Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Seçilənlər-4 > E. Quliyev: “Ali Baş Komandan həm hərbi, həm də siyasi müsatəvidə qələbəni təmin etdi”

E. Quliyev: “Ali Baş Komandan həm hərbi, həm də siyasi müsatəvidə qələbəni təmin etdi”


16-11-2020, 18:34. Yazar: sevinc1
E. Quliyev: “Ali Baş Komandan həm hərbi, həm də siyasi müsatəvidə qələbəni təmin etdi”





Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin aia.az saytına müsahibəsi

- Eldar müəllim, torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycanın apardığı Vətən müharibəsi xalqımızın tarixi qələbəsilə başa çatdı. Otuz il davam edən işğala son qoyuldu. Amma hamımız bilirik ki, əslində ermənilərin Azərbaycan torpaqlarına qarşı iddialarının həm coğrafiyası daha geniş, həm də tarixi daha qədimdir. Bu barədə Sizin fikirlərinizi öyrənmək maraqlı olardı.

- Məlum olduğu kimi, Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında 1813-cü ildə bağlanmış Gülüstan və 1828-ci ildə bağlanmış Türkmənçay sülh müqavilələri ilə müvafiq olaraq Birinci və İkinci Rusiya – İran müharibələrinə son qoyuldu. Gülüstan sülh müqaviləsi ilə tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü. Bu sülh müqaviləsi Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsi idi. Bu bağlanmış sülh müqaviləsi ilə çox qədim tarixə malik olan Azərbaycanlılar tarixin sonrakı mərhələlərində ayrı-ayrı inkişaf yolları ilə irəliləməsinin başlanğıcı qoyuldu. Eyni zamanda da bu müqavilələrin imzalanması ilə Rusiya Cənubi Qafqazın ərazilərinin işğalını sona çatdırdı. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülh müqaviləsinin nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırıldılar. Ermənilərin Qafqaza köçürülmələrinin aktiv iştirakçılarından olan Qriboyedov yazırdı: “Ermənilər əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar”. Azərbaycan ərazisində erməni koloniyalarının yaradılması nəticəsində hələ 1828-1920-ci illəri əhatə edən dövrdə artıq iki milyondan çox müsəlman əhalisinin məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edildiyi və dəqiq məlum olmayan sayda insanın isə qətlə yetirildiyi barədə məlumatlar öz təsdiqini Amerikalı alim Castin Makkartinin tədqiqatlarında da tapmışdır. Həmçinin tarixin sonrakı dönəmlərində də ermənilərin bizə qarşı nə ərazi iddiaları, nə də düşmənçilik siyasətləri sonlanmadı. Bildiyiniz kimi, ötən əsrin əvvəllərində - 1905-1906- cı illərdə və 1918-1920-ci illərdə də ermənilər Azərbaycan bir çox qırğınlar törətmişdilər. Xüsusilə onların 1918-1920-ci illər ərzində törətdikləri və tarixdə “mart qırğınları”, “Bakı qırğını”, “Quba qətliamı” kimi qalmış vəhşiliklər xüsusi amansızlığı ilə seçilib. O cümlədən 1918-ci ildə Şaumyanın rəhbərlik etdiyi daşnak-bolşevik birləşmələri Bakı əhalisinə qarşı kütləvi qırğınlar həyata keçirirdilər. Bir məqamı qeyd edim ki, həmin vaxt Bakı sakinləri ailələrini təhlükəsizlik məqsədilə şəhər ətrafındakı bağlara köçürürdülər. Təxminən indiki Zabrat qəsəbəsi ərazisindən isə düşməndən müdafiə olunmaq üçün qazılmış səngərlər sistemi keçirdi. Bakı sakinləri bolşevik-daşnak hərbi birləşmələrinə qarşı mətanətlə döyüşsələr də qüvvələr bərabər deyildi. Həmin döyüşlərdə və dinc əhaliyə qarşı törədilən qırğınlarda çox insan həlak oldu. Bunu da deyim ki, mənim babamın qardaş Ağaverdi kişi də həmin döyüşlərdə şəhid olub. Nəhayət Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya girişi ilə bu qırğınlara son qoyuldu. Lakin ermənilərin torpaqlarımıza qarşı iddialarına son qoyulmadı . Ermənilər Qafqaza ayaq basdıqları ilk gündən bizim torpaqlara yiyələnmək niyyətində idilər. Maraqlıdır ki, hətta bir çox erməni tarixçiləri özləri də öz millətlərinin yalanlarını ifşa etməkdən çəkinmirlər. Məsələn, Filip Ekozians yazır: “Əziz həmkarlarım, həmvətənlərim, dünyada erməni milləti olmayıb, erməni etnik qrupu olub. Və digər alimlərə görə bu etnik qrup yunan və qaraçıların qarışığı olub. Onların dininə baxanda daha çox yunanlara oxşadığı görünür. Ən böyük həyasızlıqları isə hara getsələr həmin yerə yiyələnmək istəməkləridir.” Marks isə ermənilərə xas olan ən alçaq xüsusiyyətlərdən biri haqda belə deyir: “Bu tayfa yeganə tayfadır ki, qadınlarını qabağa verir.” Bununla alman filosofu ermənilərin öz məqsədlərinə çatmaq üçün hətta öz qadınlarının digər millətlərin kişiləri ilə yaxınlaşmalarını da təqdir etdiklərini vurğulayır. Beləliklə də Rusiya İmperiyasının ermənilərin Qafqaza köçürülmələri və Cənubi Qafqazın etnik tərkibinin dəyişdirilməsi siyasəti 1920-ci ildən sonra tarixi Azərbaycan ərazilərində Ermənistan respublikasının yaranması ilə nəticələndi.

