Ana Sayfa > İqtisadiyyat > Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?


23-12-2020, 17:43. Yazar: sevinc1
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?


Dekabrın 22-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 12 əmanətçiyə 614,72 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Trend Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 22-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 234,46 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4563 əmanətçiyə 109 milyon manat, "NBC Bank" üzrə isə 4142 əmanətçiyə 125,37 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən dekabrın 22-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 380,25 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5731 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 138,75 milyon manat, "Ata Bank" üzrə 9680 əmanətçiyə isə 241,49 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.
Geri dön