Ana Sayfa > İdman > 2020-ci ildə Azərbaycan idmançıları 192 medal qazanıblar
2020-ci ildə Azərbaycan idmançıları 192 medal qazanıblar30-12-2020, 15:44. Yazar: sevinc1 |
Gənclər və İdman Nazirliyi idman siyasəti ilə bağlı hesabatını təqdim edib. Hesabata əsasən nazirliyin 2020-ci il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 64 respublika yarışları təşkil edilib, 12 beynəlxalq yarış keçirilib, 68 beynəlxalq yarışlarda ölkə yığma komandalarının iştirakı təmin olunub. İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışlarında iştirak ediblər. 2020-ci illə bağlı olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla ümumi 192 medal əldə edilib. Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 nəfər idmançımız 13 lisenziya (atletika – 2, atıcılıq – 1, üzgüçülük – 1, güləş – 2, velosiped – 1, bədii gimnastika – 2, idman gimnastikası – 2, taekvondo – 1, boks – 1) qazanıb. Bundan başqa, Tokio Paralimpiya oyunlarına da indiyədək 9 lisenziya əldə olunub. 2020-ci ilin ötən dövrü ərzində ayrı-ayrı idman növləri üzrə məşqçi-müəllim ixtisas kateqoriyası verilib. O cümlədən, üç nəfər ali, 54 nəfər birinci kateqoriya alıb. Yeddi nəfərin sənədi vahid idman təsnifatının tələblərinə cavab vermədiyinə görə geri qaytarılıb. Bundan başqa idman növləri üzrə 33 nəfər “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 54 nəfər “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, 12 nəfər “Azərbaycan Respublikasının Əməkdar idman ustası”, 10 nəfər “Respublika dərəcəli hakim” fəxri adlarına layiq görülüb. İl ərzində 109 nəfər İdman ustası normasını yerinə yetirib. 10 nəfərə isə dublikat vəsiqələr verilib. Hərbi əməliyyatlar dövründə idmançı və məşqçi-müəllimlərimiz də əməliyyatlarda iştirak ediblər. Onlardan yaralananlar, şəhid olanlar olub və bunun statistikası nazirlikdə aparılıb. Hazırda hərbi xidmətini davam etdirənlər var. 76 nəfərin “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda” reabilitasiyadan keçirilməsi təşkil olunub. Hazırda səkkiz nəfərin reabilitasiyası davam etdirilir. aia.az Geri dön |