Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Deputat oğlunun dəbdəbəli həyat tərzi – Fotolar
Deputat oğlunun dəbdəbəli həyat tərzi – Fotolar13-07-2015, 12:51. Yazar: admin |
Deputat Elmira Axundovanın oğlunun adı 7-8 milyonluq dələduzluq qalmaqalında hallanır Həbib Axundov vətəndaşlara atdığı pullar hesabına xaricdə kef çəkir Azərbaycanda "lüks həyat sürən insanlar” olduqca çoxdur. Onlar içərisində məmurlarla yanaşı, deputatlar da var. Belə insanların iç üzünü isə zaman-zaman onların övladları açıb ortaya qoyub. Hətta öz davranışları ilə belə övladlar kimlərinsə həyatı üçün də ciddi problemlər yaradıb. Düzdür, bəzən belələri cəzalandırılsa da, bir çox hallarda onlar öz atalarının, yaxud analarının «gül balası» olaraq qalırlar. Və onlara gözün üstə qaşın var deyən də olmur. Növbəti bir bahalı həyat tərzi sürən, hansısa yollarla əldə edilmiş pullar hesabına xaricdə bahalı otellərdə gün keçirən bir şəxs barəsində faktlar əldə etmişik. Söhbət millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovdan gedir. Bu insan ölkədə və xaricdə necə lüks həyat sürdüyünü sosial şəbəkələrə yerləşdirdiyi şəkilləri ilə sübut edir. Amma maraqlıdır ki, cavan bir oğlanın bu qədər imkana sahib olması haradan qaynaqlanır. Axı deputat maaşı ilə bu qədər maddi imkana sahib olmaq mümkünsüzdür. Bizimxəbər.az-ın elektron ünvanına göndərilən müraciətdə bir çox mətləblərə aydınlıq gətirilir. Belə ki, Bakı şəhər sakini Məmmədov Fərman Xeyrulla oğluna qarşı atılmış addım əməlli-başlı başlı dələduzluqdur. Kiminsə pulunu alıb mənimsəmək Cinayət Məcəlləsində təfsilatı ilə dərc edilib. "575 min manatı Həbib Axundova vermişəm” Barəsində danışacağımız şəxs Həbib Axundov anası Elmira Axundovaya arxayın olaraq onlarla insanın pulunu mənimsəyib. Həmin şəxslərdən biri olan Fərman Məmmədov kütləvi informasiya vasitələrinə (KİV) açıq müraciət edərək başına gələnlərdən bəhs edir. Vətəndaşın müraciətini diqqətinizə çatdırırıq. Şikayət ərizəsi ilə KİV-ə müraciət edən Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirdi. Amma nə vaxtsa onlar tərəfindən aldadılacağını ağlına belə gətirmədiyini vurğuladı: "Bu yaşa gəlib çatmışam, ancaq indiyə kimi belə vəziyyətlə üzləşməmişdim. Elmira xanıma həmişə hörmətlə yanaşmışam. Çünki bu adam hər zaman ədalətin və haqqın tərəfində olub. Onu həm də ümummilli liderimiz, ulu öndər, xalqımızın fəxri Heydər Əliyevin silahdaşı kimi tanımışam. Millət vəkili 1995-ci ildə Əfv Komissiyasının üzvü seçilib. Vaxtilə mən Milli Məclisə deputatlığa namizədliyimi irəli sürəndə bu xanım haqqımda gözəl məqalə yazıb. Elə həmin dövrdən dostluğumuz, ailəvi münasibətimiz başlayıb. Biz Elmira Axundova ilə dostluq münasibəti yaradanda oğlu Həbibin hələ 5 yaşı var idi. Onun övladı mənim qucağımda böyüyüb. Mən onları heç vaxt öz doğmalarımdan ayırmamışam, heç vaxt istəməmişəm ki, nəsə problemləri olsun. 