Ana Sayfa > Manşet / Ölkə > Rəşad Cəbrayılov: “Azərbaycan xalqının ruh yüksəliyi öz Prezidentinə olan inamından və sevgisindən qaynaqlanır”
Rəşad Cəbrayılov: “Azərbaycan xalqının ruh yüksəliyi öz Prezidentinə olan inamından və sevgisindən qaynaqlanır”24-12-2020, 10:18. Yazar: admin |
“Ölkə Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bu problemin beynəlxalq səviyyədə dondurulmasına yol verməməklə bugünkü qələbəmizin zəminini yaratmış oldu” – bu sözləri saytımıza verdiyi müsahibəsində YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəni şərtləndirən amillər barədə əməkdaşımızın suallarını cavablandıran Rəşad Cəbrayılov bildirmişdir ki, bu qələbəyə görə biz ilk növbədə Ali Baş Komandanımızın yenilməz siyasi iradəsinə borcluyuq. Müsahibimiz demişdir ki, məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatiya sayəsində ermənipərəst qüvvələrin böyük təsir gücünə malik olduğu bəzi xarici dövlətlərin bu münaqişəni dondurmaq cəhdləri boşa çıxdı: “Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı bu ədalətli müharibədə qalib gəlməsini bir çox amillər təmin edib. İlk növbədə güclü orduya sahib olmaq üçün həm insan resursları, həm də müasir texnologiyalara əsaslanan silahlar tələb olunur. Biz hamımız şahid olduq ki, Azərbaycanda hətta səfərbərliyə çağırılmayan insanlarımız da cəbhəyə göndərilmək üçün əllərindən gələni edirdilər. Xalqın ruh yüksəkliyi, qələbə əzmi elə bir səviyyədə idi ki, bizim qalib gələcəyimizə qətiyyən heç bir şübhə yeri qalmırdı. Əlbəttə ki, bu ruh yüksəliyi də xalqın öz dövlətinə, öz Prezidentinə olan etimadından, inamından və sevgisindən qaynaqlanır. Məhz bu inam və sevgi xalqı və ordunu Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşdirdi ki, sonda da həmin yumruq bir zərbə ilə düşmənin belini qırdı və onu təslim olmağa məcbur etdi. Lakin bu da bir həqiqətdir ki, dünyada böyük nüfuza və gücə sahib olan bir çox ölkələr münaqişənin hərbi yolla həllini əngəlləmək, hətta bu münaqişəni sonsuz müddətə dondurmaq üçün əllərindən gələni edirdilər. Amma möhtərəm Prezidentimiz cənab İlham Əliyev buna yol vermədi. Bütün bu illər ərzində cənab Prezident olduğu hər yerdə bu problemdən danışdı, onu regional təhlükəsizliyin ən vacib şərti kimi təqdim elədi. Nəticədə Prezident İlham Əliyev hamını buna inandırdı. Həmçinin hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində dünyanın aparıcı informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrində də möhtərəm Prezidentimiz bədxahlarımız tərəfindən bizə olunan qərəzli hücumların qarşısını böyük məharətlə aldı. Münaqişənin dondurulmasının qarşısının alınması Azərbaycanı böyük Qələbəyə doğru aparan ilk və ən önəmli addım idi.” Daha sonra Rəşad Cəbrayılov bu istiqamətdə fikirlərini davam etdirərək bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi bu tarixi qələbə həmçinin Azərbaycan xalqının öz Prezidentinə olan sevgisinin və sarsılmaz inamının daha bir təcəssümü oldu: “Möhtərəm Prezidentimizin tarixi qələbəmiz münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzmişdir. Cəmi 44 gün ərzində ermənilər 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri torpaqlardan qovulub çıxarıldılar. Artqı noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan “Üçtərəfli Bəyannamə”ni imzalamaq məcburiyyətində qaldı. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 17 il ərzində yürütdüyü düşünülmüş daxili və xarici siyasətin təntənəsi oldu. Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistan baş naziri tərəfindən imzalanmış həmin bəyannamənin ən önəmli cəhətlərindən biri də budur ki, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana artıq heç bir hərbi əməliyyat aparılmadan qaytarıldı. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı. Artıq Azərbaycan vətəndaşları öz ölkələrində məcburi köçkün adı daşımaq məcburiyyətində olmayacaqlar. İnsanlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş rayon və şəhərlərimizə səfər etməsi və həmin ərazilərdə müqəddəs üçrəngli bayrağımızı şəxsən qaldırması isə bizim bu torpaqlara Böyük Qayıdışımız barədə bütün dünyaya göndərilən bir mesajdır. Bəli, biz qayıtdıq! Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik! Bütün bölgələrimizdə işğalın, erməni vandalizminin acı nəticələri tezliklə aradan qaldırılacaq, şəhər və kəndlərimiz yenidən qurulacaq, Azərbaycan daha gözəl, daha güclü olacaq!” Abbas Abbasov AİA.Az Geri dön |