Ana Sayfa > Yazar2 > «MOZALAN», «HACILEYLƏK» KİMİ İMZALARLA TANIDIĞIMIZ MOLLANƏSRƏDDİNÇİ QURBANƏLİ ŞƏRİFZADƏ

«MOZALAN», «HACILEYLƏK» KİMİ İMZALARLA TANIDIĞIMIZ MOLLANƏSRƏDDİNÇİ QURBANƏLİ ŞƏRİFZADƏ


17-02-2021, 11:33. Yazar: sevinc1
«MOZALAN», «HACILEYLƏK» KİMİ İMZALARLA TANIDIĞIMIZ MOLLANƏSRƏDDİNÇİ QURBANƏLİ ŞƏRİFZADƏ


KAMAL CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi


«Mozalan», «Hacıleylək» və s. gizli imzalarla, eləcə də «Molla Nəsrəddin» jurnalının mənəvi və maddi dostu kimi tanıdıqlarımızdan biri də Naxçıvanda doğulan, boya-başa çatan maarifçi, mühərrir, mühəndis Qurbanəli Şərifzadədir (1854-1917). «Mollanəsrəddinçi mühərrirlər sırasında onun özünəməxsus yeri, «Molla Nəsrəddin» jurnalının nəşri tarixində xüsusi xidmətləri vardır». İlk öncə onu qeyd edək ki, maarifçi Qurbanəli Şərifzadə Azərbaycan məktəb və pedaqoji fikir tədqiqatçılarının tədqiqi məsələlərində nədənsə təcrid olunmuşlardan biridir. Bu böyük xadimin adına ancaq ədəbi araşdırma yönündən akademik Məmməd Cəfərin, Abbas Zamanovun, İsa Həbibbəylinin və Əsgər Qədimovun əsərlərində rast gəlmək olur.
Azərbaycanın mədəni inkişafı uğrunda yorulmadan mübarizə aparan Qurbanəli Şərifzadə öz elmi biliyi və səviyyəsi ilə Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Eynəli Bəy Sultanov, Əbdürrəhim Bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Firidunbəy Köçərli, Əbdürrəhim Talıbov Təbrizi, Ömər Faiq Nemanzadə, Tağı Şahbazi Sümurq, Salman Mümtaz kimi mədəni və ictimai xadimlərlə dostluq və əməkdaşlıq etmişdir.

Yuxarıda qeyd etdik ki, Qurbanəli Şərifzadə «Molla Nəsrəddin» jurnalının mənəvi və maddi dostu olmuşdur. Bunu mollanəsrəddinçi Əbdürrəhim Bəy Haqverdiyev öz xatirələrini belə xatırlayır: «Bir dəfə cəm olub «İbrahimbəy səyahətnaməsi»ndən söhbət edirdik: burada «Molla Nəsrəddin» dostlarından Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifzadə var idi. Bunu da deməliyəm ki, «Molla Nəsrəddin»in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Səlman Mümtaz olduğu kimi, Naxçıvan tərəfində də Qurbanəli Şərifzadə səbəb idi.
«İbrahimbəy səyahətnaməsi»ndən söhbət olduqda mən dedim:

- Nə olardı bu kitaba nəzirə bir «Səyahətnameyi-Molla Nəsrəddin»də olaydı. Aya, görəsən Molla Nəsrəddin islam aləmini səyahət etsə, onun başına nə müsibətlər gələ bilər.

Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi:

- Gəlin biz «Mozalan»ı gəzdirək; ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək, hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqətdə bu adam gəlib, buraları görüb bu felyetonları yazmış. Belə də oldu. Birinci felyetonu mən başlayıb mozalanı Bakıya kimi gətirdim, Bakıdan Məşhədə onu Səlman Mümtaz apardı. İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi. Beləliklə, «Mozalanbəyin səyahətnaməsi» ortalığa çıxdı.

«Molla Nəsrəddin» jurnalı getdikcə özünə hər şəhərdə dostlar qazanmağa nail oldu. Hər yerdən ona məqalələr, xırda xəbərlər gəlməyə başladı. Şamaxıdan, Göyçaydan, Nuxadan, Gəncədən, Qarabağdan, Vladiqafqazdan, hətta İrandan da məqalələr gəlirdi. Get-gedə «Molla Nəsrəddin» şöhrət və nüfuz qazanıb düşmənlərini iztiraba saldı».

