Ana Sayfa > Karusel / Siyasət > Məzahir Bayramov: “Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq əlaqələri region üçün yeni inkişaf mərlələsinə zəmin yaradacaq”
Məzahir Bayramov: “Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq əlaqələri region üçün yeni inkişaf mərlələsinə zəmin yaradacaq”29-01-2021, 15:08. Yazar: sevinc1 |
“Xəzəryanı ölkələr tərəfindən imzalanmış Konvensiya uzun illər davam edən diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün yeni imkanlar yaradıb” – bu sözləri saytımıza verdiyi müsahibəsində YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib. Əməkdaşımızın suallarını cavablandıran Məzahir Bayramov qeyd edib ki, xüsusilə son illər ərzində dünya dövlətlərinin, o cümlədən Xəzəryanı ölkələrin Azərbaycanla əməkdaşlıq etməyə marağını artıran əsas amillərdən biri Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ölkəmizin beynəlxalq miqyasda nüfuzunun durmadan yüksəlməsidir. Bu barədə öz fikirlərini paylaşan Məzahir Bayramov Azərbaycan və Türkmənistan arasında imzalanmış sazişin ümumilikdə regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib: “Əgər biz bu gün Xəzəryanı ölkələr arasında geniş və səmərəli əməkdaşlıq münasibətlərinin yarandığını və getdikcə daha sürətlə inkişaf etdiyini müşahidə ediriksə, sozsüz ki, bu reallığın yaranmasında Azərbaycanın böyük rolu vardır. Buna ən bariz nümunə kimi əlbəttə ki, Xəzəryanı dövlətlər arasında 2018-ci ildə imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanı göstərmək olar. Bu gün isə artıq əksər regional dövlətlər, eləcə də Avropanın ayrı-ayrı ölkələri özlərinin enerji təhlükəsizliyini məhz Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə yaradılan şaxələndirilmiş mənbələr və nəqliyyat dəhlizləri vasitəsilə təmin edirlər. Heç şübhəsiz respublikamız bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan və Türkmənistan tərəfindən “Dostluq” yatağının birgə istismarını nəzərdə tutan bu yeni layihə də həm dövlətlərimiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, həm də ölkələrimizin neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Memorandumun imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından çox önəmli addımdır.” Daha sonra müsahibimiz Azərbaycan və Türkmənistan arasında mövcud olan əməkdaşlıq çərçivəsində logistik əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları dedi: “Məlumdur ki, nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkəmiz, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan və Türkmənistan arasında mövcud əməkdaşlıq əlaqələrindən bəhs edərkən məhz nəqliyyat sahəsini bu əlaqələrin strateji istiqaməti kimi qeyd etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.” Müsahibəsinin sonunda Məzahir Bayramov Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanmsını həm də ölkələrimizin tam müstəqil xarici siyasət yürüdən dövlətlər olduğunu təsdiqləyən daha bir hadisə olduğunu da vurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan və Türkmənistan arasında heç bir mübahisəli məsələ qalmayıb. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir. Ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri ümumi dəyərlər əsasında qurulub. Dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işlərin aparılması uğurun təminatıdır. Bu səbəbdən əməkdaşlığın davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisədir. Ölkələr arasında 21 yanvar tarixində imzalanmış saziş həm Azərbaycanın, həm də Türkmənistanın tam müstəqil xarici siyasət yürüdən dövlətlər olduğunu bir daha təsdiqləyən hadisədir. Bu layihə Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açmaqla ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq.” Abbas Abbasov AİA.Az Geri dön |