- Amma bildiyimiz qədərilə ermənilərin Azərbaycana qarşı torpaq iddiaları sovet dönəmində də davam edib...

- Tamamilə doğrudur. 1920-ci ildə Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına keçməsi bölgədə sovet respublikalarının yaranmasına gətirib çıxardı. Bu dövrdə “proletar beynəlmiləlçiliyi” şüarları ilə maskalanan Sovet Rusiyası müttəfiq respublika elan etdiyi Ermənistanın Azərbaycan ərazilərinin hesabına genişlənməsinə əlverişli şərait yaratdı. Elə o səbəbdən də sovetləşmənin ilk dövrlərində cəmi 10 min kvadratkilometr ərazisi olan Ermənistan Dərələyəz, Zəngibasar, Zəngəzur və Göyçə mahallarının hesabına ərazilərini 26 min kvadratkilometrə çatdıra bildi. Sovet hakimiyyəti illərində ermənilərə qondarma soyqırımdan danışmağa icazə verilsə də, Azərbaycan türklərinə qarşı ermənilərin törətdikləri irimiqyaslı qırğınlar haqqında faktların tədqiq edilməsinə qətiyyən icazə verilmirdi. Amma hər il “Pravda” qəzeti qondarma erməni soyqırımına dair məqalə dərc edir, ermənilərin çoxsaylı “genosid” tədbirlərinə geniş meydan verilirdi. Bütün bunlar isə erməniləri Azərbaycan torpaqları ilə bağlı yeni-yeni iddialara sövq edirdi. Göyçə və Dərələyəzin ardınca Zəngəzurun Moskvanın təkid və təzyiqləri ilə Ermənistana verilməsindən sonra Azərbaycanın Naxçıvanla olan quru əlaqələri tamamilə kəsildi. Qarabağ mahalının dağ və aran hissələrinə bölünməsi, onun digər hissəsi Zəngəzurun Ermənistana verilməsi bir vaxtlar ərazisi 14 min kv.m-dən çox olmuş tarixi Qarabağ mahalının yox edilməsinə gətirib çıxardı. Eyni zamanda ermənilərin Qarabağ və “böyük Ermənistan” sevdası bununla da bitmək bilmədi. Elə bu səbəbdən də 1922-ci ildə Göyçə və Dilican dərəsi, 1923-cü ildə Naxçıvanın 9 kəndi, 1929-cu ildə Mehri rayonu, 1939-cu ildə Sədərək və Kərki ərazilərinin bir hissəsi, 1969-cu ildə Laçın rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazisinin, Kəlbəcər rayonunun Zod qızıl ərazisinin bir hissəsi, 1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin bir hissəsi, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq torpaq sahələri müxtəlif adlar altında zəbt edilir. Burada rusların saxta “proletar beynəlmiləlçiliyi” adı altında təqdim etdiyi “xristian təəssübkeşliyi” siyasəti açıq-aydın özünə yol açırdı. 1988-ci ildə artıq Dağlıq Qarabağda əhalisinin 25 faizini azərbaycanlılar, 75 faizini isə ermənilər təşkil edirdi. Burda mən şəxsi təcrübəmdən də bir məqamı qeyd etmək istərdim. 1973-cü ildə Universiteti bitirdikdən sonra mən təyinatla Dağlıq Qarabağa göndərildim. Ancaq erməni dilini bilmədiyimə görə məni geri göndərdilər. Həmin dövrdə yüzlərlə azərbaycanlı Qarabağdan tədricən bu cür kənarlaşdırılırdı.

