Ana Sayfa > Siyasət > Xəzər dostluğun, tərəfdaşlığın rəmzinə çevrilir

Xəzər dostluğun, tərəfdaşlığın rəmzinə çevrilir


26-01-2021, 11:39. Yazar: sevinc1
Xəzər dostluğun, tərəfdaşlığın rəmzinə çevrilir


Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması, iki dövlət arasında enerji sahəsində əməkdaşlığın möhkənləndirilməsi, habelə bölgədə beynəlxalq tərəfdaşlığın inkişafı baxımından yüksək əhəmiyyət kəsb edir.

Bütün tarix boyu xalqlarımız bir-birinə qardaşlıq münasibətləri bəsləyib. Azərbaycan və Türkmənistan xalqlarını bir çox ortaq dəyərlər birləşdirir. Bunlar, ilk növbədə, bizim eyni köklərə bağlı olmağımızdır. Mədəniyyətimiz və mənəviyyatımızdır. Ötən əsrin sonlarından, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi və inkişaf etməsi üçün tamamilə geniş şərait yaradılıb.

Bu gün Avropa ilə Asiyanın qovşağında yerləşən ölkələrimiz müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edir. Dövlət başçılarının fəal siyasi təmasları Azərbaycan-Türkmənistan əlaqələrinin intensiv inkişafı üçün möhkəm təməl rolunu oynayır. Bizim ölkələrimiz bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensiala malikdirlər. Biz dünyanın iki böyük regionunu Xəzər dənizi vasitəsilə birləşdirən bir ərazidə yerləşirik.

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində birgə əməkdaşlıq haqqında Memorandum imzalanması iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq formatına daxil olmasının bariz nümunəsidir.

Təbii ki, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox vacib rol oynayacaq, eyni zamanda bölgə üçün yeni geoiqtisadi perspektivlər açacaq. Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismar etməsi və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Bu layihə Azərbaycanın geoiqitsadi mövqeyini möhkəmləndirməklə yanaşı, onun tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək.

Azərbaycana qibtə edən bəziləri üçün gözlənilməz olan Azərbaycan və Türkmənistan münasibətlərinin bu səviyyəyə çatmasının ən böyük səbəbi Prezident İlham Əliyevin mahir strateq olması və diplomatik bacarıqları ilə bağlıdır.

Xəzərin zəngin enerji resurslarının xarici bazarlara çıxması bölgə xalqlarının rifahı və regionun gələcəyi üçün önəmlidir. Burada xüsusilə bəzi məqamlara toxunmaq lazımdır. Hələ bir müddət əvvəl Azərbaycan və Türkmənistan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş “Nabucco” qaz kəməri layihəsi uzun müddət idi ki, müzakirə predmetinə çevrilmişdi. Həmin vaxt 250 milyon avro dəyərində qiymətləndirilən “Nabucco” layihəsi Avropa İttifaqındakı bəzi liderlərin prinsipiallıq nümayiş etdirməməsi səbəbindən reallaşmadı.

Bu dəfə isə Azərbaycan və Türkmənistan birgə istismar edəcəyi “Dostluq” yatağı vasitəsilə Avropanın enerji təhlükəsizliyində növbəti uğurlu layihəyə imza atmış olacaq. Nəticədə, neft və qaz ixracatçısı olan Azərbaycanın, həm enerji resurslarının sahibi kimi, həm də tranzit ölkə kimi Avrasiyadakı əhəmiyyətini bir qədər də artacaq.

Azərbaycan və Türkmənistan arasında imzalanmış Memorandum iki dövlət arasında olan qardaşlığın və dostluğun əsil nümunəsidir. Sənədin imzalanması iki dövlətin iqtisadi potensiallarını artırmaqla yanaşı, Bakı və Aşqabad arasında iqtisadi əməkdaşlığa yeni təkan verəcək, eyni zamanda, hər iki ölkənin beynəlxalq və regional əhəmiyyətini daha da artırmış olacaq.

Azərbaycan Prezidentinin Memorandumun imzalanması mərasimi ilə əlaqədar keçirilən videokonfransda çıxışındakı sözləri xüsusi məna kəsb edir.

“Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar”.

Əminə Ağazadə,
Milli Məclisin deputatı


aia.az
Geri dön