Ana Sayfa > Siyasət > Pərdəarxası: Ermənistanda anti-Rusiya etirazlarının gizlinləri

Pərdəarxası: Ermənistanda anti-Rusiya etirazlarının gizlinləri


17-04-2016, 12:21. Yazar: admin
Pərdəarxası: Ermənistanda anti-Rusiya etirazlarının gizlinləri





Son günlər Ermənistandan guya anti-Rusiya meyllərinin güclənməsi və Rusiyaya qarşı etirazların baş qaldırmasının arxasında gizli məqamlar dayanır.
Bunu Milli.Az-a son günlər Ermənistanda Rusiya əleyhinə keçirilən etiraz aksiyalarının mahiyyətini şərh edən təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.



Politoloqun sözlərinə görə, Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağ münaqişəsi zonasında hazırlıq planlarına və mülki obyektləri, kəndləri atəşə tutmasına cavab olaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində uğursuzluğa düçar olmasından sonra Ermənistanın siyasi dairələrində ortalığa 2 məsələ atıldı: Niyə Rusiya Azərbaycana silah verir və niyə Rusiya bizə kömək eləmir? "Bu tezislərdən çıxış edərək demək olar ki, Yerevanda anti-Rusiya ab-havasının yaradılması və guya ki, anti-Rusiya meyllərinin güclənməsi Ermənistan iqtidarının və siyasi elitasının təşkilatçılığı ilə həyata keçirilən oyundur. Belə görüntü yaratmaqla onlar gizli mesajlar verirlər. Əvvəla, ermənilər Ruisyadan yeni silahlar almaq istəyirlər. Eyni zamanda da aldıqları silahların pulunu vermək istəmir, havayı əldə etmək istəyirlər. Çünki iqtisadi vəziyyətləri bərbaddır, böhran keçirirlər. Onlar hətta bir müddət əvvəl kreditlə aldıqları 200 milyon dollarlıq silah və hərbi texnikanın da dalına keçmək istəyirlər. Ermənilər məhz Rusiya silahı ilə Azərbaycana qarşı müharibə apardıqlarını demirlər. Amma fakt bundan ibarətdir".



Ekspertin fikrincə, Ermənistanda anti-Rusiya ab-havasının yaradılması, ümumiyyətlə, erməni mentalitetinə xas hərəkətdir: "Ermənilər bir tərəfdən ruslara deyir ki, sizə dostuq, digər tərəfdən də gizli ədavət aparırlar ki, onlardan daha çox qazanc əldə edə bilsinlər. Yerevandakı son mitinq də bunun bariz nümunəsi və göstəricidir. Oradakı bütün hərəkətlər, səsləndirilən şüarlar bu məntiqə gətirib çıxarır ki, Rusiya onlara kömək etsin. Lakin Rusiyada obyektiv siyasi mövqedən çıxış edənlər ermənilərə deyirlər ki, axı sizə daha nə etməliyik. Siz Qarabağ avantürasına girmisiniz və bizdən dəstək istəyirsiz. Axı Qarabağ Ermənistan deyil, Azərbaycanın ərazisidir. Rusiyanın tanınmış hərbi analitiki Şulqin bununla bağlı çıxışlarının birində bəyan etdi ki, Ermənistan Rusiyadan çox şey tələb edir və hər şeyi də artıqlaması ilə almaq istəyir. Lakin özü əməllərində qanun pozuntularına yol verir və qonşularla normal münasibət yarada bilmir. Onun fikrincə, Rusiya ermənilərin bu tələblərinə adekvat cavab verir. Yəni Rusiya Ermənistana deyir ki, səninlə münasibətləri qanun çərçivəsində qurmaq istəyirəm. Sən mənə yamaq olma. Ermənistan isə elə bilir ki, başqasına yamaq olub, onun əliylə hiyləgər planlarını həyata keçirə biləcək. Yerevandakı mitinqlər də Rusiyaya təzyiq göstərmək və ondan həm yeni iqtisadi, həm də hərbi dividentlər əldə etmək məqsədilə bu qəbildən olan zəncirvari tədbirlərdəndir".



E.Ələsgərov hesab edir ki, Ermənistanın reallıqda Rusiyaya nəsə etməyə gücü və imkanı yoxdur: "Rusiyanın Gümrüdə hərbi bazası var. Ermənilər rusları hədələyirlər ki, guya bazanı bağlayacaqlar. Amma reallıqda heç nə edən deyillər. Çünki Ermənistanın nəinki indiki, hətta gələcək vəziyyəti və mövcudluğu da Rusiyanın hərəkətlərindən asılıdır. Yəni Ermənistan Rusiyadan o dərəcədə asılıdır ki, bu ölkəyə qarşı heç nə edə bilməz. İndi də gənclərin mitinqini keçirməklə, sadəcə, süni ab-hava yaradırlar. Bildirirlər ki, guya inciyiblər, guya KTMT-dən, Avrasiya Birliyindən çıxacaqlar. Hətta parlamentə belə bir qanun layihəsini çıxaracaqlarını deyirlər. Amma, əslində, bunlar hamısı şantaj, həyasızlıq, cəfəngiyyat və boş hədə-qorxudur. Bütün bunlar erməni siyasətinin bir alətidir və faktiki olaraq arxasında heç nə durmur".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:
Geri dön