Ana Sayfa > Gündəm / Aia TV > Harada siqaret çəkmək olmaz? Qadağa və cərimələr

Harada siqaret çəkmək olmaz? Qadağa və cərimələr


6-04-2016, 12:28. Yazar: admin


Siqaretin insan orqanizminə ziyanı balaca uşağa da bəllidir. Lakin o da bəllidir ki, siqaret onu çəkən adamla yanaşı, ətrafındakıların sağlamlığına da mənfi təsir edir. Bu səbəbdəndir ki, bir çox ölkələrdə ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilib. Elə ölkələr var ki, buna görə külli miqdarda cərimələr müəyyən edilib.

Azərbaycanda da siqaret çəkilməsinin qadağan edildiyi yerlər var. Elə yerlər var ki, orada siqaret çəkilməsi qəti qadağandır və bu qadağanı pozanlar cəzalandırılırlar.

Sual olunur: Bəs qanunla harada siqaret çəkmək qadağandır? Həmin yerlərdə siqaret çəkənlər barədə hansı quruma şikayət edilməlidir? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir?

Bununla bağlı məsələyə aydınlıq gətirən vəkil, hüquqşünas-ekspert Asif Abdullayev Milli.Az-a açıqlamasında bildirib ki, qanunvericilik həm qadağan edilmiş yerdə siqaret çəkən şəxslərin, həm də siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmamasında təqsirli olan səlahiyyətli şəxslərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Ekspertin sözlərinə görə, qanunvericiliə görə, bu yerlərdə siqaret çəkmək qanunla qadağandır:

1. inzibati binalarda, iş yerlərində (fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla);

2. bütün ictimai nəqliyyat növlərində (uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla);

3. tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

4. yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;

Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır.

5. Müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

Tədris müəssisələri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə tədris proqramlarına tütün məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə mövzular daxil etməlidirlər.

A.Abdullayev qeyd edib ki, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər Daxili İşlər Nazirliyi tərəfindən məsuliyyətə cəlb edilirlər: "Bu baxımdan, qadağan edilmiş yerlərdə siqaret çəkən və ətrafdakılar üçün narahatlıq yaradan şəxslər barədə polisə (qaynar xəttə də) müraciət etmək olar.

Qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə oluna bilərlər. Müəssisələrdə, idarə və təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə - vəzifəli şəxslər 400 (dörd yüz) manat məbləğində, hüquqi şəxslər 1000 (min) manat məbləğində cərimə edilirlər".

Qeyd edək ki, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslərin məsuliyyətə cəlb edilməsinə DİN, siqaret çəkmək üçün yer ayırmayanların məsuliyyətə cəlb edilməsi məsələsinə isə işin hallarından asılı olaraq Fövqəladə Hallar (FHN) və Səhiyyə nazirlikləri baxır.
Geri dön