Ana Sayfa > Seçilənlər > “Facebook”da tanış olanlar evlənərsə...

“Facebook”da tanış olanlar evlənərsə...


16-04-2016, 20:30. Yazar: admin
“Facebook”da tanış olanlar evlənərsə...






“Bir çox gənclərdən soruşursan ki, evlənməzdən öncə bir-birinizi haradan tanıdınız? Deyirlər ki, “Facebook”da tanış olduq. Belə də şey olar? Belə evlilik necə olur ki?.. Bu düzgün deyil”.

Bu fikirləri ötən gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı modern.az-a müsahibəsində bildirib. Millət vəkili Azərbaycanda ailə institutunun aşınması və boşanmaların artması problemi haqda danışarkən hesab edib ki, “Facebook”da tanış olub evlənmək düzgün deyil.



Lakin Azərbaycanda həm gənc, həm də orta nəslin nümayəndələri arasında kifayət qədər populyar olan bu sosial şəbəkə vasitəsilə bir-birini tanıyıb evlənənlər az deyil. Təkcə onu demək kifayətdir ki, 2016-cı ilin əvvəlinə olan statistikaya görə, ölkədə “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 1,7 milyon nəfərdir. Və bu sosial şəbəkə istifadəçiləri arasında yaranan tanışlıq bəzi hallarda evliliyə qədər gedib çıxır. Elə uzağa getməsək, həmkarlarımız arasında öz gələcək həyat yoldaşları ilə “Facebook”da dostlaşanlar barədə çoxlu misallar gətirmək olar.

O zaman Milli Məclisin üzvünün “Facebook”da tanış olub evlənməyə qarşı çıxması nə dərəcədə tutarlıdır? Doğrudanmı “Facebook” olmasaydı, bu qədər boşanma olmayacaqdı? Yaxud Azərbaycanda ailə dəyərlərinə sosial şəbəkələr Braziliya, Hindistan və digər ölkə seriallarından çoxmu zərər vurur? Bəlkə “Facebook” vasitəsilə evlilik dini, əxlaqi baxımdan haram sayılır?

Virtualaz.org bu kimi suallarla tanınmış ziyalıya, din ekspertinə və ailə, qadınlara qarşı zorakılıq problemləri ilə məşğul olan QHT rəhbərinə müraciət edib.



Yazıçı Seyran Səxavət hesab edir ki, bu daha çox tale məsələsidir. O, millət vəkili ilə həmfikir olduğunu desə də, amma burada bütün günahı sosial şəbəkədə axtarmağın doğru olmadığını deyir.

Yazıçının fikirlərindən sitat: “Əvvəllər gənclərimiz bulaq başında bir-birini görüb sevib evlənərdilər, qonşuluqda görərdilər, kimsə tanış edərdi. Amma indi hər şey dəyişib. Ötən il ölkəmizdə 15 mindən artıq ailə dağılıb. Hesab edirəm ki, bunda sosial şəbəkələrin də günahı var. Amma bir çox ayrı səbəblər də var, 80-90 faiz günah sosial şəbəkədə deyil axı. Bu daha çox insanların beyni, iradəsi, milli şüuru, təhsili ilə bağlıdır. Mən 20 il Qarabağın ən böyük kəndlərindən birində yaşamışam. Bu 20 ildə cəmi 1 boşanma halı oldu. Su axar, çuxurunu tapar. Eyni səviyyəli, eyni əxlaqlı, eyni psixoloji durumda olan adamlar bir-birini tapırlar. Özümü köhnəlmiş hesab eləmirəm, amma “qədim kişi” kimi deyə bilərəm ki, sosial şəbəkə vasitəsilə evlənmək, vallah, bizlik deyil”.

Seyran Səxavət hesab edir ki, kiminlə ailə qurmaq daha çox tale məsələsidir və bu bizim realist xalq olmağımızdan, gözümüzlə görməyi xoşlamağımızdan irəli gəlir.



İlahiyyatçı Elşad Miri isə hesab edir ki, sosial medianın insanlar üçün tanışlıq vasitəsi olması mümkündür və normaldır: “Burada insan faktoru əsas amildir. O demək deyil ki, “Facebook”dan kənarda evlənənlərin heç biri boşanmırlar. Yaxud da sosial media ilə tanış olub evlənənlərin hamısı bədbəxtdirlər. Belə bir fikir söyləmək yersiz olardı. Sadəcə olaraq, “Facebook” tanışlıq missiyası ola bilər. Amma insanlar görüb tanış olandan sonra real ünsiyyət dövründə bir-birini yaxşı tanıya bilərlər. Bundan sonra evliliyə qərar vermək olar”.

Məsələyə dini və əxlaqi baxımdan münasibətə gəlincə isə, E.Miri hesab edir ki, din bu məsələyə o qədər də qarışmır: “Bu insanların sərbəst seçimidir. Peyğəmbərin özünün ilk evliliyi də Xədicə xanımın təklifindən sonra olub. Qadının kişiyə evlilik təklif etməsi indi bir qədər qəribə qarşılanır, amma əslində burada qəribə heç nə yoxdur. Qadın kişiyə evlilik təklifi edə, kişi düşünə, ailəsi ilə məsləhətləşə və qərar verə bilər”.



“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deputat Aqiyə Naxçıvanlının fikirləri haqda virtualaz.org-un sualını eşdəndə ilk reaksiyası belə oldu: “Bu deputatlarımıza nə olub axı?”.

M.Zeynalova ailələrin dağılmasında sosial şəbəkələrin müəyyən rolunun olduğunu inkar etmir və deyir ki, rəhbərlik etdiyi ictimai birliyə bu cür faktlar daxil olur. Ancaq o, birmənalı şəkildə “Facebook” evliliklərinin əleyhinə çıxmağı absurd hesab edir. M.Zeynalovanın bildirdiyinə görə, sosial şəbəkədə tanış olub çox xoşbəxt olanlar da var, aldanıb həyatı təhlükə altında qalanlar, zorakılığa məruz qalanlar da.

“Mən razıyam ki, sosial şəbəkə evlənmələrdən çox boşanmalara təsir edir. Amma “Facebook”da tanış olub evlənməyə qarşı çıxmağı anlamıram. Ona qalsa, əvvəllər bəzi insanlar tanışlıq mərkəzləri yaradırdılar ki, işdən vaxtı olmayanlar bu mərkəzlər vasitəsilə görüşüb evlənsinlər. Keçmişdə də vasitəçilər var idi. Müasir dövr tamamilə fərqlidir, istəsək də, istəməsək də, sosial şəbəkə vasitəsilə tanışlıqlar və nikahlar olacaq”, - QHT rəhbəri bildirdi.

Beləliklə, görünən odur ki, ölkəmizdə boşanmaların getdikcə artması, doğrudan da, narahatlıq doğuracaq səviyyəyə çatıb. Ancaq Azərbaycanda hər 5 adamdan birini öz “toruna salan” Mark Zukerberqin bunda nə dərəcədə rolu var, burası çox mübahisəlidir...
Geri dön