Ana Sayfa > Siyasət > Əminə Ağazadə:

Əminə Ağazadə:


26-11-2020, 15:55. Yazar: sevinc1
Əminə Ağazadə:



Hörmətli sədr, hörmətli məclis üzvləri, Hamımıza, ümumilikdə Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, Fransa dövləti sentyabrın 27-dən bu günə qədər ermənipərəst mövqedən çıxış etməkdə davam edir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu sanki "unudan” bu ölkə, görünən odur ki, təcavüzkar Ermənistanın Azərbaycan tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılmasını qəbullana bilmir.

Bunun üçün də Azərbaycana təzyiq etmək üçün bütün yollara əl atır. Bunun bariz nümunəsi kimi, dünən Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməni xüsusi olaraq qeyd etmək istəyirəm. Xatırladım ki, oktyabrın ortalarında eyni qətnamə layihəsi Fransa parlamentinin aşağı palatasına da təqdim olunmuşdu. Qətnamə layihəsində qeyd edilirdi ki, guya Azərbaycan hökuməti, mahiyyət etibarı ilə, Qarabağ probleminin danışıqlar yolu ilə dinc həllindən boyun qaçırır. Hesab edirəm ki, Fransa parlamentinin və hökumətinin Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu ölkənin öz üzərində götürdüyü öhdəliyin mahiyyətinə etinasız yanaşmasından irəli gəlir. Bu qətnamənin qəbul edilməsi beynəlxalq hüquq normalarının birbaşa pozulmasıdır. Eyni zamanda, ölkəmizə qarşı bir təhdid kimi dəyərləndirilməlidir.

Təsəvvür edin, sənəddə "Türkiyə dövləti və xarici muzdluların köməkliyi ilə Azərbaycanın hərbi müdaxiləsi pislənilir”. Senat Azərbaycan tərəfini öz qoşunlarını 27 sentyabardan başlayaraq tutduğu ərazilərdən çıxmağa çağırır. Həmçinin, qəbul edilmiş sənəddə Fransa dövlətindən ATƏT-in Minsk qrupunun üzvü kimi 1994-cü ildə təyin edilmiş təmas xəttinin bərpa edilməsi üçün bütün səylərin göstərilməsi tələb edir. Xatırladım ki, bu həmin ölkənin Senatıdır ki, 26 il ərzində ATƏT-in Minsk qrupunun tərkibində danışıqlar prosesində vasitəçilik edib. Bu həmin ölkədir ki, BMT Təhlükəsizlik şurasının üzvi kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyan 4 qətnaməyə səs verib. Bu qətnamələrdə isə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılması tələb edilirdi.

Fransanın bu addımı Ermənistanı nəyin bahasına olur-olsun qorumaq və ona havadarlıq etmək istəyi ilə bağlıdır. Fransanın məsələyə münasibəti beynəlxalq hüquq normaları ilə bir araya sığımır. Çünki Fransa BMT-nin nizamnaməsinə, ATƏT-in Helsinki Yekun Aktına imza atıb. Bu mötəbər təşkilatların nizamnamə və prinsiplərində də qeyd olunur ki, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət olunmalıdır. Dövlətlərin iradəsi olmadan sərhədlərin dəyişdirilməsinə baxıla bilməz. Azərbaycan müstəqil ölkədir və onun ərazisinə güc tətbiqi ilə təcavüz olunub. Beynəlxalq hüququn güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi pozulub.

Təcavüzkar Ermənistana bu istiqamətdə açıq dəstək verən Fransa özü də güc tətbiqi ilə hədələmiş kimi görünür. Bildiyimiz kimi, bu ölkədə Senatın qətnamələri tövsiyə xarakteri daşıyır, hökumət onları nəzərə alır, amma əməl etməyə məcbur deyil. Bununla belə, hesab edirəm ki, həmin qətnamənin qəbul edilməsi gələcəkdə ATƏT-in Minsk Qrupunda Fransanın həmsədr rolunu şübhə altına ala bilər.

Beynəlxalq normaları pozaraq, münaqişə tərəflərindən birinə açıq dəstək verən və bu işdə hamıdan, hətta təcavüzkarın özündən qabağa düşməyə çalışan bir ölkə problemin sülh yolu ilə həllində qərəzsiz vasitəçi rolunu oynaya bilməz!



Əminə Ağazadə,
Milli Məclisin deputatı
aia.az
Geri dön