümüzə güc qatdıq. Eləcə də ölkə başçısının apardığı islahatlar nəticəsində ordumuzun maddi- texniki bazası gündən-günə güclənərək, ən müasir silah və texnikalarla təchiz edildi. Hərbi kadrların hazırlanması istiqamtində mühüm addımlar atıldı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən qabaqcıl orduları sırasındadır. Təəssüflər olsun ki, düşmən bunu görsə də, anlamaq istəmir, məkrli niyyətindən əl çəkmirdi. Ermənistan rəhbərliyi nəinki torpaqlarımızdan geri çəkilməyi, hətta yeni işğala imza atacaqlarını hər fürsətdə vurğulayırdı. Atəşkəs rejimini pozaraq ordumuzun şəxsi heyətini qorxu içərisində saxlayacağını düşünürdü. Sentyabrın 27-də düşmənin törətmək istədiyi təxribat bütün dünyaya kimin daha güclü və haqlı olduğunu göstərdi. Rəşadətli ordumuz Ali Baş Komandanımızın əmri ilə əks- hücum əməliyyatına keçərək, ərazi bütövlüyümüzü bərpa etdi, şəhid qardaş və bacılarımızın qisasını aldı.

Müharibə çox çətin və acımasızdır. Döyüş meydanında çox ehtiyatlı olmalısan. Atılan səhv addım böyük fəsadlara yol aça bilər. Biz ölümdən qorxmurduq. Çünki Vətənimizin azadlığı uğrunda şəhadətə yüksəlmək ən böyük zirvədir – deyə düşünürdük. Bu zirvəyə ucalanlar isə daima xalqımızın qəlbində yaşayacaqlar. Onların qəhrəmanlıqları gənc nəslə örnək göstəriləcək.

Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu. Bu haqq savaşında ordumuzun zabit, gizir, əsgərləri yüksək döyüş hazırlığı və cəsarət nümayiş etdirdilər. Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən uğurla gəldi. Düşmənin keçilməz zənn etdiyi müdafiə sədlərini Azərbaycan əsgəri yararaq torpaqlarımızı azad etdi. Bu müqəddəs yolda addımlamaq mənim üçün də qürurvericidir. Müzəffər Ali Baş Komandanımızın Şuşa şəhərinin azad olunması və qələbə xəbərini alanda çox sevindim. Bu sevincim ağrı-acıma məlhəm oldu. Həm sevinirdim, həm də bu tarixi zəfərdə pay sahibi olduğum üçün qürurlanırdım. Xalqımıza qələbə sevinci yaşadanların sırasında olmaqdan fərəhlənirdim. Həmin hissləri sözlərlə ifadə etmək mümkünsüzdür. Bizim tək amalımız var idi – əzəli torpaqlarımızı düşməndən azad etmək. Bu missiyanı möhtəşəm qələbə ilə başa vuran bütün silahdaşlarımızı təbrik edir, şərəfli və müqəddəs yolda şəhid olan qardaşlarımızın ruhunu ehtiramla yad edirəm”.

Döyüşlərdə göstərdiyim məharətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”,” Zəngilanın azad olunmasına görə”,” Fizulinin azad olunmasına görə”,”Xocavəndin azad olunmasına görə” və Müdafiə Nazirliyinin əmri ilə “Şücaətə görə” medalı ilə təltif edilmişəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin güclü siyasəti xarici medianın daima diqqət mərkəzinə çevrilmişdir. Bunun nəticəsidir ki, Cənab Prezident fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev dedi:

-Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.

Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.

Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır.

Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.


Heydər Quliyev,
İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", "Zəngilanlın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə",Müdafiə Nazirliyinin əmri ilə "Şücaətə görə" medalı ilə təltif olunub.

aia.az

Geri dön