Ana Sayfa > Karusel / Media > Ermənilərin Qarabağa köçü: rəqəm şişirdilir, razılaşma pozulur...

Ermənilərin Qarabağa köçü: rəqəm şişirdilir, razılaşma pozulur...


4-02-2021, 18:17. Yazar: sevinc1
Ermənilərin Qarabağa köçü: rəqəm şişirdilir, razılaşma pozulur...

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin Axar.az-a müsahibəsi:

- Müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağa qayıdan ermənilərin sayı 52 mini keçib. Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan isə bildirdi ki, hazırda Ermənistanda müvəqqəti yaşayan Qarabağ ermənilərinin sayı 20 mindir. Beləliklə, öz etiraflarına görə, ümumi 72 min rəqəm alınır. Bundan da Laçında, Kəlbəcərdə sonradan məskunlaşdırılanları çıxsaq, cənab Prezident İlham Əliyevin dediyi rəqəmin nə qədər dəqiq olduğu aydınlaşar. Prezident Qarabağda maksimum 60-65 min nəfər erməni yaşadığını bildirmişdi. Beləliklə, kim zəmanət verə bilər ki, erməni qaytarılmaları yaşayış yeri üzrə aparılır? Onların qayıdışına kim nəzarət edir?

- 10 noyabr tarixli razılaşmanın yeddinci bəndində göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq. Yəni istər erməni, istərsə də azərbaycanlıların Qarabağ ərazisinə qaytarılması BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında baş verməli idi. Təəssüf ki, biz bunu görmədik. Yəni BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı prosesə qarışmadı. Qurumun prosesə qarışmamasının əsas səbəbi isə Rusiya tərəfinin bunu istəməməsidir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məsələyə qarışsa idi, Qarabağa qayıdacaq ermənilərdən rəsmi sənədlər istəniləcəkdi. Yəni onların həqiqətən də Qarabağda yaşayıb-yaşamadığı araşdırılacaqdı. Nəticə etibarilə Qarabağa şişirdilmiş sayda erməninin köçürülməsi mümkün olmayacaqdı.

Onu da deyim ki, bütün hallarda mən Prezidentimizin açıqladığı rəqəmin onun humanizmindən irəli gəldiyini düşünürəm. Yəni Prezident “maksimum 60-65 min erməni” yaşayır deməklə, əslində, ən yüksək rəqəmi göstərdi. Bizdə olan məlumatda isə hətta bu rəqəm 40 min civarındadır. Ermənilər ötən əsrdə Dağlıq Qarabağın etnik vəziyyətini süni şəkildə dəyişərək manipulyasiya etməyə çalışıb. Yəni bir daha deyim, real rəqəmlər bizim xeyrimizədir.

- Beləliklə, ermənilərin köçürülməsində “pripiska” ehtimalı çox yüksəkdir. Buna necə nəzarət etməliyik? Onların köçürülməsini həyata keçirən rus sülhməramlılarına tələb irəli sürə bilərikmi?

- Əvvəla, onu deyim ki, ermənilərin Qarabağa köçürülməsi təşkil edilir. Erməni lobbisi məhz Dağlıq Qarabağa köçəcək ermənilər üçün dotasiya verilməsində çox aktivdir. Çünki Ermənistan hazırda heç öz borclarını ödəmək imkanında deyil. Aydın məsələdir ki, erməni lobbisi prosesə aktiv şəkildə müdaxilə edir.

Əlbəttə, rəsmi Bakı Rusiyanın prosesə daha diqqətli olmasını istəyə bilər. Ümumiyyətlə isə proses belə davam edərsə, yəni statistikanın şişirdilməsi və ermənilərin şirnikləşdirilərək, Qarabağda yaşamayanların belə ora daşınması davam edərsə, Azərbaycan 10 noyabr tarixli razılaşmanın yeddinci bəndinə uyğun olaraq, prosesin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarətinə verilməsi tələb etməlidir. BMT isə köçürülənləri bir daha yoxlamalı, saxta sənədləri aşkara çıxarmalıdır. Bu əməliyyatda Azərbaycan DTX-sı da öz informasiyalarını BMT ilə bölüşərək, reallığı üzə çıxarmağa yardım edə bilər.
Geri dön