Ana Sayfa > Manşet / Media > Azərbaycanın ən şərəfli dövrü .

Azərbaycanın ən şərəfli dövrü .


22-01-2021, 17:10. Yazar: sevinc1
Azərbaycanın ən şərəfli dövrü .


2020-ci il Azərbaycan tarixinə böyük dönüş, möcüzələrin gerçəyə çevrilməsi mərhələsi kimi yazıldı.

İki əsrdir mövcud olan, son 30 il ərzində isə savaşla davam edən qanlı münaqişə qüdrətli Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun hərbi qələbələri sayəsində birdəfəlik həll olundu.
Vətən müharibəsi Azərbaycanın regional liderliyini birmənalı təsbit etdi və ölkəmizi Avratlantik məkanda nüfuzlu söz sahiblərindən birinə çevirdi.
Həmçinin dünyanı bürümüş iqtisadi böhran və koronavirus pandemiyası fonunda respublikamızın əldə etdiyi müsbət nailiyyətlər cənab İlham Əliyevin liderliyində Azərbaycanın hədəflərinə düzgün istiqamətdə irəlilədiyini bir daha nümayiş etdirdi.

Növbəti mükəmməl Azərbaycan nümunəsi

Ötən il bütün yönümlərdə Azərbaycan Respublikası üçün uğurlu olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə başlamış genişmiqyaslı xarakter daşıyan islahatlar respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşkili üçün zəmin yaratdı. İslahatlarla qarşıya qoyulan hər bir vəzifənin, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması isə xalq-iqtidar birliyini daha da möhkəmləndirdi, əhalinin Prezident İlham Əliyev ətrafında daha sıx birləşməsini təmin etdi. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl sosial-iqtisadi inkişaf strategiyası nəticəsində islahatların davamlılığı təmin edildi və iqtisadi inkişafın sürətləndirilməsi nəticəsində əhalinin rifahı daha da yaxşılaşdı.

Ötən il fevral ayından başlayaraq ölkəmiz çətin sınaqla üzləşmişdi. Mənşəyi məlum olmayan, dünya səhiyyəsinin indiyə qədər rastlaşmadığı virusun yayılma miqyasının qarşısını almaq olduqca çətin, hətta mümkünsüz görünürdü. Təsadüfi deyil ki, iqtisadi baxımdan güclü dövlətlərin bir çoxu COVID-19-un törətdiyi fəsadları müşahidə etməklə kifayətləndi. Vaxtında çevik tədbirlər görə bilmədiklərindən həmin ölkələrdə hələ də virus hər gün onlarca insanın həyatına son qoyur, yoluxanların sayı artmaqda davam edir.

Azərbaycan ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında, pandemiyaya qarşı mübarizəni əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığının inkişaf etdirilməsi istiqamətlərində qurmaqla müsbət təcrübəyə nail oldu.
Pandemiya bəşəriyyətə gətirdiyi fəlakətlərlə yanaşı, dövlətlərin reallıqda nəyə qadir olduqlarını da üzə çıxardı. Artıq saxta piarlar, yalançı “inkişaf tempi” və sair işə yaramadı. Məlum oldu ki, dünya ölkələrinin böyük əksəriyyəti təkbaşına pandemiyanın öhdəsindən gəlmək gücündə deyil. Onlar pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən çıxmaq üçün beynəlxalq maliyyə qurumlarının qapısını döyməyə başladılar. Azərbaycan isə əksinə, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları həcmində ianə ayırdı. Bundan başqa, 5 milyon ABŞ dolları həcmində vəsaiti Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ayırdı. Bunlarla yanaşı, 30-dan çox ölkəyə də humanitar yardım göstərdi.

Respublikamız pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard manat vəsait ayırdı. Dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir. Təkcə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 600 milyon manat vəsait ayrıldı.
600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və müvəqqəti işini itirən, aztəminatlı təbəqəyə məxsus olanlar sərtləşdirilmiş karantin müddətində 190 manat müavinət alır.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması naminə qəbul etdiyi qərarlarını, xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdığı bütün addımları Azərbaycan Həmkarlar İttifaqları yüksək qiymətləndirir. Bu münasibətlə AHİK-in İcraiyyə Komitəsi öz iclasında qəbul etdiyi müraciətdə möhtərəm Prezidentə dərin minnətdarlığını bildirmiş və hər zaman onun yanında olduğunu bəyan etmişdir.

