Ana Sayfa > Qərbi Azərbaycan > Həkim infeksionist: Vaksin olunmaqla normal həyata daha qısa zamanda qayıda bilərik

Həkim infeksionist: Vaksin olunmaqla normal həyata daha qısa zamanda qayıda bilərik


12-02-2021, 14:54. Yazar: sevinc1
Həkim infeksionist: Vaksin olunmaqla normal həyata daha qısa zamanda qayıda bilərik

“Vaksinasiya olunmuş şəxs o demək deyil ki, tibbi maskalardan istifadə etməməlidir. Kütləvi immunitet yaranana, qaydalarda yumşalmaya gedənə qədər hər kəs maskalardan eyni həssaslıqla istifadə etməlidir"



“Azərbaycanda tətbiq olunan vaksinlər ən təhlükəsiz vaksinlər hesab olunur. Çünki bu vaksinlər SinoVak şirkəti tərəfindən KoronaVaK vaksinlərinin Çin istehsalı inaktivasiya olunmuş vaksinlərdir. Heç kəs cəmiyyətdə yanlış düşüncələr yaradıb və dezinformasiyalar insanları boş panikaya salmasın. Hər kəs vaksinasiya işlərinə könüllü və sevərək gəlsin ki, bu qlobal bəladan hamılıqla qurtula bilək.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Mәrkәzi Neftçilәr Xәstәxanasının hәkim infeksionisti Dr.Natiq Әliyev söyləyib.

İnfeksionistin sözlərinə görə, risk qrupunda olan şəxslər vaksinasiya oluna bilər: “Bunlar səhiyyə işçiləri, 65 yaş üzəri, hüquq-mühafizə, təhsil, kütlə ilə işləyən işçi qrupları var ki, onlar da növbəli şəkildə mövcud strategiyaya əsasən, planlı şəkildə vaksinasiya edilir. Kimlərə vaksin vurulmayacaq - bu həkim tərəfindən müəyyənləşdirilir. Vaksin prosesindən öncə həkim vaksin olunacaq şəxsi müayinə edərkən artıq onun hansı xroniki xəstəliyinin aktivləşmə mərhələsində olduğunu, kəskin xəstəliyini müəyyən edirlər. Həkim müayinəsindən sonra peyvənd olunub-olunmamaqla bağlı qərar verilir.”

Mütəxəssis qeyd edib ki, son 6 ayda virusa yoluxmuş şəxslər vaksinasiya olunmur. 6 ayın üzərində bir zamandırsa, vaksin olunurlar. 65 yaşdan yuxarı şəxslərin vaksinasiya olunması mütləq şəkildə lazımdır. Çünki onların böyük əksəriyyətində ən azından yanaşı xroniki xəstəliklər var. Və əsas risk qruplarından biridilər.

Natiq Əliyev vaksindən sonra da tibbi maskalardan istifadənin zəruriliyindən bəhs edib: “Vaksinasiya olunmuş şəxs o demək deyil ki, tibbi maskalardan istifadə etməməlidir. Kütləvi immunitet yaranana, qaydalarda yumşalmaya gedənə qədər hər kəs maskalardan eyni həssaslıqla istifadə etməlidir".

Həmsöhbətimiz, vaksindən sonra COVID-19-a yoluxmayacağını zənn edənlərin yanıldığını vurğulayıb: “Ümumiyyətlə, vaksinlər müalicə vasitəsi deyil, vaksin profilaktik qorunma məqsədilə və yaxud xəstəliyi keçirən zaman yüngül simptomlarla keçirilməsi üçün vurulur. Vaksin vurulduqdan sonra bizim əsas məqsədimiz vaksin olunmuş şəxslərdə immunitetin yaranması və yaranmış immunitetlə xəstəni qorumaqdır ki, xəstəliyə yoluxmasın yaxud da yoluxduğu halda ağır deyil, yüngül şəkildə keçirə bilsin.”

Sonda həkim əlavə edib ki, artıq 11 aydır ki, biz bu pandemiya dönəmindəyik və gözləntimiz vaksin idi. Bu gün vaksin var və yeganə çıxış yolu da vaksin vurdurmaqdır. Vaksin olunmaqla biz normal həyat tərzimizə daha qısa zamanda qayıda bilərik.

Yaqut Ağaşahqızı
Geri dön