Qurbanəli Şərifzadə «Molla Nəsrəddin» jurnalını gəzdirməklə yanaşı fəal yazarlarından biri olmuşdur. Onun «Molla Nəsrəddin» jurnalında çap edilmiş ilk əsərlərindən biri «Mozalan» imzası ilə «Heç kəsdən qorxmuram» başlıqlı felyetonudur ki, 1906-cı il tarixli jurnalın 18-ci nömrəsində çap edilmişdir.
1908-ci il 30 iyundan, jurnalın 26-cı nömrəsindən başlayaraq bütün il ərzində «Məşədi Mozalanbəy» imzası ilə çap edilmiş felyetonların əlyazması Qurbanəli Şərifzadənin oğlu görkəmli ədəbiyyatşünas, tərcüməçi və publisist, əməkdar elm xadimi, professor Əziz Şərifin arxivində saxlanılır.
Əziz Şərif qeyd edir ki, Qurbanəli Şərifzadə peşəkar yazıçı və ya jurnalist olmasa da ədəbiyyat və mətbuat həvəskarı olmuş, oxucu qarşısında öz vəzifə və məsuliyyətini düzgün başa düşən, yazılarının üzərində diqqətlə çalışanlardan biri olmuşdur. Bu fikirləri Qurbanəli Şərifzadə özü də etiraf edir. Yazılarının üzərində düzəliş aparmağı əvəzsiz dostu Cəlil Məmmədquluzadədən xahiş edir. Cəlil Məmmədquluzadəyə yazdığı bir müraciətnaməsində oxuyuruq: «Təvəqqe» edirəm ki, əvvəldən axıradəkin diqqətlə oxuyub tənqid edəsiniz və bəzi yerlərini pozub və bəzi yerlərində bir-iki söz artırasınız. Qərəz, qəsdim budur ki, bu məqaləni gözəlləşdirəsiniz, vəssalam».

Qurbanəliniz

Demək olar ki, Qurbanəli Şərifzadə 1908-ci ildən başlayaraq «Molla Nəsrəddin» jurnalında müntəzəm də olmasa fasilələrlə çıxış etmişdir. 1909-cu ildə çıxan müxtəlif nömrələrində (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində Məşədi Mozalanbəyin imzası ilə felyetonlar çap edilmişdir ki, bunların da bir hissəsinin əlyazmaları Qurbanəli Şərifzadənin arxivində qalmaqdadır.
Sənədlərlə isbat və təsdiq edilmiş bu əsas imzadan başqa Qurbanəli Şərifzadənin «Molla Nəsrəddin» jurnalında «Hacıleylək» imzası da məlumdur, çünki bu imza ilə jurnalın 1911-ci il tarixli 6-cı nömrsində «Qiyamətmi qopar» başlıqlı felyeton çap edilmişdir ki, bunun da əlyazması Qurbanəli Şərifzadənin arxivində mövcuddur və vaxtilə Mirzə Ələkbər Sabirin Şərifzadəyə yazdığı bir məktubu ilə əlaqədar olaraq, onun haqqında Əziz Şərif ətraflı və geniş məlumat vermişdir.

Qeyd etdiyimiz kimi, böyük maarifçi Qurbanəli Şərifzadə həm də Cəlil Məmmədquluzadəyə və ya «Molla Nəsrəddin» jurnalına maddi köməkliyini də əsirgəməmişdir. Cəlil Məmmədquluzadə ya öz şəxsi ehtiyacı olsun ya da jurnalın ehtiyacı olsun 30 illik sadiq dostu Q.Şərifzadəyə nə zaman müraciət etsə bu yardım sevər insan da onun dadına çatar və heç vaxt əlindən gələni əsirgəməzmiş. Qeyd edilən bu örnək nümunələrdən bir neçəsinə nəzər salaq. C.Məmmədquluzadənin 1902-ci ilin mart ayında İrəvandan Qurbanəli Şərifzadəyə ünvanladığı məktubdakı səmimi sözlərə nəzər salaq: «Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin (Mirzə Cəlil bu məktubda ağam dedikdə atası Məmmədqulunu nəzərə çatdırır - K.C.). Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər «çox razıyam», bu, həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...