2005-ci ildə o, 71 saylı Masallı Seçki Dairəsindən namizədliyini irəli sürdü. Həmin vaxt millət vəkilinin səlahiyyətli nümayəndəsi idim. Bu dairədə seçki çox gərgin keçsə də, deputat seçildi. Növbəti parlament seçkilərində, yəni 2010-cu ildə də onun səlahiyyətli nümayəndəsi oldum. Həbib Axundov Bakı Gömrük İdarəsində işləyir, səhv etmirəmsə rütbəsi mayordur. O bir neçə dəfə məndən borc pul götürüb qaytarırdı. Bir müddət sonra onlar "Favorit” marketlər şəbəkəsini açdılar. "6-ci paralel”də və şəhərin digər yerlərindəki bu marketlər millət vəkilinə məxsusdur. Onların Elnur adlı ailəvi dostu var idi. Bu şəxs dəfələrlə Milli Məclis üzvünün evinə gəlib-gedirdi. Günlərin birində Həbib mənə dedi ki, Elnurla şərikli biznes qurub və ona müəyyən miqdarda pul lazımdır. Dediyinə görə, xaricdən kartric, ofis ləvazimatları vururdular. Amma bu deyilənlər fırıldaq imiş. Çünki onlar kartric biznesi adı altında neçə-neçə insanın pulunu alıb yeyiblər. Deputatın oğlu həmçinin mənə anasının Milli Məclisin, Apellyasiya Məhkəməsinin tenderlərini udduğunu və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verdiyini demişdi. Həbib Axundov məndən borca pul istədi. Dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan belə bir hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dünənki uşaq mənə pul atar. 2012-ci ildən bu proses başlandı. Elmiraxanım oğlunun gördüyü işlə fəxr edirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğluna biznesini genişləndirməsi üçün pul verməyi tələb edirdi. Buna uyğun olaraq deputatın bəzi rəfiqələri də Həbibə pul verdi”. Şikayətçi deyir ki, millət vəkilinin oğlu ondan üst-üstə 575 min manat pul alıb: "Əksər hallarda həmin pulları qaytara bilmirdi. Nəhayətdə borc yığılıb bu qədər oldu. 2013-cü ildə millət vəkilinin oğlu mənə zəng vurdu və görüşmək istədiyi bildirdi. Onunla görüşdüm, özündə deyildi və əsəbi görünürdü. Pis olmağının səbəbini soruşanda piramidaya düşdüyünü və pulların Elnur tərəfindən mənimsənildiyini söylədi. Halbuki, bu məsələdə ən böyük günahkar elə parlament nümayəndəsinin oğlu idi. Elnura bir neçə dəfə zəng vursam da, cavab vermədi. Həbibdən pullarımı geri tələb etdim. 2013-cü ilin mayında o məni arxayın saldı və işlərin düzələcəyini vurğuladı. Deputatın oğlu məni qızının ad gününə, Şüvəlandakı bağına dəvət etdi. Elmiraxanım məni orda görəndə təəccübləndi, "Sənin burda nə işin var” deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi. Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşina əyləşib "Qres” deyilən yerə getdik. O Elnurla mübahisə etməyə başladı. Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Bundan dəhşətə gəldim. Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Hələ də nəyin baş verdiyini anlamırdım. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində millət vəkilinin oğlu bütün müddətdə mənə 125 min manat verib. Ona verdiyim pulları başqa-başqa adamlardan borc almışdım. Bu gün borc aldığım insanların üzünə baxa bilmirəm, onlar pulunu geri istəyir. 2013-cü ilin mayında Elmira Axundova mənə zəng vurub Masallıda bir qohumunun problemi olduğunu dedi. Deputatın özünün bildirdiyinə görə, kartric biznesinə 80 min manat pul qoyub. Məndən soruşdu ki, Həbibin girişdiyi biznes ona gəlir gətirə bilər ya yox. Açığı onun sualları mənə çatmırdı. May ayında oğul Axundova verdiyim məbləğ 475 min manata çatdı. Sonradan başa düşdüm ki, bu şəxslər əlbir olaraq pulumu mənimsəyiblər. Həbib Axundov notariusun kağızlarını mənə göstərmişdi. Orda Elnura 750 və 150 min manat verdiyi qeyd olunurdu”. "Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok”a həbsdən çıxaracaq" Fərman Məmmədovun sözlərinə görə, külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Elnur İbrahimov aradan bir müddət ötəndən sonra deputatın bağ evinə gətirilib: "Mən də