1987-ci ildə Ümummilli Lider Heydər əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdikdən sonra isə ermənilərin əl-qolları bir qədər də açıldı və 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətin Xalq Deputatları Soveti səlahiyyəti olmaya-olmaya o zamankı Azərbaycan Konstitusiyasını pozaraq vilayətin Ermənistan SSR-ə birləşməsi haqqında qərar qəbul etdi. Moskvanın dəstəkçi siyasəti nəticəsində sonradan açıq hərbi əməliyyatlara çevrilən erməni təcavüzü torpaqlarımızın 20 faizinin işğalına, 1 milyondan artıq insanın öz doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb oldu. Xüsusilə qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun da səriştəsizliyi və məsuliyyətsizliyi bütün bu baş verənlərdə mühüm rol oynamışdır.

- Eldar müəllim, amma bu vəziyyət Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra da dəyişmədi. Əksinə, ərazilərimizin 20%-nin işğalı məhz müstəqilliyimizin ilk illərində baş verdi. Bu barədə nə deyə bilərsiz?

- Sözsüz ki, ərazilərimizin işğalına bir çox həm obyektiv, həm də subyektiv şərtlər səbəb olmuşdu. Lakin başlıca səbəblərdən biri yenə də ölkə rəhbərliyinin səriştəsizliyi, şəxsi ambisiyalar olub desək, yanılmarıq. Ayaz Mütəllibovun, Xalq Cəbhəsi rəhbərliyinin atdıqları səhv addımlar torpaqlarımızın itirilməsinə səbəb oldu. Eyni zamanda da müstəqilliyini yeni bəyan etmiş respublikamız o zaman çox zəif idi. İqtisadiyyat dağılmışdı, ordu yox səviyyəsində idi və əslində dövlətin özü parçalanmaq və yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün bunları aradan qaldırmaq üçün düzgün siyasi qərarlar vermək lazım idi. Məhz buna görə də 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Məhz bundan sonra Azərbaycanın dirçəliş yoluna qədəm qoydu. 1994-cü ilin mayında Heydər Əliyev Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. Bununla da digər ərazilərimizin işğalının qarşısı alındı. Sentyabrın 20-də isə Bakıda “Əsrin müqaviləsi” – “Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə imzalandı. Məhz bu müqavilə Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu və bununla da ölkəmizin tarixində tamamilə yeni bir səhifə açıldı.

- Amma yenə də torpaqlarımızın işğalda qalma müddəti 30 il davam etdi...