Dövlət başçısının insanların rifahı naminə göstərdiyi müstəsna fəaliyyəti, mərhəmət, nəciblik kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti, “Instagram” səhifəsində etdiyi səmimi paylaşımlar mənəvi dəstəyin parlaq nümunələridir. Mehriban xanim müraciətində müdrik xalqımızın ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət kimi gözəl xüsusiyyətləri sayəsində bu ciddi çağırışın öhdəsindən gələ biləcəyimizə əminliyini bildirmişdi.

Biz birlikdə güclüyük!

Ölkəmizin digər müvafiq qurumları ilə yanaşı, koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları da imkanlarını səfərbər edərək müəyyən addımlar atmışdır. İlk növbədə, pandemiya dövründə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin qətiyyətli addımlarını dəstəkləyərək işəgötürən tərəfindən işçilərin sayının əsassız azaldılmasının qarşısının alınması məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daxil olmaqla, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası adından işəgötürənlərə bildiriş göndərilmişdir.
Martın 23-də AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə keçirilən müşavirədə profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu (Operativ Qərargah) yaradılmışdır.

AHİK-in İcraiyyə Komitəsinin aprelin 23-də keçirilən onlayn iclasında qeyd edilmişdir ki, həmkarlar ittifaqları bu çətin günlərdə ölkə Prezidentinin yanında olmalı, imkanlar çərçivəsində pandemiya şəraitində aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.
AHİK-də koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həmkarlar ittifaqı əməkdaşları ilə operativ əlaqələr qurulması üçün xüsusi SMS Məlumatlandırma Sistemi yaradılmışdır. Sistem xüsusi servis kanalla təchiz edilmişdir. Həmkarlar ittifaqlarında verilən qərarlar, tapşırılan işlər dərhal lazımi şəxslərin mobil telefonlarına ötürülür. Bu isə xüsusi karantin şəraitinin məsafədən işləmə prinsiplərindəndir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən pandemiya ilə bağlı üzv təşkilatlara, şəhər, rayon təşkilatlarına görülməli işlərlə əlaqədar tövsiyələr verilmiş və vəzifələri müəyyənləşdirilmişdir.

AHİK və onun üzv təşkilatları tərəfindən pandemiya dövründə ümumilikdə 6.065.988 manat məbləğində maddi və ərzaq yardımları göstərilmişdir. O cümlədən AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 110 min manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyin hesabına 205 min manat vəsait köçürmüş, 54.328 aztəminatlı ailəyə 1.517.825 manatlıq yardım etmiş, 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım göstərilmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanmışdır. Həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ümumilikdə 458.920 manat vəsait köçürmüşlər.

Koronavirusla mübarizədə əsas ağırlığın səhiyyə işçilərinin üzərinə düşdüyünü nəzərə alan sahə həmkarlar ittifaqı bu kateqoriyadan olan işçilərin pandemiya dövründə sosial problemlərinin həllinə xüsusi diqqət yetirmişdir. Səhiyyə sahəsində fədakarcasına çalışan 7101 tibb işçisi ailəsinə 216.187 manat, 16.834 nəfər tibb işçisinə isə 1.102.280 manat maddi yardım edilmişdir. 191.404 manatlıq qoruyucu vasitə paylanmışdır. Koronavirus pandemiyası dövründə həmkarlar ittifaqları tərəfindən əhatə olunan üzvlərin və ölkə vətəndaşlarının sayı 100 mindən artıq olmuşdur.

Həmkarlar ittifaqları təşkilatları hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və göstərişlər əsasında öz işini qurmaq üçün müvafiq addımlar atırlar. Həmkarlar ittifaqı üzvləri qoyulan karantin rejiminə ciddi əməl etməklə bu qaydalara əməl olunmasına daha ciddi nəzarət olunmasına, pandemiya dövründə işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, bu sahədə onların sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti artırmışlar. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, “yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir”.

Qüdrətli Sərkərdənin böyük Zəfəri

Hər birimiz Qələbə sevincini yaşayırıq. Uzun həsrətdən sonra işğal altında olan torpaqlarımızın azadlığını görmək, Azadlıq meydanında Zəfər paradını izləmək xalqımız üçün çox sevindirici və qürurverici hissdir. Müzəffər Ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən, qatı düşmənə qarşı amansız döyüşlərdə qəhrəmanlıq göstərən Ordumuz və adını tariximizin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandanımız İlham Əliyevdir.
Ordumuz Ali Baş Komandanın əmrlərini fədakarlıqla yerinə yetirərək tarixi qələbə qazanmışdır. Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi və ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilmişdir. Biz bu müharibəni şəhidlərimizin qanı-canı bahasına, hərbçilərimizin rəşadəti hesabına qələbə ilə başa çatdırmışıq. Vətənin cəsur oğulları düşmənə qarşı bir nəfər kimi silaha sarılıb layiqli mübarizə aparmış, qələbəmizin qazanılmasında böyük qəhrəmanlıq göstərmişdilər.
Möhtəşəm hərbi zəfərimiz sayəsində siyasi müstəvidə də qələbənin qazanılması təmin edilmişdir. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev dünyanın taleyini həll edən böyük dövlətlərin təzyiqlərinə qarşı öz yüksək intellekti, məntiqli diplomatiyası ilə sipər çəkdi, Qafqazda yeni reallıq yaratdı.