Teleqrafda yazmışdım ki, kağız gözlə. Həmin kağızda sənə yazacaqdım ki, ağam mənə yazmışdı ki, ona xərclik göndərim. Mən də mümkün eləmədim. Axır gəldi oldu çərşənbənin günü və ağam yadıma düşdü. Ürəyim o qədər sıxıldı ki, az qaldım ağlayam. Axırda sən yadıma düşdün və sənə teleqraf elədim və bu teleqrafı da mən çox çətinliklə göndərdim. Çünki yaxşı bilirdim ki, heç haqqım yoxdur səndən pul istəməyə. Hələ mən səndən on iki manat da bir almışam və Naxçıvandakı borcumu da, heç bilmirəm, Məşədi Heydər verib ya yox?».

Bu kimi «kiçik xərclik»lərdən əlavə, «Molla Nəsrəddin» jurnalı maddi böhran keçirdiyi zaman Cəlil Məmmədquluzadə ilk növbədə Qurbanəli Şərifzadədən kömək istəyər və o da dəfələrlə jurnalı bağlanmaq təhlükəsindən qurtararmış. Dəmir yolu tikintisində podratçı kimi tanınan Q.Şərifzadənin bankda etibarı olduğundan, onun imzası ilə təqdim olunan vekselləri qəbul edib, onun hesabına pul borc verilirmiş. Bu minvalla da «Molla Nəsrəddin» jurnalı bağlanmaq təhlükəsindən qurtarırmış.

Qurbanəli Şərifzadə, həmçinin, gözəl ailə başçısı kimi, bir ata kimi də nümunə olmuşdur. Öz hərəkət və davranışları ilə nümunə olmağa çalışan Şərifzadə övladlarına bütün həyat üçün geniş bir proqram tərtib etmiş, özü bəyəndiyi və həyatında əməl etdiyi, sınadığı etika-əxlaq qanunlarını, ən yüksək və nəcib insani sifətləri aşılamağa çalışmışdır. Öz övladlarına qarşı müqəddəs atalıq vəzifəsini, onların gələcəyi üçün daşıdığı ağır məsuliyyəti Qurbanəli Şərifzadə düzgün düşünür, bütün o biri insani və ictimai vəzifələri kimi, övlad tərbiyəsinə də böyük önəm verirdi. Oğlu Əziz Şərifə yazdığı məktublarda «Əziz», «Əziz oğlum Əziz», «Fərzəndim Əziz», «Oğlum Əziz» deyə müraciət edən qayğıkeş ata hər bir məktubunda bir qayda olaraq öyüd-nəsihət verir, həyatda ciddi, bütün hərəkətlərində arif, bir sözlə, nümunəvi, ideal gənc olmağı tələb edir. Qurbanəli Şərifzadənin Əziz Şərifə yazdığı bir məktuba nəzər salaq: «...Mənə kağız yazanda dürüst fikir elə, gör mən nəyə müntəzirəm, mən nə mətləb istəyirəm, onu yaz. Yuxulu olma, gözlərini dürüst aç. Sənin yazdığın kağızlardan mən sənin hər fikrini anlayıram..., hər gün, hər saat sənin fikrinə düşürəm, qüssələnirəm və yazdığın kağızı da pərişan görəndə pərişan oluram. Sən yazmışdın ki, bir qıza dərs verirsən, amma yazmamışdın ki, o qız kimdir, rusmudur, ya gürcü, ermənidirmi, ya müsəlman, adı nədir, familiyası nədir, sinni neçədir və hər ayda neçə alırsan, ya məccani dərs verirsən? Rus dərsi verirsənmi, ya müsəlman dərsi? Sən belə sözləri yazmayanda mən özgə bir fikrə düşürəm. Xülasə, kağız yazanda dürüst diqqət elə. Sən dərs oxudun, kitab yazdın, məqalə yazdın, əlbəttə ki, mənə fəxrdir. Amma mən sənin ədəbli, namuslu, vəfalı, həyalı, saf, sadə, doğru, halal, sədaqətli, şücaətli, ğəyur, fəal, kifayətli, mərdanə olmağını sevirəm, bəlkə bütün dünya, bütün aləm bu sifət sahibini sevərlər, dost tutarlar...». Başqa bir həyacan dolu məktubunda qayğıkeş ata yenə yazır: «Ancaq sən ədəb öyrən. Elm öyrənməsən də, zərəri yoxdur, ancaq kişiyə ədəb, sədaqət, düzlük, əql, fərasət lazımdır».

