Ana Sayfa > İdman > Qurban Qurbanov:
Qurban Qurbanov:12-02-2021, 15:37. Yazar: sevinc1 |
“İkinci dövrədəki 6:0 hesablı səfər qələbəsini unutmuşuq. Belə hesablar nadir hallarda olur. Bu, mövsüm ərzində hər komandanın başına gələ bilər. Biz böyük klublarda, çempionatlarda bunun şahidi olmuşuq”. “Report” xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlamasında “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur oyunu barədə danışarkən deyib. 49 yaşlı mütəxəssis bildirib ki, həmişə “Neftçi”yə qarşı həddindən artıq ciddi hazırlaşıblar: “Hər zaman yaxşı komandaya qarşı oynadığımızı dərk etmişik. İnanıram ki, əvvəlki matçdakı hesabın bu qarşılaşmaya təsiri olmaz. Əksinə, futbolçular bu görüşə daha məsuliyyətli və ciddi yanaşmalıdırlar”. Qurbanov “Füzuli Məmmədovlu, yoxsa Samir Abasovlu “Neftçi”ni fərqləndirərdiniz” sualına belə cavab verib: “Həmişə həmkarlarıma hörmətlə yanaşmağa çalışmışam. Bir şeyi bilirəm ki, biz “Neftçi”yə qarşı oynayırıq. Fərqi yoxdur: orada kim olur-olsun, kim işləyir-işləsin. Bu komandanın adı və tarixi motivasiyadır. Bu, bizim üçün ciddi siqnaldır. Bundan əvvəlki görüşdə Füzuli Məmmədov baş məşqçi idi. İndi isə Samir Abasov. O, istənilən sistemdə oyuna çıxa və istənilən dəyişikliyi edə bilər. Biz bir neçə varianta hazır olmalıyıq”. Baş məşqçi bəzi xırda problemlərin və oyunçularda mikrozədələrin olduğunu söyləyib: “Elə oyunçular var ki, tam bərpa olunmayıb. Sabah daha aktiv və daha sağlam kollektiv meydanda olacaq”. Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 18:30-da başlayacaq. aia.az Geri dön |