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Yalnız 1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılması barədə dörd qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin gördüyümüz kimi bu qətnamələrə də Ermənistan tərəfindən əməl edilməsi təmin olunmadı. Buna görə də Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsi bu günə qədər uzandı. Artıq məlum idi ki, Azərbaycan öz torpaqlarını yalnız öz gücünə azad edəbiləcək. Lakin əvvəlcə bu gücə sahib olmaq lazım idi. Elə 1993-cü ildən bəri Azərbaycan dövlətinin bütün siyasəti də məhz buna istiqamətlənmişdi. Xüsusilə son 17 il ərzində, Ölkə Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dünyada siyasi nüfuzunu yüksəltmək, iqtisadi gücünü, hərbi qüdrətini artırmaq istiqamətində indiyədək misli görünməmiş böyük uğurlar əldə etmişdir. İlk növbədə bütün illər ərzində möhtərəm dövlət başçımız tərəfindən davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, insanların sosial-məişət problemlərinin həlli və yaşam səviyyələrinin yüksəldilməsi yönümündə qəbul edilən regional inkişaf proqramları, həyata keçirilən siyasi islahatlar, korrupsiya ilə mübarizə tədbirləri – bir sözlə bütün istiqamətlərdə ilk növbədə məhz sadə vətəndaşın maraqlarının diqqətə alınması bu gün Azərbaycanda xalq-iqtidar birliyini həqiqətən də sarsılmaz etmişdir. Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu artırmışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından vacib tərəfdaş ölkəyə çevrilmişdir. Bu gün Cənubi Qafqaz regionunda heç bir əhəmiyyətli beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Dünyanın ən aparıcı ölkələri Azərbaycanla əməkdaşlıqda, nəhəng şirkətlər isə ölkəmizə investisiya qoyuluşunda maraqlıdırlar. Bütün bunlar isə Azərbaycanın iqtisadi inkişafını və güclənməsini təmin edir. Həmçinin Azərbaycan bu gün bir çox nüfuzlu qurum və təşkilatların fəal üzvüdür. Bilirsiniz ki, Ölkə Prezidenti cənab İlham Əliyev 2019-cu ildən 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bunlar da Azərbaycana öz həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq imkanı verir. Mən burada bir daha öz şəxsi təcrübəmə istinad etmək istərdim Məsələ bundadır ki, mən həm də Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının Azərbaycan Nümayəndə heyətinin rəhbəriyəm. 2017-ci ildə Fizuli rayonunun Alxanlı qəsəbəsində 14 aylıq körpə Zəhra və nənəsi ermənilərin növbəti hücumunun qurbanı olmuşdular. Həmin vaxt bizim nümayəndə heyəti Assanbleyanın növbəti toplantısında idi. Mən gecəylə Azərbaycanın Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb həmin uşağın şəklini mənə göndərmələrini xahiş etdim. Assambleyanın iclası başlayan kimi söz istədim. İclasda 20-25 dövlətin nümayəndəsi var idi. Orada mən erməni təcavüzündən danışdım. Şəkli hamıya bir-bir göstərib bu uşağın nə günahı var, deyə soruşdum. Heç kimdən səs çıxmadı. Dedim ki, bu uşağın tək günahı azərbaycanlı olmağıdır. Ermənilər uşaq, yaşlı baxmadan azərbaycanlılara qarşı təcavüz törədir. Erməni nümayəndələri qarşı çıxdılar ki, guya bu hadisəni qarabağ erməniləri törədir. Məlum məsələdir ki, qarabağ ermənilərinin bu cür silahı, əsgəri yox idi onlar özləri vurmuşdu. Etiraf edək ki, torpaqlarımızın uzun müddət işğalda qalmasının bir əsas səbəbi də məhz dünyaya öz sözümüzü demək imkanlarımızın olmaması olub. Lakin Prezident İlhyam Əliyevin ciddi səyləri sayəsində bu gün artıq bu problem də öz həllini tapıb.

Beləliklə, işğaldan keçən otuz il ərzində Azərbaycan bugünkü qələbəmizin möhkəm və etibarlı əsaslarını hazırlayıb. Buna görə də ermənilərin beş ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri əraziləri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz cəmi 44 günə azad etdi.

- Eldar müəllim, həqiqətən də qələbəmiz çox möhtəşəm oldu. Necə düşünürsünüz, bu qələbəni Azərbaycanın eyni zamanda həm hərbi, həm də siyasi müstəvidə qələbəsi adlandıra bilərikmi?