Bildiyimiz kimi, romantik şair Hüseyn Cavidin «Məktəbi-Tərbiyə»də oxumasında da, Türkiyədə təhsil almasında da Qurbanəli Şərifzadənin böyük rolu olmuşdur. Hələ, Hüseyn Cavid Məhəmməd Tağı Sidqinin yeni üsullu məktəbində, «Məktəbi-Tərbiyə»də oxumağa həvəslənəndə və atası buna qarşı çıxanda balaca Hüseyn bu məsələni maarifçi Qurbanəli Şərifzadəyə bildirmiş, Qurbanəli Şərifzadə isə Molla Abdulladan çox çətinliklə də olsa, razılıq alıb Hüseynin «Məktəbi-Tərbiyə»də qalmasına müvəffəq olmuşdur. Hüseyn Cavidin Türkiyədə təhsil aldığı müddət ərzində də Qurbanəli Şərifzadə ona maddi və mənəvi köməkliyini əsirgəməmişdir. Bütün qeyd olunan bu fikirləri Hüseyn Cavidin Qurbanəli Şərifzadəyə yazdığı doqquz məktubun hər birində görmək mümkündür.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi sahəsində elə bir tədbir təsəvvürə gətirmək mümkün deyildi. Azərbaycan həyatında xalq maarifi ağır vəziyyətdə idi. Xalqı qeyd etdiyimiz kimi bu ağır vəziyyətdən xilas etmək, uşaqlara elmin əsaslarını ana dilində mənimsətmək üçün onları məktəblərə cəlb etmək lazım idi. Bu məsələ Azərbaycanın bir çox qabaqcıl millətsevər ziyalılarını (o cümlədən, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Mahmudbəy Mahmudbəyov, Firidunbəy Köçərli, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Nəcəfbəy Vəzirov, Hüseyn Cavid, Əbdürrəhim Bəy Haqverdiyev, Üzeyir Hacıbəyov və b.) illərlə düşündürməkdə idi. Nə cür olursa-olsun bir yol tapmaq, yeni üsullu bir məktəb açmaq və azərbaycanlı balalarını oxutmaqla onları cəhalət girdabından xilas etmək lazım idi. Savadsızlıq və nadanlığın yeganə səbəbi rus imperiyasının xalqların, o cümlədən Azərbaycan xalqının maarifi ilə bağlı yeritdiyi mürtəce siyasətdən irəli gəlirdisə, digər səbəbi dinə kor-koranə yanaşan bəzi xalq kütlələrinin maarifə rəğbət bəsləməməsindən irəli gəlirdi. Cəmiyyətin bu acınacaqlı vəziyyətinə, cəhalət və geriliyinə dözməyən Qurbanəli Şərifzadə dövrün qabaqcıl ziyalıları ilə bir sırada elmin, təhsilin rolunu əsas tutaraq, xalqı bu işə cəlb etməyə çalışırdı. Bu yolda hər cür çətinliklərə, maneələrə baxmayaraq elm və təhsilin faydasını xalqa başa salır, savadsızlığı ləğv etmək uğrunda mübarizə aparırdı. Azərbaycanda baş verən bu acınacaqlı vəziyyəti Qurbanəli Şərifzadənin dostlarına yazdığı bir məktubda oxyuruq: «Vətənin istiqlalı bizim ən böyük arzumuzdur. Başımızda olan bu sevda yalnız başımız bədənimizdən ayrıldıqdan sonra bizi tərk edə bilər. Millətlər iri qədəmlərlə tərəqqi etdikləri halda, bizim millət zəlil və xar olmaqdadır. Xarabazara çevrilmiş vətənin dözülməz vəziyyəti getdikcə onun səhhətini daha da kökündən sarsıtmaqdadır… Bəli, vətən mədəsi pozulmuş, əlacı çətin olan xəstələrə bənzəyir. Bu xəstənin yaxası cahil və nadan təbiblər əlindədir. Nə qədər onun səhhəti haqqında düşünürüksə, məlal və hüznümüz o qədər artır. Vətən başçılarımızın başı qumara və ... (vulqar söz olduğuna görə nöqtələr qoyuruq - K.C.) qarışmışdır. Vətən nə vətən, tfu belə vətən başçılarının üzünə!».

