Ana Sayfa > Parlament > Zəfər bizimdir, Qarabağ Azərbaycandır!

Zəfər bizimdir, Qarabağ Azərbaycandır!


10-12-2020, 17:47. Yazar: sevinc1
Zəfər bizimdir, Qarabağ Azərbaycandır!





Bu gün Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi şanlı qələbəsinin Zəfər sevincini yaşadı. Dekabrın 10-da ölkəmizin paytaxtı Bakı şəhərində yerləşən Azadlıq meydanında Böyük Qələbəmizə həsr olunmuş Zəfər paradı keçirildi. 44 gün davam edən Vətən müharibəsinin hər gününü, hər saatını Azərbaycanın yanında olan qardaş Türkiyə bu mübarək qələbə sevincini də bizimlə bölüşdü. Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da iştirak etdilər.


Şanlı Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunanın qarşısından keçdi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilməklə bizlərə yenidən əsl fəxarət hissi yaşatdı. Paradda nümayiş etdirilən Müzəffər Ordumuzun 150-dək hərbi texnikası, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizdə ordu quruculuğu kimi son dərəcə vacib və əhəmiyyətli işi necə böyük diqqət və qayğı əhatəsində saxladığını bir daha göstərmiş oldular. Etiraf olunmalıdır ki, 1993-cü ildə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu işi sonradan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən tamamilə yeni bir inkişaf mərhələsinə çıxarılmış və xüsusilə də son illər ərzində bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur. Nəticədə Azərbaycan ən müasir silahlarla, son texnoloji vasitələrlə təchiz edilmiş orduya malik olan bir ölkəyə çevrilmişdir. Bu isə əlbəttə ki, ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbəni təmin edən əsas amillədən biri olmuşdur.



Qələbəmizi təmin edən digər mühüm amil isə əlbəttə ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyidir. Məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzdi. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı. Artıq Azərbaycan qalib ölkədir və bu ölkənin vətəndaşları bundan sonra bir daha məcburi köçkün həyatı yaşamayacaqlar. İnsanlarımız tezliklə işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Zəfər bizimdir, Qarabağ Azərbaycandır!

Asudə Cəfərova,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ)

Neftçala rayon təşkilatının sədri


aia.az
Geri dön