Birinci vitse-prezident Mehriban Əliyevanın bu çətin günlərdə ölkə Prezidenti ilə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızdan dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı.
Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın əsl hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü.

Döyüşlər getdiyi müddətdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə bütün beynəlxalq konvensiya və qanunlara zidd olaraq cəbhə xəttindən xeyli uzaqda olan Gəncə və Bərdə şəhərlərinin, Tərtər, Goranboy, Naftalan, Ağcabədi, Abşeron, Xızı, Kürdəmir və digər şəhər və kəndlərin raket atəşinə tutulması nəticəsində 94 nəfər mülki əhali, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 400 nəfərdən çoxu yaralanmış, 5 mindən çox ev tamamilə dağıdılmış və ya ciddi zədə almışdır. Azərbaycan Ordusu isə bunun əksinə olaraq yalnız Ermənistanın legitim hərbi nöqtələrinə atəş açaraq onları sıradan çıxartmışdı. Az müddətdə Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etmişdi.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda canlarından keçən 2858 igidin qanı yerdə qalmadı. Qəhrəman Ordumuz bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımının qisasını aldı, düşməni darmadağın etdi. Torpaqlarımız 30 illik işğaldan sonra vətənə qovuşdu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi. Nikol Paşinyan noyabrın 10-da Ermənistanın kapitulyasiyasını qəbul etməklə üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsilə başa çatmasını hüquqi cəhətdən təsdiq etməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir. O cümlədən bölgədə nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələsinə bu sənəddə xüsusi diqqət ayrılıb. Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu da o deməkdir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

2021-ci il yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də iki ay öncə imzalanmış üçtərəfli bəyanatın müddəalarından irəli gələrək, regionda dinc həyatın və iqtisadi inkişafın təmin olunması istiqamətində atılacaq növbəti addımların birlikdə müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.
Moskva görüşünün nəticəsi olaraq imzalanmış yeni bəyanat sözsüz ki, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək. Görüşün mühüm nəticələrindən biri “Şərq-Qərb nəqliyyat dəhlizi”nin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin açılması olacaq ki, bu da ilk növbədə Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Əlbəttə ki, bu layihələrin reallaşması ilə Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək.

Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Bu reallıqlardan ən önəmlisi də budur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərindən əl çəkməyən ünsürlərə isə ən gözəl cavabı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı qaldırdığı Şuşa şəhərində etdiyi çıxışlarında vermişdir: “Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik. Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar”.

İlham Əliyev Qarabağı yenidən cənnətə çevirəcək

Vətən savaşından sonra ən mühüm hadisələrdən biri də Ali Baş Komandanın işğaldan azad olunmuş bölgələrə səfərləri oldu. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan səfərlərindən sonra möhtərəm Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də olduqca əhəmiyyətli idi.
Dövlət başçımızın indiyədək işğaldan azad edilmiş dügər rayon və şəhərlərimizə etdiyi səfərləri kimi, Şuşaya bu səfəri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Eyni zamanda ölkə Prezidentinin yanvarın 11-də keçirilmiş məlum Moskva görüşündən dərhal sonra ailəsilə birlikdə Şuşaya səfər etməsi Qarabağın əsl sahibinin kim olduğuna dair bütün dünyaya ünvanlanmış növbəti mesaj kimi qiymətləndirilməlidir.
Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul oldular. Lakin möhtərəm Prezidentin də çıxışında qeyd etdiyi kimi, onlar ötən müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələr ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Əlbəttə ki, torpağın əsl sahibi belə etmir. Torpağın əsl sahibi həmin torpaqda yollar çəkir, binalar tikir, qurub-yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün əməli iş görür. Necə ki, Prezident İlham Əliyev Şuşa şəhərinə səfərindən öncə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu. Möhtərəm Prezident dedi ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yol çəkiləcək.
Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsilə başa çatmasından cəmi iki ay vaxt keçməsinə baxmayaraq, artıq torpaqlarımıza böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Böyük qürur doğuran önəmli məqamlardan biri də budur ki, Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstləri də Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

