Ana Sayfa > Manşet > Ruslar Qarabağı kimin nəzarətinə verir? - Kremlin arzuları

Ruslar Qarabağı kimin nəzarətinə verir? - Kremlin arzuları


13-04-2016, 13:17. Yazar: admin
Ruslar Qarabağı kimin nəzarətinə verir? - Kremlin arzuları





"AİA.az" Dia.az - a istinadən məlumatına görə, Qarabağ münaqişəsi zonasında 4 günlük müharibədən sonra sülh danışıqlarının hansı məcrada inkişaf edəcəyi indi ən çox müzakirə mövzusudur. Əsas sual da budur ki, Güney Qafqazın üzücü konfliktinin həllində, nəhayət, çoxdan gözlənilən sıçrayış olacaqmı?

Hələlik görünən budur ki, aprelin 5-dən etibarən yaranan yeni situasiyada ən çox Rusiya fəaldır. Bu fəallıqla bağlı da ziddiyyətli yanaşmalar mövcuddur. Bəzi təhlilçilərə görə, rəsmi Moskva Azərbaycan və Ermənistana nəzarəti itirməmək şərtilə həqiqətən nəsə eləmək istəyir. Başqa qisim analitiklər isə hesab edir ki, Kremlin, sadəcə, vaxt udmaq niyyəti güdür və danışıqlar prosesində ciddiyə heç nə dəyişməyəcək.

Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin etibarlı şəxslərindən (danışmanlarından) sayılan Sergey Markov birinci qisim analitiklərdəndir. Onun sözlərinə görə, son hərbi eskalasiyanın ardınca, yaxın həftələrdə Qarabağa dair real danışıqlar başlayacaq. Bu barədə o, «Report» agentliyinə müsahibəsində deyib.

“ATƏT-in Minsk Qrupu Dmitri Medvedyevin prezidentliyi dövründə əldə olunmuş ”Kazan formulu" üzrə müvəqqəti tarixi kompromisə çıxmaq üçün Ermənistana və yaxud Azərbaycana, daha çox isə Ermənistana təzyiq edəcək. O zaman Bakı və İrəvandan bu varianta yekun razılıq almaq mümkün olmamışdı" - ekspert bildirib.

Dağlıq Qarabağın statusunun necə olacağına gəlincə, politoloq deyib: “Bu məsələ kifayət qədər uzaq tarixə saxlanacaq. Bundan əlavə, sənədlərdə bu və ya başqa şəkildə vurğulanır ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Kazan formulu sözün həqiqi mınasında Minsk Qrupu tərəfindən zorla irəli aparılacaq. Özü də təzyiqlərin böyük hissəsi Ermənistan rəhbərliyinə olacaq. Ona görə də həm Ermənistan rəhbərliyi, həm də Azərbaycan rəhbərliyi vətənpərvər ritorika ilə ruhlanmış vətəndaşlarına sübut eləməli olacaqlar ki, hər iki tərəfdən güzəşt olan bu kompromis, hər halda, onun ölkəsinə sərfəlidir. Daha çox da bunu Ermənistan rəhbərliyi öz vətəndaşlarına sübut eləməlidir”.

Rusiya prezidentinin sözçüsü situasiyanın müvəqqəti anlaşmanın əldə olunmasına çox yaxın olduğunu söyləyib: “Bu - bir yandan yüz minlərlə azərbaycanlının öz doğma yurduna qayıtmasına, digər yandan, Ermənistan iqtisadiyyatının sərbəst inkişafına imkan yaradardı”.

Politoloqa görə, Rusiya konfliktdə ən ölçülü-biçili mövqe tutan yeganə ölkədir: “Yadda saxlamaq lazımdır ki, hər üç həmsədr dövlətdə - Rusiya, ABŞ və Fransada erməni lobbisi böyük nüfuza malikdir. Ancaq Rusiya tək ölkədir ki, burada həm güclü erməni, həm də güclü Azərbaycan diasporu var. O üzdən də Rusiya məsələdə ABŞ və Fransadan daha çox balanslı mövqe tutur”.

