Ana Sayfa > Karusel > Rəfail Pəsiyev: “Şuşa tezliklə öz zəngin mədəni həyatını yaşamağa başlayacaq”

Rəfail Pəsiyev: “Şuşa tezliklə öz zəngin mədəni həyatını yaşamağa başlayacaq”


4-02-2021, 16:25. Yazar: sevinc1
Rəfail Pəsiyev: “Şuşa tezliklə öz zəngin mədəni həyatını yaşamağa başlayacaq”

“İşğal dövründə xalqımızın bu torpaqlarda uzun illər boyunca qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Əlbəttə ki, torpağın əsl sahibi belə etmir. Torpağın əsl sahibi həmin torpaqda yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün iş görür. Necə ki, bu gün artıq işğaldan azad edilmiş torpaqlarda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yenidən quruculuq işlərinə başlayıb” – bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev deyib. Müsahibimiz bunu da qeyd edib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində bütün dünya erməni vandalizminin acı nəticələrini müşahidə edə bilər: “Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə dövlət başçımızın təşəbbüsü ilə həmin bölgələrə jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət olunurlar. Artıq bütün dünya qəbul etməlidir ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə sadəcə bu regionda yaşayan xalqlar üçün deyil, bütün bəşəriyyət üçün çox böyük əhəmiyyət kəsb edir. Viran qoyulmuş şəhər və kəndlərimiz isə ən qısa zamanda bərpa olunacaq. Əbəs yerə deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibəsində Şuşanın tezliklə sadəcə Azərbaycanın deyil, həmçinin bütün dünyanın aparıcı mədəniyyət paytaxtlarından birinə çevriləcəyini bəyan edərək demişdir: “Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar.”

Daha sonra Rəfail Pəsiyev pandemiya ilə mübarizədə ölkəmizdə əldə olunmuş yüksək nəticələrdən bəhs edərək bunları deyib: “Bütün dünyada COVİD-19 pandemiyası böyük insan tələfatına və iqtisadi itkilərə səbəb oldu. Lakin Azərbaycan dövləti tərəfindən vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə pandemiyanın daha böyük fəsadlarının qarşısı uğurla alındı. Koronavirusla mübarizə dövründə Azərbaycan vəziyyəti hər zaman nəzarətdə saxlamağı bacardı. Burada əlbəttə ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi səyləri nəticəsində yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynadı. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Əbəs yerə deyil ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirirlər. Heç bir şübhə ola bilməz ki, Azərbaycan səhiyyəsi bundan sonra da öz inkişafını davam etdirəcək və hər bir vətəndaşımız ən yüksək beynəlxalq standartlara cavab verən tibbi xidmətlərdən hər zaman yararlana biləcək.”

Əməkdaşımızın suallarını cavablandıran Rəfail Pəsiyev ölkəmizdə səhiyyənin inkişafı yönümündə xüsusilə son 17 il ərzində böyük işlər görüldüyünü qeyd edib. Müsahibimiz vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşının sağlamlığı daima dövlətin diqqət və qayğısı ilə əhatə olunub: “Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Əlbəttə ki, bu faktın özü də ölkəmizdə səhiyyə sahəsinin dövlətimiz tərəfindənən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını və xüsusi qayğı ilə əhatə olunduğunu bir daha sübut edir. Ümumiyyətlə Azərbaycanda son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Əminliklə demək olar ki, bu gün ölkəmizdə səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir. Möhtərəm Prezidentimizin də dediyi kimi, yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə inşa edilmiş bütün digər xəstəxanalar kimi, bu səhiyyə müəssisəsində də vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstəriləcək.”

Anar Cəlilov
Tahir Sərdarlı

AİA.Az
Geri dön