Bu gün artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir mərhələ başlayır. Heç şübhəsiz, bu mərhələdə işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın siyasi-iqtisadi suverenliyinin daha da gücləndirilməsi yönümündə mühüm amillərdən biri kimi çıxış edəcək. Tezliklə bu bölgələrdə yenidən məskunlaşma həyata keçiriləcək, insanlarımızın layiqli yaşayışı və ümumi iqtisadi fəallıq təmin ediləcək. Qarabağda və ətraf rayonlarda həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Əlbəttə ki, bu quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf borcudur. Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfəsi olacaq. Məhz elə bu vacib məqamları nəzərə alaraq Prezident İlham Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fondun yaradılması Azərbaycan xalqının Qarabağa möhtəşəm qayıdışı istiqamətində dövlətimiz tərəfindən atılan ən əhəmiyyətli addımlardan biridir. 30 il ərzində işğal altında olan Vətən torpaqlarında erməni qəsbkarlarının törətmədikləri vandalizm aktının qalmadığını hamımız gözəl bilirik. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz viran edilib, təbii sərvətlərimiz talan olunub, tarixi-mədəni irsimiz tamamilə yox edilmək məqsədilə olmazın dağıntılara məruz qoyulub. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək üçün əlindən gələni edib. Lakin bütün bunların bir nəticəsi olmadı. Vətən torpağı düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad etdik. Bu gün isə həmin torpaqları alnımızın təri ilə yenidən dirçəltməyə başlayırıq.
Qarşıda bizi irimiqyaslı quruculuq-bərpa işləri gözləyir və bu işlərdə öz payı olduğunu görmək hər kəsin arzusudur. Lakin belə məsələlərdə pərakəndəlik də qətiyyən yolverilməz bir haldır. Məhz elə bu baxımdan da Qarabağ Dirçəliş Fondunun yaradılması müstəsna əhəmiyyət kəsb edən bir hadisədir. Qarabağ Dirçəliş Fondu 2021-ci ildə Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz bu fondun dəstəyilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda respublikamızın inkişaf etmiş regionları sırasında öz layiqli yerini tutacaq.

Prezidentin çağırışına hər kəs səfərbər olmalıdır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, Vətən müharibəsi dövründə də şanlı ordumuza, əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirmişdir.
AHİK uzun illər ərzində qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə onların ehtiyacları ilə maraqlanmış, yardımlar göstərmişdir. AHİK və üzv təşkilatları tərəfindən edilən yardımlar 10 milyon manatlarla hesablanır. Bundan başqa, AHİK-in sanatoriya-kurort müəssisələrində qaçqın və məcburi köçkünlər məskunlaşdırılmış, onların kommunal xidmətləri tərəfimizdən ödənilmişdir.
Vətən müharibəsi dövründə həmkarlar ittifaqı təşkilkatlarının rəhbərləri arxa cəbhədə daim əhali arasında olmaqla onlara Vətən müharibəsinin baş vermə səbəblərini, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, İƏT-in, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin, Avropa İttifaqı, Avropa Şurasının və digərlərinin münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələrin mahiyyətini izah etmişlər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində, xarici ölkələrin media qurumlarına verdiyi müsahibələrdə müharibənin öz ərazimizdə aparılma səbəbləri, bu ədalətli müharibədə ordumuzun qarşısında duran vəzifələr, bəzi beynəlxalq təşkilatların tutduqları qeyri-obyektiv mövqelər, postmüharibə dövründə Azərbaycan və erməni vətəndaşlarının dinc yanaşı yaşayış şərtləri və digər məsələlərlə bağlı fikirlər həmkarlar ittifaqı üzvləri ilə yanaşı, digər əhali qruplarına çatdırılmışdır. Bütün bunlarla bərabər, AHİK 27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi təxribat və noyabrın 25-də Fransa senatının qəbul etdiyi üzdəniraq qətnamə barədə bəyanat yayaraq beynəlxalq təşkilatlara, o cümlədən “Amnesty İnternational” təşkilatına, ABŞ Konqresinin Nümayəndələr Palatasına müraciətlər ünvanlayaraq, dünyanın gözü önündə törədilən vəhşilik, barbarlıq aktlarının və Azərbaycana qarşı ikili mövqenin sərgilənməsini beynəlxalq ictimaiyyətə çatdırmışdır.
Müraciətlərdə beynəlxalq təşkilatların haqq səsimizi eşidərək Azərbaycanın dinc sakinlərinə, o cümlədən Gəncə şəhərində mülki əhaliyə qarşı həyata keçirilən vandalizm hərəkətlərinin qətiyyətlə pislənməsi və BMT-nin Təhlükəsizlik Şurasından təcili toplanaraq Gəncənin bombalanması əmrini verən və çoxlu sayda mülki əhalinin ölümünə səbəb olan təcavüzkar Ermənistan rəhbərlərinin sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar atılması tələb edilmişdir.