- Buna qətiyyən heç bir şübhə ola bilməz. Bunu xüsusilə qeyd etmək lazımdır ki, bütün bu 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyev eyni zamanda həm savaş meydanında gedən hərbi əməliyyatlara rəhbərlik edir, həm də özü təkbaşına siyasi-diplomatik müstəvidə gərgin mübarizə aparırdı. Dünyada olan bir çox ermənipərəst qüvvələrin ölkəmizə təzyiqlərinin qarşısının alınması, dünyanın 35 ən aparıcı informasiya vasitələrinə verilən müsahibələrdə təxribat xarakterli sualların müəyyən edilərək onların məntiqli şəkildə cavablandırılması və əsil həqiqətlərin növbəti dəfə ört-basdır olunması cəhdlərinin puça çıxarılması, sonda hətta Fransa, ABŞ, Rusiya və erməni lobbisinin güclü təsirə malik olduğu digər ölkələrin KİV-lərində belə erməni vandalizminin qınanmasına nail olunması – bütün bunlar sözsüz ki, birmənalı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsən nail olduğu möhtəşəm nəticələrdir. Məhz Ali Baş Komandanımızın polad iradəsi və sarsılmaz qətiyyəti Şanlı Azərbaycan Ordusunu da döyüş meydanında ruhlandırır və düşmənə sarsıdıcı zərbələr vurmasını təmin edirdi. Beləliklə, noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin ildırım sürətli həmləsi ilə əldə edildi. Nəhayət düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. Bilirsiniz ki, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Sözsüz ki, belə bir təsisatın yaradılması böyük əhəmiyyət daşıyır. Bu mərkəzdə sülhün qarantı kimi Türkiyə və Rusiya hərbçiləri birgə fəaliyyət göstərəcəklər. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Bununla da digər qüvvələrinproseslərə müdaxilə etməsi ehtimalı aradan qalxır. Bu o deməkdir ki, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə fəaliyyət göstərəcəklər. Amma təəssüflər olsun ki, bu gün bəzi qüvvələr bu anlaşmanın əhəmiyyətini azaltmaq, hətta mahiyyətini təhrif etmək istəyirlər. Belə ki, bu gün sosial mediada həmin qüvvələr Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə qərəzlidon geyindirməklə ictimai rəyi azdırmağa çalışırlar. Halbuki, bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi bazasının yaradılmasıı kimi qiymətləndirilə bilməz. Bu, yalnız bölgədə məhdud sayda sülhməramlı hərbçinin mövcudluğu deməkdir. Digər tərəfdən isə Kəlbəcər, Ağdam və Laçın rayonlarından ermənilərin hərbi əməliyyatlar aparılmadan çıxarılması ordumuzun daha az itki verməsi və bu uğurumuzun da sırf siyasi-diplomatik qələbə kimi əldə olunması anlamına gəlir. Həmçinin toxunmaq istədiyim daha vacib bir məqam da imzalanmış üçtərəfli bəyannamədə Naxçıvana kommunikaiya xətlərinin, İran ərazisinə keçmədən nəqliyyat yollarının çəkilməsini nəzərdə tutan bəndin əlavə olunmasıdır. Aydındır ki, bu şərt Qarabağ üzrə gedən danışıqlarda heç zaman rol oynamamışdır və bu yeni sənədə birbaşa Prezident İlham Əliyevin tələbi ilə əlavə olunmuşdur. Bu isə, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir məqamdaır.
Sonda bunu da deməliyəm ki, hərbi əməliyyatların davam etdiyi dövrdə bizə xüsusi dəstək verən ölkələr, o cümlədən Pakistan, İsrail, Ukrayna və İran dövlətlərinin həm hökumətləri, həm də xalqları Azərbaycana qarşı əsil dostluq münasibətlərini nümayiş etdirdilər.

Qardaş Türkiyəyə gəlincə isə hərbi əməliyyatların gedişi zamanı bu ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək xüsusilə yüksək qiymətləndirilməlidir. Az öncə də qeyd etdiyim kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bəri apardığı son dərəcə uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan bir ölkəyə çevrilmişdir. Bütün dünyada Azərbaycanın dostlarının sayı durmadan artır. Lakin bu dostların sırasında qardaş Türkiyənin yeri əlbəttə ki, ayrıdır və xüsusilə önəmlidir. Cənab Ali Baş Komandanımızın da da dediyi kimi, bu qələbə bizim müştərək qələbəmizdir və Türkiyə-Azərbaycan birliyinin təsdiqidir.
Mən bir daha başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün xalqımızı bu tarixi qələbə münasibətilə ürəkdən təbrik edirəm!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

- Eldar müəllim, ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm, çox sağ olun.

Azər Məmmdov
Geri dön