Hüseyn Cavidin sözləri ilə desək - həvəskar alim, böyük bir müəllim, camaat müəllimi olan Qurbanəli Şərifzadənin ölüm xəbəri Azərbaycanın qabaqcıl maarifçilərini, o cümlədən Cəlil Məmmədquluzadəni, Əbdürrəhim Bəy Haqverdiyevi, Nəriman Nərimanovu, Firidunbəy Köçərlini, Əli Bəy Hüseynzadəni, Hüseyn Cavidi və başqalarını sarsıtdı. Firidunbəy Köçərli Qoridən Bakıya «Açıq söz» redaksiyasına yazdığı «İzhari-təəssüf» başlıqlı nekroloqunda öz kədərini belə ifadə edir: «Əziz və möhtərəm bəradərimiz Qurbanəli Şərifzadənin gözləmədiyimiz bir hal və zamanda vəfatı xəbəri bizi böyük yasa düçar elədi... Azadeyi-kəlam və əfkar onun müqəddəs arzularından birisi idi. O heç bir vaxtda azadə danışıb, rəy və fikirlərini açıq və aydın söyləməkdən çəkinməzdi... Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı Şərifzadənin şərif vücudunda müşahidə olunmaqdaydı. Şərifzadənin məntiq üzrə söylədiyi şirin söhbəti hər kəsi maraqlandırırdı. Mərhumun gözəl sifətlərindən birisi də onun ədəbiyyatımızın tərəqqi və təalisi yolunda sərfi-hümmət etməsi idi. Harada bir ədib və şair sədası eşitsəydi, onu arayıb ziyarət etməyi və onunla dostluq və yoldaşlıq əlaqəsini bağlamağı özünə borc bilərdi. Məşədi Qurbanəli kimi vücudların fövt olub getməsi millət üçün böyük bir yasdır. Vay o millətin halına ki, onların içindən M.Qurbanəlilər rehlət edirlər və yerlərinə başqaları ərsəyə yetişmirlər...».

Qurbanəli Şərifzadənin daxili aləmini, arzu və amalını, keçdiyi keşməkeşli həyat yolunu incə bir psixoloq kimi qələmə alan və nekroloqda onun həqiqi surətini çəkənlərdən biri də Hüseyn Cavid olmuşdur. Qurbanəli Şərifzadənin mənəvi şagirdi Hüseyn Cavid hüzn dolu kədərini belə qələmə alır: «Səmimi millət xadimlərindən biri də tərki-həyat etdi. Əvət, M.Qurbanəli Şərifzadə həzrətləri də sönüb getdi, həm də bilirməsini, parlamasını sezdirməyən bir qığılcım kimi söndü. Qafqazyanın bir çox mühərrirləri, ədibləri, sənətkarları və millət xadimləri mərhumu yaxından tanır və dadlı müsahibələrindən xoşlanardı... Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətsevər ruhilə kəndi irqdaşlarını düşünürdü. Lakin bir dürlü səsi çıxmazdı, çünki gurultudan, nümayişdən, alqışdan pək də xoşlanmazdı.
«Sağ əlinlə verdiyini sol əlin duymasın!..» üsuluna ən çox riayət edən, sadiq, fədakar, həmiyyətli bir sima idi... Bir an, əvət, bir an belə elm və maarif günəşinə pərəstiş etməkdən geri durmazdı... Onda son dərəcə böyük bir istedad və məziyyət var idi. O da böyük bir mübəlliğ, qəhrəman bir rəhbər olması idi...».

Yekun nəticə olaraq qeyd edək ki, Qurbanəli Şərifzadənin yaradıcılığına və ictimai işlərdəki fəaliyyətinə səthi də olsa toxuna bildik. Ümidvarıq ki, «Molla Nəsrəddin» jurnalının tarixi ilə ciddi məşğul olan alimlərimiz Qurbanəli Şərifzadənin əlyazmalarından istifadə etməklə böyük maarifçi və ictimai xadimin həyat və yaradıcılığını tədqiqat obyektinə çevirəcəklər.
Geri dön