Ana Sayfa > Siyasət > "Ermənistandan fərqli olaraq Azərbaycan humanistlik göstərib" -

"Ermənistandan fərqli olaraq Azərbaycan humanistlik göstərib" -


7-01-2021, 13:55. Yazar: sevinc1
"Ermənistandan fərqli olaraq Azərbaycan humanistlik göstərib" -



Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir.

aia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində danışıb.

Noyabrın 10-da imzalanmış bəyanatın gələcək fəaliyyət üçün əsas olmasını qeyd edən dövlətimizin başçısı deyib: “Eyni zamanda, imkan verdik ki, - söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər”.

Prezident qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan bütün hallarda humanistlik göstərib. “Mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan ayaqyalın Murov aşırımından, Ömər aşırımından keçərək çıxdılar. Bir çoxları da yolda donub həlak oldular”, - deyə Azərbaycan Prezidenti xatırladıb.

aia.az
Geri dön