Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Transmilli layihələr ölkələrin iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edirlər ”

Kamaləddin Qafarov: “Transmilli layihələr ölkələrin iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edirlər ”


29-01-2021, 14:50. Yazar: sevinc1
Kamaləddin Qafarov: “Transmilli layihələr ölkələrin iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edirlər ”

“Azərbaycan və Türkmənistan arasında yanvar ayının 21-də imzalanmış anlaşma memorandumu istər Xəzər dənizi hövzəsində sabitliyin qorunub saxlanması, istərsə də karbohidrogen yataqlarının sahilyanı ölkələr tərəfindən birgə mənimsənilməsi və istismarı təcrübəsinin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Sözsüz ki, bu layihə ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkkəmlənməsinə xidmət edəcək.” Bu sözləri yap.org.az saytına verdiyi müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Azərbaycanla Türkmənistan arasında imzalanmış sazişin strateji əhəmiyyətinə dair saytın suallarını cavablandıran millət vəkili qeyd edib ki, transmilli layihələr, ümumiyyətlə, iştirakçı ölkələrin iqtisadi inkişafı üçün müstəsna əhəmiyyət kəsb edirlər. Azərbaycan kimi etibarlı bir tərəfdaşın qoşulduğu beynəlxalq layihələr isə təkcə iştirakçı ölkələrin deyil, eyni zamanda əksər qonşu dövlətlərin də maraqlarına cavab verir: “İlk növbədə belə bir məqamı xüsusi olaraq vurğulamaq istərdim ki, qlobal beynəlxalq, başqa sözlə desək, transmilli layihələr istənilən bir ölkənin iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən faktor kimi çıxış edirlər. Xüsusilə müasir dövrümüzdə ölkələrin təcrid olunmuş vəziyyətdə inkişafı ümumiyyətlə mümkün deyil. O cümlədən, ölkəmizin son 27 il ərzində müşahidə olunan, yüksək dinamikaya malik inkişafında da bilavasitə Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində dünyanın ən nüfuzlu transmilli şirkətləri ilə imzalanmış və bütün dünyada "Əsrin müqaviləsi" kimi tanınmış beynəlxalq müqavilənin müstəsna rolu vardır. Bu gün də əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasını uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin atdığı məqsədyönlü addımlar sayəsində Azərbaycan getdikcə daha çox əhəmiyyətli transmilli layihələrin əsas iştirakçısına çevrilməkdədir. 2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalandı. “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoydu. Bu gün artıq Cənubi Qafqaz regionunda heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Azərbaycanla Türkmənistan arasında yeni imzalanmış memorandum isə artıq Xəzər dənizi hövzəsində də tamamilə yeni bir əməkdaşlıq formatının yaradılması deməkdir. Bu sazişin bütün region ölkələri üçün çox böyük strateji əhəmiyyəti vardır. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, məhz nəqliyyat sahəsi Azərbaycan və Türkmənistan arasında mövcud əməkdaşlıq əlaqələrinin strateji istiqamətidir. Bu sahədə əməkdaşlıq isə həm bizim ölkələr, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Belə ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. O cümlədən, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə demək olar ki, Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarlarına çıxaracaq Transxəzər layihəsinin də reallaşması yolunda artıq heç bir əngəl qalmayıb”.
Son illər ərzində dünya dövlətlərinin Azərbaycanla əməkdaşlıq etməyə daha çox maraq göstərmələrini Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi kimi qiymətləndirən K.Qafarov onu da qeyd etmişdir ki, hər hansı bir ölkənin sadəcə zəngin təbii resurslara sahib olması hələ onun müstəqil və güclü bir dövlət olacağı anlamına gəlmir. Əksinə, dövlət idarəçiliyinin naşı və xudbin insanlar tərəfindən ələ keçirilməsi həmin ölkənin təbii sərvətlərini onun xalqı üçün əsl fəlakətə çevirə bilər: “Zəngin təbii sərvətlər hər bir ölkənin xalqı üçün həm arzuolunan hədiyyə, həm də əsl fəlakət ola bilər. Dünya təcrübəsində məhz dövlət başçılarının səriştəsizliyi ucbatından bəzi ölkələrin daha güclü dövlətlərdən asılı vəziyyətə düşməsi hallarına kifayət qədər rast gəlmək mümkündür. Heç şübhəsiz ölkənin iqtisadi və siyasi müstəqilliyi birbaşa həmin ölkəyə rəhbərlik edən siyasi liderin həyata keçirdiyi diplomatiyadan, yürütdüyü siyasi kursdan asılıdır. Əgər biz bu gün Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzundan, ölkəmizin artıq bir neçə ildir ki, Cənubi Qafqazın lider dövləti kimi çıxış etməsindən, respublikamızın dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından sayılan təşkilatlara rəhbərlik etməsindən və aparıcı dünya dövlətləri ilə bir sırada inamla durduğundan danışırıqsa, o zaman birmənalı olaraq etiraf olunmalıdır ki, bütün bunlar Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən uğurlu diplomatiyanın və düşünülmüş siyasi xəttin nəticələridir. Ayrıca olaraq qeyd olunmalıdır ki, məhz bu siyasi xəttin nəticəsi kimi Azərbaycan ilk növbədə özünün iqtisadi müstəqilliyini təmin edib. Öz növbəsində, iqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə zəmin yaradıb. Müstəqil iqtisadi siyasət yürüdən Azərbaycan XXI əsrdə indiyədək görünməmiş inkişaf templəri əldə edib. Ölkəmiz hərbi qüdrətini artırıb, müasir, güclü orduya sahib olub və bütün maneələrə baxmayaraq öz torpaqlarını işğaldan azad edib. Əlbəttə ki, belə bir ölkə ilə hər bir dövlət əməkdaşlıq etmək istəyəcək. Azərbaycan qalib ölkədir, Azərbaycan güclü dövlətdir və ən əsası da Azərbaycanın müstəqil siyasət yürüdən və bu siyasətin əsasında ən vacib prioritet kimi ümummilli mənafeləri saxlayan güclü siyasi iradəyə, dünya liderləri arasında yüksək şəxsi nüfuza və ümumxalq rəğbətinə sahib olan Prezidenti var.
Məhz bu amillər digər dünya dövlətlərini Cənubi Qafqaz regionu ilə bağlı qlobal məsələlərin həlli xüsusunda Azərbaycanla hesablaşmağa məcbur edir. Digər tərəfdən də Azərbaycanın iqtisadi müstəqilliyi ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edir. Əgər bu gün transmilli şirkətlər Azərbaycana investisiyalar yatırmaqdan çəkinmirlərsə, bu, əlbəttə ki, ilk növbədə həmin yatırımların qorunmasına dair əminlikdən irəli gəlir”.
Beləliklə, millət vəkilinin fikrincə, Azərbaycan və Türkmənistan arasında imzalanmış əməkdaşlıq haqqında memorandum hər iki dövlətin tam müstəqil xarici siyasət yürüdən dövlətlər olduğunu bir daha təsdiqləməklə ölkələrimizin və bütün regionun bundan sonrakı inkişafını daha da sürətləndirəcək, Cənubi Qafqazda və Xəzər dənizi hövzəsində sülhün və sabitliyin davamlılığını artıracaqdır.
Geri dön