Ana Sayfa > Təhsil > SDU-da Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunan onlayn elmi -praktik konfrans keçirildi

SDU-da Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunan onlayn elmi -praktik konfrans keçirildi


7-01-2021, 15:24. Yazar: sevinc1
SDU-da Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunan onlayn elmi -praktik konfrans keçirildi



Yanvarın 7-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunan “Azərbaycanda elmin və təhsilin inkişafında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirildi.

Konfransda hər iki universitetin rektorları, professor-müəllim heyəti iştirak etdilər.

Konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov açaraq konfrans iştirakçılarını salamladı, şanlı qələbə münasibətilə təbrik etdi. Bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. 44 günlük bu müharibədə Azərbaycan döyüş meydanında düşməni darmadağın etməklə, 30 ilə yaxın davam edən işğala son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev 44 günlük tarixi savaş ilə məğlubedilməz Xalqın Lideri olduğunu bəşəriyyətə sübut etdi!

Rektor ADNSU-nun 100 illik təntənəli yubileyinin keçirilməsi, tanınmış ali təhsil ocağının bir qrup əməkdaşının möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamları ilə ən yüksək fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi münasibəti ilə təbrik etdi, bildirdi ki, bütün bunlar ölkəmizdə elm və təhsilə, ömrünü gənc nəslin tərbiyəsinə, müstəqil Azərbaycanımız üçün mütəxəssislər ordusunun yetişdirilməsinə həsr etmiş insanların əməyinə verilən layiqli münasibətin təzahürüdür. O,qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti uzun illər ADNSU-nun filialı kimi fəaliyyət göstərmişdir. Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Həmin gündən etibarən Sumqayıtın sosial-mədəni həyatında yeni bir inkişaf mərhələsinin əsası qoyuldu, şəhərdə elm və təhsilin inkişafına yeni təkan verdi.

Rektor ADNSU-nun Azərbaycan cəmiyyətindəki əhəmiyyətli rolundan bəhs etdi, Azərbaycan və dünyanın çoxsaylı ölkələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan qocaman ali təhsil müəssisəsi olduğunu qeyd etdi. Respublikada uzun illər iqtisadiyyatın davamlı yüksəlişinə töhfələr vermiş bu elm və təhsil ocağı müstəqil Azərbaycanın neft strategiyasının müvəffəqiyyətlə gerçəkləşdirilməsində mühüm xidmətlər göstərmişdir. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan, ölkəmizin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verən, sıralarında görkəmli alimləri və tanınmış dövlət xadimləri olan məzunlarının hər zaman öz peşəkarlıqları ilə seçildiyini bildirdi, hazırda ADNSU-nun yeni keyfiyyət mərhələsində fəaliyyətini uğurla davam etdirdiyini diqqətə çatdırdı.

SDU-nun tələbələrinin ADNSU-nun 100 illik yubileyi ilə bağlı hazırladığı musiqi töhfəsi təqdim olundu.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından və qanından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi. Vurğuladı ki, universitetin 100 illik yubileyinin belə bir şanlı tarixə təsadüf etməsi sevincimizi birə-beş artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüş meydanında zəfər çalaraq yeni tarix yazdı.



Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2020-ci il tarixli müvafiq Sərəncamına əsasən ölkədə yüksəkixtisaslı peşəkar kadr potensialının formalaşdırılması sahəsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq ADNSU-nun 100 illiyinin respublika səviyyəsində qeyd olunmasını nəzərə çatdırdı, yubileyə həsr olunan tədbirin təşkili təşəbbüsünə görə SDU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, hələ 100 il əvvəl Azərbaycanda belə bir ali təhsil müəssisəsinin yaradılmasını zəruri edən mühüm səbəblərdən biri ölkəmizdə neft sənayesinin olması və onun inkişafından irəli gələn amillər olub. Zaman-zaman bu təhsil ocağı təkcə Azərbaycan üçün deyil, dünyanın onlarla ölkəsi üçün yüksək ixtisaslı mütəxəssis və mühəndis kadrların yetişdirilməsində xüsusi rol oynayıb. Odur ki, ölkəmizdə neft sənayesinin inkişafında, həmçinin geologiya və kimya sahəsində qazanılan uğurlarda Azİİ məzunlarının xüsusi çəkisi var. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizdə neft sənayesinin inkişafı istiqamətində yeni, savadlı mütəxəssislərə olan tələbat da Azİİ məzunları hesabına təmin edildi. Bu gün də universitet bu missiyanın öhdəsindən layiqincə gəlir. O,qeyd etdi ki, Prezident cənab İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzaladı. Sərəncamla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və universitetin bir qrup əməkdaşına fəxri adlar verilmiş, orden və medallarla təltif edilmişdirlər. Bu, elm adamlarının əməyinə verilən ali dövlət dəyəridir.

Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifov “İnformasiya texnologiyalarının inkişafında ADNSU-nun müstəsna rolu”, Sumqayıt Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının müdiri, professor, Əməkdar müəllim Əkbər Ağayev “Azərbaycanda elm və təhsilin inkişafında ADNSU-nun rolu” mövzusunda məruzə ilə çıxış etdilər. Məruzə ətrafında SDU-nun Fizika və elektroenergetika fakültəsinin dekanı, Əməkdar müəllim Tamella Əhmədova, Proseslərin avtomatlaşdırılması kafedrasının professoru, Əməkdar müəllim Əli Nağıyev, “Elektrotexnika və energetika” kafedrasının dosenti Şikar Məmmədov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, professor Muxtar Səmədov, dosent Musa Mustafayev çıxış etdilər. Natiqlər ADNSU-nun tarixi nailiyyətlərindən, əmək bazarındakı rolundan danışdılar. Bu ali təhsil ocağında neft-qaz sahəsi ilə yanaşı, müasir sənaye istiqamətləri, həmçinin informasiya texnologiyaları, energetika, neft-mexanika, kimya texnologiyaları üzrə mütəxəssislər hazırlandığını qeyd etdilər.ADNSU-nun texniki profilli təhsil müəssisəsi olaraq elmin inkişafına, iqtisadiyyatımıza verdiyi töhfələrdən və son illər qazandığı uğurlardan danışdılar, universitet haqqında arzu və istəklərini bildirdilər.

Konfransın sonunda rektor professor Elxan Hüseynov ADNSU-nun 100 illik yubileyi münasibətilə universitetin kollektivinə təbrik ünvanlayaraq, bu ali təhsil ocağına gələcək fəaliyyətində uğurlar arzuladı.

ADNSU-nun rektoru professor Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil ocağının 100 illik yubileyinin yüksək səviyyədə təşkilinə görə SDU –nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

aia.az
Geri dön