Ana Sayfa > Siyasət > "Azərbaycan 30-dan çox dövlətə yardım edib" -

"Azərbaycan 30-dan çox dövlətə yardım edib" -


19-11-2020, 13:34. Yazar: sevinc1
"Azərbaycan 30-dan çox dövlətə yardım edib" -


Noyabrın 18-də NATO Parlament Assambleyasının 66-cı illik sessiyasının açılış mərasimi keçirilib. Videokonfrans formatında olan tədbirdə quruma üzv ölkələrin nümayəndələri iştirak ediblər. Milli Məclisi qurumdakı nümayəndə heyətimizin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təmsil edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən aia.az -a verilən məlumata görə, sessiyada NATO Parlament Assambleyasının prezidenti Atilla Mesterhazi giriş nitqi ilə çıxış edib.

Bildirilib ki, 5 gün davam edəcək sessiyanın ilk günü koronavirus (COVID-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Ziyafət Əsgərov COVID-19 pandemiyasının dünyada yayılmasının qarşısının alınmasında Azərbaycanın verdiyi töhfələr barədə ətraflı məlumat verib.

Z. Əsgərov bildirib ki, dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır: “Pandemiya dövründə bəzi inkişaf etmiş Avropa ölkələrinin özünə qapanma siyasəti yürüdüb, ərazisindən tranzit olaraq daşınan digər ölkələrə məxsus dərman preparatlarını, tibbi maskaları qeyri-qanuni yolla müsadirə edib.

Bunun əksinə olaraq, Azərbaycan Prezidenti İlham Əliyev yardıma ehtiyacı olan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maddi yardım ayırıb. Bununla yanaşı, Azərbaycan Hökuməti bu istiqamətdə beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib. Ümumilikdə, Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayıraraq 30-dan artıq dövlətə humanitar yardım göstərib. Bu, bütün dünya ölkələrinə pandemiya dövründə bir davranış nümunəsi olub.

Prezident İlham Əliyevin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkəsi arasında yekdilliklə razılaşdırılıb. BMT Baş Assambleyası cari ilin 3-4 dekabr tarixlərində COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş 31-ci Xüsusi sessiyasının keçirilməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib”.

Tədbirdə parlamentin komitə sədri Ziyafət Əsgərov Atilla Mesterhaziyə NATO PA-nın BMT ilə COVİD-19-a qarşı mübarizə tədbirləri çərçivəsində əməkdaşlığı, pandemiyanın aradan qaldırılması sahəsində perspektivlər barədə suallar ünvanlayıb.

NATO Parlament Assambleyasının prezidenti sualları cavablandıraraq rəhbərlik etdiyi qurumun BMT, o cümlədən onun humanitar məsələlərlə məşğul olan institutları ilə sıx əməkdaşlıq etdiyini bildirib. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində də zəruri tədbirlərin görüldüyünü qeyd edib. Atilla Mesterhazi dünyanı gərgin vəziyyətdə saxlayan COVID-19-la mübarizə sahəsində tibbi tədqiqatların aparıldığını, bu virusa qarşı vaksinlərin və dərmanların hazırlanmasını söyləyərək, bütün ölkələrin birliyi, həmrəyliyi nəticəsində tez bir zamanda pandemiyanın aradan qalxacağına ümidvar olduğunu deyib.


aia.az
Geri dön