Ana Sayfa > Gündəm > 29 ildir növbə gözləyən əlilin mənzili başqasına verilir?
29 ildir növbə gözləyən əlilin mənzili başqasına verilir?15-04-2016, 12:46. Yazar: admin |
“Xəzər rayonu İcra Hakimiyyətində 1987-ci ildən mənzil növbəsi gözləyən I qrup gözdən əlil Məlikov Sərxan Tərxan oğlu öz haqqı olan mənzili ala bilmir. Şağan qəsəbəsində 1870-ci ildə tikilmiş ulu babasından qalma uçuq mənzildə qalan ailə 29 ildir bütün ümidlərini bu mənzilə bağlasa da, bina hazır olanda məlum olub ki, Xəzər Rayon İcra Hakimiyyəti onun adını siyahıdan çıxarıb”. Şikayətlə virtualaz.org saytının redaksiyasına gözdən əlilin bacısı Həqiqət İsmayılova üz tutub. Şikayətçinin sözlərinə görə, 65 yaşlı qardaşı Sərxan Məlikovun adı siyahıda birinci olsa da, qanunsuz olaraq çıxarılıb. “1992-ci ildə qardaşıma əkin sahəsi kimi 7,5 sot torpaq sahəsi verilib. Xəstə adamdır, bir tərəfdən də ayağı sınmışdı, müalicəsi üçün torpağı 2007-ci ildə 200 dollara satdı. Sonradan bilmişik ki, həmin torpaqda ev tikiblər, 2011-ci ilin dekabrında onun adına salıblar və 2012-ci ilin fevralında isə çıxarıblar. İndi sənədləşdirmə zamanı ortaya çıxarıblar ki, sənin adında ev olub. Halbuki, qardaşımın nəinki 3 mərtəbəli ev, heç daxma tikməyə imkanı yoxdur. Bu hadisədən sonra lap əsəbləri pozulub, evi dağıdır, yumruqla televizoru sındırıb, həyatdan küsüb. Deyir ki, məni aldadıblar. Əsəbi xəstədir, nevrozdur, bilmirik kimə müraciət edək”. H.İsayevanın sözlərinə görə, əlil olduğundan istifadə edərək, ucuz başa gəlsin, bəzi vergilərdən azad olsun deyə onun adına sənədləşmə aparıblar: “Əslində, notariusda ev satılırsa, evin digər ailə üzvləri də imzalamalı idilər. Bu işdə qəsəbənin bələdiyyə sədri Təvəkkül Səlimovun da rolu olub. Onunla ev sahibi ilə əlbir olublar. Hamı bilir ki, S.Məlikovun bu evi tikməyə gücü çatmaz”. Dəfələrlə Xəzər rayon icra başçısının və müavinlərin qəbulunda olduqlarını deyən şikayətçinin sözlərinə görə, onları get-gələ salıblar. “Prezident Aparatına müraciət etdim, dedilər ki, araşdırılacaq. İcra başçısı Gülağa İslamov qəbul etdi. Dedi ki, siz səhvi özünüzdə axtarın, hələ sevinin ki, sizi növbəti 5 illik növbəyə salacağıq. İmkanımız yoxdur ki, həmin evi tikən şəxsi məhkəməyə verək. Heç olmasa, bu torpağın içərisində ev tikib versinlər. Qardaşım massajçıdır, poliklinikada işləyir və 160 manat maaş alır. Oğlu da xəstəxanadadır, 6-7 nəfərlik ailə çətin vəziyyətdə dolanır”. Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Gülbala Qurbanov isə virtualaz.org saytına məsələ ilə bağlı açıqlamasında problemin icra hakimiyyətinə deyil, Gözdən Əlillər Cəmiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olduğunu dedi: “Nazirlik bizdən siyahı istədi, biz də verdik. Ailəsi çox söz deyə bilər, biz araşdırdıq, Sərxan Məlikov mənzil növbəsində beşinci idi. Daha əvvəl qeydiyyata duran dörd nəfər vardı, mənzillər onlara verildi”. Həmin torpaq sahəsinə gəlincə isə, şöbə müdiri bildirdi ki, əgər Sərxan Məlikova torpaq sahəsi verilibsə, ona, ümumiyyətlə, mənzil düşmür: “Özü günahkardır. Əgər ona aid torpaq sahəsində ev tikilibsə, məhkəməyə gedib adını çıxartmalı idi. İndi çıxartsa belə xeyri olmayacaq, çünki o, imtiyazlı kimi deyil, ümumi əsaslarla növbəyə dayana biləcək. Ümumiyyətlə, S.Məlikova torpaq verilibsə, ev verilə bilməz. O halda ev verilə bilər ki, o, gəlib torpaqdan imtina etdiyini bildirsin” Geri dön |