AHİK-in müraciətləri beynəlxalq həmkarlar ittifaqları ilə yanaşı, 103 ölkədə fəaliyyət göstərən 499 xarici həmkarlar ittifaqı təşkilatlarına və 59 beynəlxalq qurumlara da göndərilmişdir. Bu müraciətlər və bəyanatlar respublika KİV-ində və AHİK-in saytında da yerləşdirilmişdir.
Vətən müharibəsi dövründə AHİK-lə yanaşı, onun üzv təşkilatları və həmkarlar ittifaqı komitələri daim dövlətimizin və ordumuzun yanında olmuş, milli həmrəylik nümayiş etdirmiş, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirmiş, müxtəlif tədbirlər həyata keçirmiş, baş verən hadisələrə münasibət bildirmiş, Ali Baş Komandanımızın bütün addımlarını dəstəkləyərək Azərbaycanın şanlı ordusuna maddi və mənəvi yardımını göstərmişlər.
AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə 3 milyon 424 min 312 manat xərclənmişdir. O cümlədən Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 350 min manat ianə edilmiş, İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150 min manat köçürülmüşdür. Sahə həmkarlar ittifaqları tərəfindən 1.380.687 manatlıq maddi yardım göstərilmiş, Silahlı Qüvvələrə Yardım Fonduna 1.005.875 manat vəsait köçürülmüş, “Yaşat” Fonduna 537.750 manat ianə edilmişdir.
AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait köçürülmüşdür. Yekun olaraq bildirim ki, AHİK və onun üzv təşkilarları tərəfindən Pandemiya və Vətən müharibəsi dövründə ümumilikdə 10 milyon manata yaxın vəsait xərclənmişdir.
Yeri gəlmişkən qeyd edək ki, hələ Vətən Savaşı başlalamış AHİK-in İcraiyyə Komitəsi 2016-cı ilin Aprel və 2020-ci ilin iyul döyüşlərində həlak olmuş 23 hərbi qulluqçunun 41 nəfər uşağının üzv təşkilatlar tərəfindən himayəyə götürülməsi və 18 yaşına çatanadək onlara hər ay 150 manat maddi yardım edilməsi haqqında qərar qəbul etmişdir. 18 yaş həddinə çatana qədər həmin uşaqlara göstəriləcək yardımın məbləği isə 885 min 600 manat olacaqdır.

Hamıya yaxşı məlumdur ki, erməni işğalından əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa” İstirahət Evi, Kəlbəcərdə “İstisu” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”, Ağdamda “Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin də idman stadionları, şahmat klubları, bəzi üzv təşkilatların isə obyektləri işğaldan azad edilmiş ərazilərdə mövcud olmuşdur. Çox təəssüf ki, bu sağlamlıq ocaqları və idman qurğuları erməni vandalizminin qurbanı olmuş və yerlə-yeksan edilmişdir. Hesab edirəm ki, bütün bunlar müvafiq orqanlar tərəfindən inventarlaşdırılıb, vurulmuş ziyan müəyyən edildikdən sonra onların bərpası gündəmdə olmalı və lazımi addımlar atılmalıdır.

Təbii ki, azad olunmuş Qarabağda və ona bitişik rayonlarımızda aparılacaq abadlıq, quruculuq və yenidənqurma işləri ilə bağlı xeyli iş yerləri açılacaqdır. Oraya ayrı-ayrı müəssisə və təşkilatlar tərəfindən investisiyalar qoyulacaqdır. İnvestisiya qoyan müəssisələrin hamısında həmkarlar ittifaqı təşkilatlarının yaradılması üçün də inzibati binaların tikintisi həyata keçiriləcəkdir.
Əminik ki, böyük inam və qələbə əzmi ilə qədəm qoyduğumuz 2021-ci il də tariximizə əlamətdar məqamlarla həkk olunacaq. Zəfər ovqatı iqtisadi-sosial sahədə irəliləyişlərlə, böyük quruculuq və inkişaf tempi ilə müşayiət ediləcək. Möhtərəm Prezident İlham Əliyevin qüdrətli liderliyi ilə Azərbaycan dövləti və xalqı qarşısına qoyduğu bütün hədəflərə çatacaq və davamlı nailiyyətlərə nail olacaq.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı


"AZƏRBAYCAN" qəzeti
Geri dön