Ana Sayfa > İqtisadiyyat > Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa böyük töhfə verəcək -
Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa böyük töhfə verəcək -8-12-2020, 18:00. Yazar: sevinc1 |
Dekabrın 7-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) videokonfrans formatında "COVID-19 pandemiyasından sonrakı dövrdə insan yönümlü regional əməkdaşlıq" mövzusunda 19-cu Nazirlər Konfransı keçirilib. Trend-in məlumatına görə, Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani açılış nitqi ilə çıxış edərək Azərbaycan, Türkmənistan və Gürcüstana Lapis-lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi çərçivəsində əməkdaşlığa görə xüsusi təşəkkürünü bildirib, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında rolunu vurğulayıb. Tədbirdə CAREC-ə üzv ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların nümayəndələri region ölkələrində iqtisadi dayanıqlılığın təmin edilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməkdaşlığın təşviq edilməsi barədə fikirlərini bölüşüblər. Konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov CAREC-in regional iqtisadiyyatın davamlı inkişafı üçün inklüziv əməkdaşlıq platforması olduğunu və Azərbaycanın CAREC regionu ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsiri və bu təsirlərin minimallaşdırılması məqsədilə həyata keçirilən çoxşaxəli tədbirlər barədə məlumat verib. Tədbirdə qeyd olunub ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və ölkəmiz əlverişli biznes və investisiya mühitinin yaradılması, beynəlxalq ticarətin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirir. Azərbaycan həmçinin, 4-cü sənaye inqilabı üzrə təşəbbüsləri və iqtisadiyyatın rəqəmsallaşması çağırışlarını dəstəkləyir. Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiklərinə görə tərəfdaş ölkələrə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir və Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa böyük töhfə verəcək. 2021-ci ildə Azərbaycanın CAREC Proqramına 3-cü dəfə sədrlik edəcəyini qeyd edən İqtisadiyyat naziri bu müddət ərzində CAREC-in region ölkələrinin iqtisadi inkişafının təşviq edilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb. Konfransda “CAREC 2030” Proqramının nəticələri üzrə Çərçivə Sənədi, “CAREC Turizm Strategiyası 2030” və “CAREC Gender Strategiyası 2030” sənəd layihələri və nazirlərin birgə bəyanatı qəbul edilib. Qeyd: Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) 2001-ci ildə yaradılıb və Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkmənistanı əhatə edir. Azərbaycan 2003-cü ildən Proqramda iştirak edir. aia.az Geri dön |