ora getdim. Orada təxminən 50-yə yaxın adam var idi. Sən demə, onların da pulu mənimsənilib. Elnur oyun qurduğunu boynuna aldı. Həbib telefonla kiməsə zəng vurub tanış polis lazım olduğunu söylədi. Bir neçə dəqiqədən sonra deputatın oğlu Yasamal Rayon Polis İdarəsində kiməsə zəng vurdu və Elnuru ora gətirəcəyini dedi. Elnur bizim maşında getdi. Yolda mən tanışvəkillə danışıb bu cür dələduzluğun cəzasının nə olduğunu soruşdum. Vəkil isə belə işlərə görə 12 il həbs cəzasının nəzərdə tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təsəlli verərək "Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok”a həbsdən çıxaracaq. Sadəcə, pulları tək yediyini boynuna al. Kişikimi söz verirəm ki, sənin ailənə hər ay 500 manat pul göndərəcəm” deyirdi. Yasamal Rayon Polis İdarəsinə gəldik. İdarənin qabağında adam əlindən tərpənmək olmurdu. Hamısı Elnur və Həbib tərəfindən aldadılan insanlar idi. Təxminən bu işdə 7-8 milyon manatlıq dələduzluqdan söhbət gedir”. Şikayətçi bildirir ki, hazırda məsələ üzrə iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır. Apardığımız araşdırmalardan sonra bəlli oldu ki, 30 yaşlı H.Axundov aldatdığı insanlardan qopardığı pullarla dünyanın bahalı şəhərlərində krallara layiq istirahət edib. Hazırda Türkiyədə istirahətdə olan Həbib Axundov müxtəlif dövrlərdə dünyanın ən bahalı yerlərində istirahət edib. Belə ki, 2014-cü il avqust ayının 31-də deputatın oğlunun sorağı Dubayın "Burj Al Arab Jumeirah Beach” istirahət mərkəzindən gəlib. O yaxını Kənan Cəlilovla birlikdə Dubayda bir neçə gün canına necə deyərlər, qulluq edib. Məmur övladının baş çəkdiyi xarici şəhərlərdən biri də London olub. Əldə etdiyimiz məlumatlarda deyilir ki, xanım millət vəkilinin oğlu Dubaya, Londona, İstanbula hər dəfə səyahət edəndə 30-40 min dollar civarında pul xərcləyib. Maraqlıdır, gömrük sistemində işləyən Həbib Axundov bu qədər pulu hansı yollarla qazanıb?.. Hələ bu harasıdır ki. Vətəndaşlardan aldığı pulların hesabına şəxsi avtomobil kolleksiyasını xeyli zənginləşdirib. Deputat oğlunun bir müddət əvvəl sosial şəbəkələrdə paylaşdığı şəkillərdə onun 10-HH-111 dövlət nömrə nişanlı "Porsche Cayenne GTS”, "Porsche Panamera”, 90-XX-111 nömrəli "Jeep Wrangler”, 90-RR-111 dövlət nömrə nişanlı maşınlarının olduğu aydın şəkildə görünür. Həmin avtomobillərin xüsusi sifarişlə gətirildiyi vurğulanır. Bundan başqa, Həbib Axundovun vaxtının çox hissəsini əyləncəyə, o cümlədən Bakıdakı bahalı məkanlarda, məsələn "Badam”da keçirməyə həsr etdiyi yayılan məlumatlar arasındadır. Bir daha sual edirik, görəsən ayda heç 800 manat maaş almayan deputatın oğlu dəyəri 100 min manatlarla olan maşınları hansı pullarla alıb, hansı vəsaitlə xarici ölkələrdə kef çəkib? Onun aldatdığı insanlar borc bataqlığında batırlar. Bütün yaxın dost-tanışları bu məsələyə görə onlardan üz çevirib. Həbib bəy isə oliqarxlar kimi həyat tərzi sürür. Fikrimizcə, Elmira Axundovanın oğlunun törətdiyi özbaşına əməllər cəzasız qalmayacaq. Bizdə olan məlumatlara görə, artıq məsələyə müvafiq orqanlar səviyyəsində reaksiya verilib. Deyilənə görə, yaxın günlərdə Həbib Axundovun barəsində hüquq müstəvisində ölçü götürülə, hətta o həbs oluna bilər. Növbəti məqalədə deputat oğlunun polis vasitəsilə şikayətçilərə necə hədə-qorxu gəlməsinə və digər məsələlərə toxunacağıq.(Bizimxeber.az) Geri dön |