Ekspert İrəvanın Moskvaya Azərbaycana silah satmamaqla bağlı çağırışlarını əhəmiyyətsiz sayıb. Onun qənaətincə, əgər Rusiya Azərbaycana silah satmasa, Bakı, sadəcə, onu başqa tədarükçülərdən alacaq. “Ötən iki ildə Kreml Ermənistana 200 milyon dollar dəyərində silah bağışlayıb, Azərbaycana isə 4 milyard dollarlıq silah satıb. Bu, regionda hərbi qruplaşmanı gücləndirir və müharibəni mümkün edir, amma başqa yandan, hər iki tərəfə silah verilməsi Moskvanın Bakı və İrəvanla strateji tərəfdaşlıq əlaqələrini möhkəmlədir” - əlavə edib politoloq.

***
Yada salaq ki, 2011-ci il iyunun 24-də ovaxtkı prezident Dmitri Medvedyevin təşəbbüsü ilə Kazanda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında növbəti üçtərəfli təmas olmuşdu. 3 saat çəkən danışıqlar əsas prinsiplərlə bağlı anlaşmanın əldə olunmaması ilə yekunlaşa da, tərəflər bu hədəfə doğru yolda tərəqqi olduğunu söyləmişdilər. Yayılan birgə bəyanatda deyilirdi ki, “əsas prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə qarşılıqlı anlaşma əldə edilib”.
Kazan formulunun mahiyyətində faktiki, Madrid prinsipləri dayanır, Dağlıq Qarabağın statusunun qeyri-müəyyən vaxta saxlanması, bölgəyə (təmas xətti boyu) sülhməramlıların yerləşdirilməsini nəzərdə tutulur. Bu da Azərbaycan üçün əslində Qarabağın yekun taleyi ilə bağlı narahatlıq yaradır. Xüsusın də sülhməramlı qüvvələrdən sonra Bakı bölgəni həmişəlik itirə bilər.


***

“İndiki situasiyada Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilməz. Ona görə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır və buna çox yaxındır”. Bunu politoloq Qabil Hüseynli deyib (axar.az). Sabiq dövlət müşaviri əmindir ki, Rusiya sülhməramlılar adı altında Dağlıq Qarabağda öz hərbi bazasını yaratmaq istəyir.

“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bölgənin böyük hissəsinə silahlı yolla nəzarət etmək imkanına malikik. Əsas proses hazırda erməni qoşunlarının ərazilərimizdən çıxarılmasıdır. Bu olmadan və ərazi bütövlüyümüz təmin edilmədən ermənilərin bölgəyə sülhməramlılar gətirməsi və bu qüvvələrin də ruslardan ibarət olması haqqında irəli sürülən ideyalar hazırda təxribatın ən yüksək formasıdır. Sülhməramlıların bölgəyə yerləşdirilməsi əvvəllər böyük sülh sazişi bağlandıqdan sonra nəzərdə tutulurdu. İndi Azərbaycan, ümumiyyətlə, bunun əleyhinədir. Rusiya rəsmiləri əvvəlcə gündəmdə 7 rayonun, sonra isə 5 rayonun olduğunu açıqladılar. Azərbaycan prezidenti ortaya çox qəti mövqe qoyub və bu dəqiqə Qarabağ bir nömrəli məsələdir: Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və bunun daxilində də Dağlıq Qarabağın statusu müəyyən ediləcək. Ölkə rəhbəri çox maraqlı bir nüansa da diqqət çəkdi. O bildirdi ki, hər hansı dövlətin danışıqlar-sülhyaratma prosesini inhisar altına alması qeyri-mümkündür. Bu, açıq bir mesaj idi”.
***
Bu, həm də ona işarədir ki, Bakı status məsələsini uzaq tarixə saxlamağı nəzərdə tutan “Kazan formulu”nu da artıq məqbul saymır. Çünki münaqişə ətrafında situasiya indi başqa, 2011-ci ildən xeyli fərqlidir.
Geri dön